Bakı-Şamaxı yolunda təmir işləri belə aparılır - VİDEO/FOTO

14:15 - 1 Noyabr 2024

Bakı-Şamaxı yolunda təmir işləri belə aparılır - VİDEO/FOTO

Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədi ilə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsində təmir-bərpa işləri aparılır.

 

Manset.az xəbər verir ki, təmir-bərpa işləri sözügedən yolun Şamaxı istiqamətində 66.3-69.5 km-lik hissəsində icra olunur.

Sözügedən hissədə yaranmış deformasiyalar avtonəqliyyat vasitələrinin rahat hərəkətinə maneə yaradırdı. Aparılan bərpa işləri ilə bu maneənin aradan qaldırılması planlaşdırılır.

Hazırda ərazidə örtüyün və yararsız qruntun qazılaraq kənarlaşdırılması işləri görülür. Ardınca lazımi materiallarının daşınması və sərilməsi, yol geyiminin alt qatının sərilməsi və kipləşdirilməsi, yeni asfalt-beton örtüyün sərilməsi işləri icra ediləcək.

Görülən işlərə paralel olaraq, suların ötürülməsi məqsədilə drenaj boruların tikintisi işləri də aparılır.

Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri icra olunacaq.

İşlər “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə sürətlə və keyfiyyətlə həyata keçirilir. Təmir işlərinin tərtib olunmuş qrafikə uyğun vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Aparılan təmir-bərpa işləri ilə magistralın sözügedən hissəsində rahat gediş-gəliş təmin olunacaq.



Xəbər xətti

1 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin