COP29-da birinci xanımların iştirakı ilə “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfrans keçirilib

20:55 - 12 Noyabr 2024

COP29-da birinci xanımların iştirakı ilə “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfrans keçirilib

Noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Yaşıl Zonada “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfrans təşkil olunub.

 

Manset.az xəbər verir ki, konfransda Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Qırğız Respublikasının birinci xanımı Aygül Japarova, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd Əl-Malik, Birləşmiş Millətlər Təşkilatının Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçan, BMT-nin Uşaq Fondunun (UNICEF) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Regina De Dominikis iştirak ediblər.

Tədbirin əsas məqsədi Mərkəzi Asiya və türkdilli dövlətlərin iqlim dəyişikliyinə qarşı mübarizəyə verdiyi önəmi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq və bu dövlətlərin gənclərini iqlim gündəliyinə cəlb etməklə beynəlxalq öhdəliklər istiqamətində görülən tədbirləri təqdim etməkdir.

Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Qırğız Respublikasının birinci xanımı Aygül Japarova və Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan konfransda çıxış ediblər.

Sonra Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva konfransda çıxış edib:

Hörmətli Birinci xanımlar.

Hörmətli qonaqlar.

Əziz gənc iştirakçılar.

Xanımlar və cənablar.

Əvvəlcə, Sizi Azərbaycanda salamlamaq, sizin hamınıza möhkəm cansağlığı arzulamaq və COP29-da təmsil etdiyiniz ölkələrə sülh və əmin-amanlıq diləmək istərdim.

“Gənclər iqlim fəaliyyətinin ön cərgəsində” panelimizin elə adının özündən məqsəd bəllidir. Son tədqiqatlara görə, dünya gənclərinin 60 faizdən çoxu iqlim dəyişmələrini təxirəsalınmaz məsələ hesab edir.

Ümid edirəm ki, COP29 çərçivəsində əməkdaşlıq, təcrübə mübadiləsi, gənc nəsil tərəfindən birgə layihələrin müəyyənləşdirilməsi üçün platformanı yaratmaq imkanımız olacaq.

Mən COP29-da iştirak edən və qayğı ilə yanaşan bütün gəncləri, ekofəalları, gənclər təşkilatlarının bütün nümayəndələrini salamlayıram.

Mən Sıfır Atık Fondunun yaradılmasında təşəbbüs göstərmiş və ətraf mühitin, eləcə də mədəni irsin qorunmasına yönələn layihələrə şəxsən töhfə vermiş Türkiyə Respublikasının birinci xanımına təşəkkürümü bildirirəm.

2024-2030-cu illərə aid iqlim gündəliyində uşaqların və gənclərin iştirakını, o cümlədən dayanıqlı inkişafı təşviq etmək məqsədilə ötən il Mərkəzi Asiya Strategiyasının qəbul edilməsi ilə nəticələnən təşəbbüsünə görə Özbəkistanın səylərini yüksək dəyərləndirirəm.

Mən bu cür mühüm mərama şəxsən himayədarlıq etmiş Özbəkistanın birinci xanımı Ziroatxon Mirziyoyevaya təşəkkürümü bildirmək istərdim.

Mən ətraf mühit gündəliyi barədə maarifləndirmənin artırılmasında, həmin gündəliyə gənclərin qoşulmasında oynadığı fəal rola və iştirakına görə Qırğızıstanın birinci xanımına minnətdaram.

Əziz dostlar, COP29 ölkəsi seçilmək bizim üçün böyük şərəfdir. Biz fərəhlənirik ki, Cənubi Qafqazda, Mərkəzi Asiyada və daha geniş regionda ilk COP konfransı məhz Azərbaycanda keçirilir.

Dünya biosferin çirklənməsi, içməli suyun qıtlığı, tez-tez baş verən quraqlıq və ərzaq təhlükəsizliyində artan risklər kimi ciddi ətraf mühit çağırışları ilə üz-üzədir. Bizim ölkəmiz də istisna deyil. Biz çay sularının, Xəzər dənizinin səviyyəsinin azalmasını müşahidə edirik və su qıtlığı təhlükəsi ilə üzləşirik.

Mən qeyd etmək istərdim k, qlobal istixana tullantılarının 0,1 faizi Azərbaycanın payına düşür. Biz havaya tullantıların azaldılması və təmiz enerjiyə keçidin həyata keçirilməsi kimi milli hədəflərimizə doğru gedirik. Bərpaolunan enerji sahəsində əldə edilən nailiyyələtlərin cari tempi ilə, biz 2027-ci ilə qədər quraşdırılan güclərimizin 32 faizə çatacağını, 2030-cu ilə qədər 30 faizlik azalma kimi ilkin hədəfə üç il əvvəl nail olacağımızı gözləyirik.

Biz, həmçinin Ermənistanın işğalından azad olunmuş Qarabağ və Şərqi Zəngəzur regionlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında 2050-ci ilə qədər “xalis sıfır atılmalar zonası”nın yaradılmasına diqqət yetiririk. Əsasən Günəş və külək enerji layihələri ilə bağlı artıq fəal iş aparılır. Yaşıl enerjinin istehsalı və ixracı Azərbaycanın enerji strategiyasında prioritet təşkil edir.

Uzun müddətdir ki, iqlim fəaliyyəti beynəlxalq arenada ən vacib və prioritet məsələlərdən biridir. Atılmış addımlara baxmayaraq, bəşəriyyətin üzləşdiyi çağırışlar və təhdidlər günbəgün daha da ciddiləşir. Bunu nəzərə alaraq, qlobal məsələlərin həllində tətbiq olunan yanaşma və üsullara yenidən baxılması vaxtı yetişib. Bu gün, mən açıq və düzgün qeyd olunmalı digər mühüm mövzuya toxunmaq istəyirəm: riyakarlıq və ikili standartlar beynəlxalq ətraf mühit gündəliyində aydın görünür.

COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycan ətraf mühit məsələlərindən xeyli uzaq olan mülahizələr hesabına ədalətsiz hücum dalğası, yalan hekayətlər və ikili standartlar ilə üzləşib.

Azərbaycan COP29-a ev sahibliyi etmək öhdəliyini üzərinə götürməklə, Qlobal Cənub və Qlobal Şimal, eləcə də inkişaf etmiş və inkişaf edən ölkələr arasında körpülər salmağa çalışır. Məqsədimiz bu məsələnin həllinə verdiyimiz töhfəni ortaq gələcəyə verəcəyimiz töhfəyə çevirməkdən ibarətdir. Bununla belə, bəzi hallarda dəstək vermək və konstruktiv dialoq aparmaq əvəzinə, biz çoxsaylı qərb mətbuatında böhtan və qarayaxma kampaniyalarının hədəfinə çevrilmişik. Məlumdur ki, həmin media əvvəlcədən cızılmış ssenariyə uyğun getməyən və ya qoyulmuş qaydalarla oynamayan, müstəqil siyasət yürüdən və öz milli maraqlarını qoruyan ölkələri gözdən salmaq üçün alətə çevrilib. Müəyyən ölkələrin təsiri altında olan bəzi iri media platformaları əmr ilə Azərbaycan haqqında mənfi hekayətləri yaymağa başlayırlar.

Əslində, bəs bunun arxasında dayanan nədir? Bu cür çirkin kampaniyanın sponsorları hansı məqsədləri güdürlər? Əslində, biz cavabı bilirik.

Vətəndaşlarımızın öz ölkəsini beynəlxalq səhnədə ədalətli və düzgün şəkildə təmsil etmək hüquqları var. Onların Azərbaycanın müstəqil mövqeyini təhdid kimi görən dairələrin təzyiqinin və manipulyasiyanın qurbanına çevrilməmək hüququ var.

Nailiyyətlərimiz və işimiz bəzi dövlətlərin geosiyasi maraqları uğrunda səhv təsvirə deyil, hörmətə layiqdir.

Riyakarlıq, həmçinin müxtəlif ölkələr tərəfindən öz iqlim öhdəliklərinə necə yanaşmasında özünü büruzə verir.

Əsrlər boyu çirklənmənin əsas mənbəyi və sərvətlərin məsuliyyətsiz istehlakçısı olmuş inkişaf etmiş ölkələr hazırda sərt hakim rolunda çıxış edir. Onlar hamı üçün sərt məhdudiyyətləri təşviq edir və eyni zamanda, öz siyasətində iddialı məqsədlərini güdür, öz maraqları uğrunda işini davam etdirir. Onlar digər ölkələrdən transformasiyanı tələb edir, lakin bununla belə, maliyyə və ya texnoloji baxımdan yardım etməyə tələsmirlər.

Azərbaycan manipulyasiya və təzyiq deyil, səmərəli fəaliyyət, real həll variantları və ədalətli əməkdaşlığı arzulayan ölkədir.

Biz platformamızdan elə istifadə etmək istəyirik ki, qlobal koalisiya yaransın və orada hər ölkənin - böyük və ya kiçik, inkişaf etmiş və ya inkişaf edən ölkənin mövqeyi, haqqı ədalətli şəkildə qəbul edilsin.

Yalan hekayətlər və riyakarlıq nəinki reallığı səhv göstərir, o cümlədən ədalət və düzgünlük, ləyaqət və məsuliyyət kimi fundamental konsepsiyaları sual altına qoyur.

Səhv informasiyanın yayılmasında, ölkələrə qarşı qarayaxma kampaniyaların aparılmasında mediadan istifadə həmin ölkələrə o qədər zərər vurmur, nəyinki mənəvi dəyərlərin mahiyyətini dəyərsizləşdirir, etimadı zəiflədir və parçalanma yaradır.

Mən bütün iştirakçılara üz tutaraq istəyirəm onlar yadda saxlasınlar ki, COP29 siyasi hücumlar arenası deyil. O, iqlim böhranı qarşısında hamımızın birləşdiyi məkandır.

Yalnız ədalətli əməkdaşlıq və real tədbirlərə hazırlıq bizi uğura aparacaq.

Əziz dostlar, yekun olaraq, mən növbəti konfransların təşkilinə gəldikdə təkliflə çıxış etmək istərdim. Təklif edirəm ki, gələcəkdə konfransların onlayn formatda keçirilməsi imkanı araşdırılsın. Bu yanaşma nəinki ciddi şəkildə vəsaitlərə qənaət edəcək, o cümlədən uçuşlar və böyük tədbirlər nəticəsində yaranan atılmaları, həmçinin ətraf mühitə təsiri azaldacaq.

İşçi qruplar təfərrüatlı müzakirələr və əlaqələndirmə üçün şəxsən görüşə bilərlər. Lakin rəhbərlərin sammitləri videokonfrans formasında keçirilə bilər.

Bu, bizə resursları, səyləri və vaxtı hədəflənmiş məsələlərə yönəltmək imkanı yaradacaq və prosesi ətraf mühit baxımından daha uyğun edəcək.

Diqqətinizə görə minnətdaram.

X X X

Daha sonra Azərbaycan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandan olan gənc ekofəalların təqdimatları olub.

Təqdimatlarda iştirakçı ölkələrin ekoloji problemləri və irəli sürdükləri təşəbbüslər nümayiş etdirilib.

Konfransda 2024-2030-cu illər üçün nəzərdə tutulan “Mədəni inkişafın təşviqi və uşaqların, gənclərin iqlim gündəliyinə cəlb edilməsi üzrə Beynəlxalq Strategiya”nın imzalanması mərasimi olub.

Çıxışlardan sonra birgə foto çəkdirilib.

Konfransdan sonra ali qonaqlar Yaşıl Zonada Heydər Əliyev Fondunun və Türkiyənin Sıfır Atık Fondunun birgə pavilyonu - COP29-da Həmrəylik Mərkəzini ziyarət ediblər.

Pavilyonda Heydər Əliyev Fondunun ətraf mühitin qorunması üzrə təşəbbüsləri təqdim olunub. Təhsil, səhiyyə və sosial sahələrdəki layihələrlə bağlı interaktiv zona yaradılıb. Sıfır Atık Fondu isə bu platformada resurs səmərəliliyi, tullantıların idarə olunması və təkrar emal sahəsindəki layihələrini, ətraf mühitin qorunması üzrə maarifləndirmə istiqamətindəki proqramlarını və innovativ həllərini təqdim edir.

Pavilyona ziyarət zamanı birinci xanımlar Şamaxı rayonunda gənclərin və könüllülərin iştirakı ilə keçirilən ağacəkmə aksiyasını bağlantı vasitəsilə izləyiblər. Aksiya zamanı ətraf mühitin qorunmasına töhfə olaraq 10 mindən çox şam ağacı əkilib.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin