“Veysəloğlu”nun tərəfdaşlığı ilə ADA İbtidai Məktəbində xeyriyyə festivalı keçirildi

12:30 - 2 Noyabr 2024

“Veysəloğlu”nun tərəfdaşlığı ilə ADA İbtidai Məktəbində xeyriyyə festivalı keçirildi

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA İbtidai Məktəbində ilk Payız festivalı - məhsul bayramı keçirilib. ADA İbtidai Məktəbi öz şagirdlərinə erkən yaşından milli ənənələrimizə dəyər verməyi aşılayır. İbtidai Məktəb şagirdlərinin bilavasitə iştirakı və təşkilatçılığı ilə keçirilən məhsul bayramında ADA Universitetinin müəllim, tələbə və işçiləri, çoxsaylı şirkətlər, tərəfdaş qurumlar, xeyriyyəçilər, valideynlər və məzunlar iştirak ediblər.


Manset.az-ın məlumatına görə, Veysəloğlu Şirkətlər Qrupunun təşkilatçılığı və tərəfdaşlığı ilə baş tutan bu bayram öz canlı ab-havası və rəngarəng stendləri ilə yadda qalıb. Festival bazarında ölkəmizin müxtəlif guşələrində yetişdirilən meyvələr, süd, çörək, şirniyyat və digər məhsullar nümayiş etdirilib. ADA İbtidai Məktəb şagirdlərinin əl işləri sərgilənib və festival iştirakçıları tərəfindən dəyərləndirilib.

Sonra festival bazarında və sərgisində nümayiş etdirilən məhsullar və şagirdlərin əl işləri satılıb.

ADA İbtidai Məktəbi yarandığı gündən şagirdlər layiqli vətəndaş olmaq və sosial məsuliyyət daşımaq layihələri üzərində çalışırlar. Bu layihələrdən ikisi - kimsəsiz uşaqlara dəstək və qonşuluqda yerləşən məktəblərdən biri ilə əməkdaşlıq etmək layihələri şagirdlər tərəfindən qalib kimi seçilib. Şagirdlər satışdan əldə edilən vəsaiti akademik ilin sonuna kimi bu iki layihəyə xərcləməyə səs veriblər.

İbtidai Məktəbin şagirdlərinin və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin azyaşlılardan ibarət rəqs kollektivinin tamaşa, musiqi və rəqs ifaları bu xeyriyyə tədbirini daha da yaddaqalan edib.

Payız festivalı - məhsul bayramının keçirilməsində məqsəd ADA ailəsini və tərəfdaşlarını bir araya gətirərək şagirdlərimizi məsuliyyətli vətəndaş olmaq, dəyərlərimizə qiymət vermək, adətlərimizi dirçəltmək, erkən yaşından cəmiyyət üçün faydalı şəxsiyyət kimi yetişdirməkdir.

ADA Universitetinin Veysəloğlu Şirkətlər Qrupu kimi xeyriyyəçi tərəfdaşlarının da iştirak etdiyi festival ADA İbtidai Məktəbinin yeni təhsil, düşüncə və həyat tərzi olduğunu bir daha sübut edib. Həmin xeyriyyəçilərin əvvəlki illərdə ADA Universitetinin təşəbbüslərini dəstəkləməsi, indi isə ADA məktəblilərinin ətrafına toplaşması, onların ideya və layihələrini dəstəkləməsi sosial məsuliyyət və məslək ətrafında hamımızda birlik ruhunun olduğunu nümayiş etdirir.



Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin