Bayden Azərbaycana təşəkkür etdi
24 Noyabr 2024
20:24 - 13 Noyabr 2024
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yüksək səviyyədə keçirilməsi müxtəlif ölkələri təmsil edən qonaqlar, rəsmi şəxslər, media nümayəndələri və ekspertlərlə yanaşı, dünya liderləri tərəfindən də qiymətləndirilir, tədbirlərin səviyyəsindən məmnunluq ifadə olunur.
Manset.az Trend-ə istinadən xəbər verir ki, yüksək səviyyəli rəsmi nümayəndələr COP29 çərçivəsində keçirilən plenar iclaslarda, eləcə də digər tədbir və görüşlərdə, müsahibələrdə Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətini, qonaqpərvərliyini və peşəkarlığını təqdir edir, COP29 danışıqlarının uğurla nəticələnəcəyinə ümidvarlıqlarını bildirirlər.
COP29-un plenar iclasında çıxış edən Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Bakıda iqlim sammitinin uğurla keçirilməsi münasibətilə Əziz Qardaşım adlandırdığı Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. Pakistan hökumətinin başçısı əminliklə bildirib ki, COP29 mütləq tarixə düşəcək.
Misir Ərəb Respublikasının Baş naziri Mustafa Mədbuli yüksək təşkilatçılığa görə Azərbaycana təşəkkür edib və uğurlar arzulayıb. Hökumət başçısı iqlim maliyyələşməsinin vacibliyi vurğulayaraq, ölkəsinin bu istiqamətdə gördüyü işlərdən danışıb.
İtaliyanın Baş naziri xanım Ciorcia Meloni Azərbaycanı sülh naminə iqlim təşəbbüsünün bir hissəsi kimi qiymətləndirilən COP29-un Prezidenti kimi görməkdən çox məmnun olduğunu bildirib və COP29-un təşkilinə görə ölkəmizə təşəkkürünü ifadə edib.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze də yüksək təşkilatçılıq səviyyəsinə görə Azərbaycan Prezidentinə dərin minnətdarlığını bildirib. COP-un Qafqazda ilk dəfə ölkəmizdə keçirildiyini xüsusi vurğulayan Baş nazir bu mötəbər beynəlxalq tədbirə peşəkarlıqla ev sahibliyi edən Azərbaycana uğurlar arzulayıb.
Konqo Demokratik Respublikasının Baş naziri Cudit Suminva Tuluka Bakının bütün bəşəriyyət üçün belə mühüm tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycana və şəxsən dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirib. "Ola bilsin ki, yalnız gələcək nəsillər bu gün burada etdiklərimizin və müzakirə etdiyimiz məsələlərin tam mənasını anlayacaqlar. Amma, ilk növbədə, biz nəticələr əldə etməliyik", - deyən Baş nazir COP29-un mühüm əhəmiyyətini bir daha vurğulayıb.
Moldovanın Prezidenti Maya Sandu da çıxışında COP29-un Bakıda keçirilməsinə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirib.
Dünya liderlərinin inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammitində çıxış edən rəhbər şəxslər də COP29-un təşkilinə görə Azərbaycana minnətdarlıq ifadə edib, iqlim dəyişmələrinin böyük fəlakətlərə səbəb olduğu bu ölkələr üçün iqlim maliyyələşməsinin və uğurlu danışıqların əhəmiyyətini vurğulayıblar. Onlar COP29 çərçivəsində kiçik ada dövlətlərinin problemlərinin müzakirə olunduğu yüksək səviyyəli tədbirin təşkilinin önəmini xüsusilə qeyd ediblər.
Sakit Okean Adaları Forumunun sədri, Tonqa Krallığının Baş naziri Siaosi Sovaleni sammitdəki çıxışında səmimi qonaqpərvərliyə və kiçik Okeaniya ölkələrinin problemlərini və mövqeyini dünya ictimaiyyətinə çatdırmaq imkanına görə Azərbaycan Prezidentinə və xalqına minnətdarlıq edib.
Millətlər Birliyi təşkilatının (Commonwealth) Baş katibi Patrisia Skotlend Azərbaycan Hökumətinin və "Azərkosmos"un təmsil etdiyi təşkilatla imzaladığı iki memoranduma görə təşəkkürünü bildirib.
Qrenadanın Baş naziri, Karib Ölkələri Birliyinin (CARICOM) sədri Dikon Mitçell COP29-un "Yaxşı COP" kimi yadda qalacağına əminliyini bildirib.
Yaşıl İqlim Fondunun (Green Climate Fund) icraçı direktoru Mafalda Duarte rəhbərlik etdiyi fonda əlçatanlığın təmin olunması istiqamətində ciddi tədbirlər gördüklərini bildirib.
İtki və Zərərlərə Cavab Fondunun icraçı direktoru İbrahima Şeyx Dionq Fondun fəaliyyətə başlamasında Azərbaycanın liderliyini vurğulayıb və ölkələr tərəfindən yeni maliyyə öhdəliklərinin götürüldüyünü diqqətə çatdırıb.
Xatırladaq ki, noyabrın 13-də COP29 çərçivəsində iqlim dəyişmələrindən ən çox əziyyət çəkən kiçik ada dövlətlərini dəstəkləmək məqsədilə "Kiçik ada dövlətlərinin səslərinin gücləndirilməsinə dair Bakı Bəyannaməsi" qəbul olunub. Bəyannamənin qəbul edilməsi COP29 Azərbaycan sədrliyinin növbəti uğurudur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin