Hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ
25 Noyabr 2024
20:26 - 8 Noyabr 2024
Meşələr iqlim dəyişikliyi təsirlərinin azaldılması və karbon balansının tənzimlənməsində əsas ekosistemlərdən biridir. Hesablamalar görə 1 ha meşə sahəsi il ərzində 10-20 ton karbon qazı udaraq əvəzində oksigen ixrac edir.
Manset.az xəbər verir ki, Azərbaycanın Kür və Araz çaylarının sahil zolaqlarında yayılan Tuqay meşələri biomüxtəlifliyin qorunması və inkişafı, eləcə də atmosferdə karbon emissiyasının azaldılması potensialı ən yüksək olan meşələrdir. Təəssüf ki, həmin meşələr uzun müddət ciddi mühafizə edilmədiyindən, eləcə də illər boyu əkin sahələrinin genişləndirilməsi, yanacaq məqsədilə qırılması, Kür çayının hidroloji rejiminin dəyişməsi və digər amillər səbəbindən xeyli azalmış, seyrəlmiş, ağacların cins tərkibi əhəmiyyətli dərəcədə dəyişmiş, bir çox növlər itmiş və ya məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdır. Bütün bunlar Tuqay meşə ekosisteminin bərpası istiqamətində müxtəlif tədbirlərin həyata keçirilməsini zəruri edir.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə QHT-lər üçün həyata keçirilən “COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsinə “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən təqdim olunmuş “Tuqay meşələrinin karbontutma potensialının qiymətləndirilməsi, meşə ekosisteminin bərpası” layihəsi çərçivəsində noyabrın 7-də Hacıqabul rayonu ərazisində Tuqay meşə ekosisteminin bərpası aksiyası keçirilib. RİİB könüllüləri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin əməkdaşlarının iştirak etdiyi aksiyada rayonun Meyniman kəndində 1,5 hektar ərazidə Tuqay meşəsinə aid 1800 ədəd ağac tingi, eləcə də Abdulabad kəndində 20 sot ərazinin mühafizəsi təşkil olunmaqla 200-dən çox müxtəlif nəsli kəsilməkdə olan ağac növləri əkilmişdir.
Qeyd edək ki, meşə ekosisteminin bərpası aksiyası Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və noyabr ayında ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar keçirilən çoxsaylı tədbirlərə dəstək məqsədi daşıyır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin