"Azərbaycanın sayəsində qlobal iqlim həmrəyliyi geosiyasi parçalanmanı üstələdi"

17:19 - 28 Noyabr 2024

BMT-nın Bakıda iki həftə davam edən COP29 konfransı uğurla başa çatdı. Bakıda planetimizin xilası naminə yeni tarixi razılaşmalar və qərarlar qəbul edildi.


Bir çox ekspertlər hesab edirdilər ki, Azərbaycanın COP29-un sədri olaraq müəyyən etdiyi ambisiyalı iqlim maliyyəsi kimi çox mürəkkəb bir vəzifənin öhdəsindən gəlməsi çətin (mümkünsüz) olacaq.

Əslinə baxanda onlar haqsız da deyildilər. Birinci ona görə ki, Konfransa hazırlıq, dünya ölkələri və beynəlxalq təşkilatlarla danışıqlar aparmaq üçün Azərbaycanın çox az vaxtı, cəmi 11 ayı vardı. Exspertlər həm də onu nəzərə alırdılar ki, 2015-ci ildə Paris Sazişinə əsasən iqlim dəyişikliyinin təsirinin azaldılması və uyğunlaşma məqsədilə hər il ödənilməli olan 100 milyard dollarlıq maliyyə hədəfinə 7 il gecikmə ilə, yalnız 2022-ci ildə çatmaq mümkün olmuşdu. Digər tərəfdən, geosiyasi qütbləşmənin və parçalanmanın dərinləşməsi, Qlobal Şimal və Qlobal Cənub arasında fikir ayrılığı, qarşılıqlı ittihamlar və günahlandırmalar Bakının qarşıya qoyduğu yeni iqlim maliyyəsi hədəfinə xeyli maneələr yaradırdı. Bütün bu, obyektiv çətinliklərə bir də ölkəmiz, o cümlədən COP29 əleyhinə aparılan qarayaxma və gözdənsalma kampaniyasını da əlavə etsək, onda görərik ki, dövlətimiz hansı çağırışların və vəzifənin öhdəsindən gəlməli oldu.

Bütün bunları dərindən təhlil edən hörmətli Prezidentimiz cənab İlham Əliyev çox dəqiq, ağıllı və nəticəyönümlü strategiya müəyyən etdi. Strategiyaya əsasən Azərbaycan elan etdi ki, iqlim dəyişikliyi ilə bağlı qarşılıqlı ittihamlara və günahlandırmalara son qoyulması, bütün Tərəflərin planetimizin xilası naminə birgə səylə çalışması, müəyyən etdiyi yeni iqlim maliyyəsi hədəfinə nail olunması üçün Qlobal Şimalla Qlobal Cənub arasında körpü rolunu oynamağa, az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrə, o cümlədən kiçik ada dövlətlərinə yeni imkanlar yaratmağa, bir sözlə, dünyanı birləşdirməyə hazırdı. Görün, Azərbaycan və onun Lideri nə qədər çətin, çətin olduğu qədər nəcib və bəşəri bir missiyanı üzərinə götürdü və bu tarixi missiyanın öhdəsindən layiqincə gəldi.

Azərbaycanın COP29-a ev sahibliyi etməsi, əldə etdiyi uğurlu nəticələr, qəbul olunan qərarlar, ölkəmizin təşkilatçılıq qabiliyyəti, qonaqpərvərliyi, Bakının füsunkar gözəlliyi, zəngin mədəniyyətimiz və mətbəximiz haqqında demək olar ki, dünyanın bütün ölkələri, mediası xoş sözlər dedilər (hətta, bəzi bədxahlarımız belə bunları etiraf etməyə məcbur oldular), ağızdolusu danışdılar. Hər dəfə bu repoprtajlara baxanda sevinc və qürur hissi keçirirdik, ölkəmiz və dövlətimizlə fəxr edirdik.

COP29-un nəticələri haqqında ümumiləşdirmə aparmamışdan öncə istərdim ki, bu tarixi konfransın əhəmiyyəti barədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin və ABŞ-ın Prezidenti cənab Co Baydenin söylədiklərindən qısa xatırlatmalar edim.

Azərbaycanın Prezidenti cənab İlham Əliyev: “Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək. Biz 80 dövlət və hökumət başçısının, 196 ölkədən qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq. Biz, karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail olduq. Ən əsası, Bakı COP 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) şahidi oldu. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək. COP29-da İtki və Zərər Fondu tam işlək vəziyyətə gətirild. Mən Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirirəm. COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və mən inanıram ki, bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək. Mən COP29-a gedən yolda Azərbaycana göstərdikləri dəstəyə görə bütün Tərəflərə, Birləşmiş Millətlər Təşkilatına və UNFCCC-yə minnətdarlığımı bildirirəm”.

ABŞ-ın Prezidenti cənab Co Bayden: “ Bu nəticənin əldə edilməsində əməyi olan tərəfləri və COP29-un sədrliyini təbrik edirəm. Qarşıda iqlim hədəflərimizə çatmaq üçün hələ çox iş var. Lakin bu gün əldə edilən nəticə bizi məqsədimizə doğru daha bir əhəmiyyətli addım yaxınlaşdırır. Amerika xalqı və gələcək nəsillər adından biz planetimizi daha təmiz, daha təhlükəsiz və sağlam etmək üçün işimizi sürətləndirməliyik. COP29 Azərbaycanın beynəlxalq iqlim siyasətində fəal rolunu bir daha nümayiş etdirdi və qlobal müzakirələrin mərkəzinə çevrildi. Tədbirin yekun nəticələri, yeni iqlim təşəbbüsləri və onların dünya ölkələrinə təsiri geniş müzakirələrə səbəb olub. Bu konfrans Azərbaycan üçün təkcə ətraf mühit məsələlərində deyil, həm də beynəlxalq siyasətdə öz mövqeyini gücləndirmək baxımından əlamətdar hadisə kimi tarixə düşdü ”

Əslinə baxanda hər iki Prezidentin verdiyi bu cür obyektiv və ədalətli dəyərləndirmədən sonra COP29-un nəticələri haqqında çox danışmağa ehtiyac qalmır, lakin düşünürəm ki, konfransda əldə edilən qərar və gəlinən nəticələrin bəzilərini qısa şəkildə qeyd etməkdə fayda var.

Birinci onu deyim ki, BMT-nin sözü gedən mötəbər konfransında Bakının adı ilə bağlı 10-dan çox beynəlxalq əhəmiyyətli qərar, təşəbbüs, çağırış qəbul edildi və bir sıra istiqamətlərdə yeni koalisiyalar yaradıldı və bütün bunların hamısı Bakı adı ilə tarixə düşdü. Bu isə o deməkdir ki, uzun illər dünya ölkələri və beynəlxalq təşkilatlar Bakı ilə başlayan qərarlara və təşəbüslərə istinad edəcək və ondan faydalanacaqlar. Bu isə ölkəmizin uğurlarının daim xatırlanması və xatırladılması deməkdir.

Bunlardan ən əsası: COP29-da “Bakı Maliyyə Məqsədi” qəbul edildi və bu sənəd 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsinin təmin edilməsi üçün yeni qlobal hədəf müəyyənləşdirdi. Bura əvvəlki 100 milyard ABŞ dolları həcmində hədəfi üç dəfə üstələyən ilə 300 milyard ABŞ dolları həcmində yeni illik maliyyə hədəfi daxildir. Eyni zamanda BMT çərçivəsində yüksək inteqrasiya edilmiş karbon bazarlarına dair 6-cı maddə üzrə 10 il davam edən danışıqlar Bakıda yekunlaşdı və karbon bazarlarından maliyyə axınları 2050-ci ilə qədər ildə 1 trilyon ABŞ dollarına çatması hədəfləndi.

Bundan başqa, “İqlim Maliyyəsi, İnvestisiya və Ticarət üzrə Bakı Təşəbbüsü”, “İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsü”, “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü”, “İqlim və Səhiyyə üzrə Davamlılıq Koalisiyası” təsis edildi, habelə “Enerji üzrə öhdəliklər”, “COP29 Yaşıl Rəqəmsal Fəaliyyət Bəyanatı”, “Üzvi Tullantılardan Metanın Azaldılmasına dair Bakı Bəyannaməsi”, “Davamlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Yollarına dair Bakı Bəyannaməsi”, “Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Bakı Bəyannaməsi”, “İqlim Fəaliyyəti naminə COP29 Bəyannaməsi” və digər mühüm sənədlər qəbul edildi.

Əminəm ki, Azərbaycan 2025-ci ilin noyabrına kimi COP29-un sədri və sonrakı illərdə “COP Troykası”nın üzvü olaraq Bakıda qəbul olunmuş qərarların və əldə edilmiş razılaşmaların icrası, bir sıra təşəbbüslərin institutlaşması istiqamətində missiyasını və qlobal liderliyini uğurla davam etdirəcək.

Sonda isə Azərbaycanın beynəlxalq nüfuzunu və etimadını dəfələrlə artıran belə bir tarixi nailiyyət və qlobal iqlim liderliyi münasibətilə hörmətli Prezidentimiz cənab İlham Əliyevi, COP29 üzrə Təşkilat Komitəsini, bu uğurda payı olan hər kəsi və bütövlükdə xalqımızı ürəkdən təbrik edirəm.

Azay Quliyev

Millət vəkili


Xəbər xətti

27 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin