Türkiyə ilə Azərbaycan arasında saziş imzalandı

22:22 - 15 Noyabr 2024

Türkiyə ilə Azərbaycan arasında saziş imzalandı

BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflərin 29-cu Konfransında (COP29) iştirak etmək üçün Bakıya gələn Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Azərbaycanın Turizm Agentliyinin sədri Fuad Nağıyev ilə görüşüb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, Ersoy COP29-un uğurlu təşkilinin dünya miqyasında rezonans doğurduğunu qeyd edərək Azərbaycanı təbrik edib.

Türkiyə ilə Azərbaycan arasında turizm əlaqələrinin yaxşı potensiala malik olduğunu qeyd edən Ersoy əlaqələrin daha da inkişaf etdirilməsinin və qarşılıqlı turist səfərlərinin artırılmasının vacibliyini vurğulayıb.

“Turizm təcrübəmizi qardaş Azərbaycanla bölüşməyə hazırıq”, - Ersoy deyib. O, Türkiyənin turizm sahəsində yaxşı təcrübəyə malik olduğunu bildirib.

F.Nağıyev Türkiyənin COP29-da yüksək səviyyədə və fəal iştirakından məmnunluğunu ifadə edib.

“Əlaqələrimizi daha da inkişaf etdirməyə hazırıq, Türkiyənin turizm təcrübəsindən yararlanmaq istəyirik”, - F.Nağıyev Ersoya Bakıya səfərinə görə təşəkkür edərək deyib.

Görüşdən sonra Mehmet Nuri Ersoy və F.Nağıyev “Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş” imzalayıblar.


Xəbər xətti

16 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin