70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024
13:00 - 25 Oktyabr 2024
İctimai və dövlət maraqlarının müdafiəsi müasir dövrün ən mühüm şərtlərindən biridir. Bu, hər bir vətəndaşın qarşısında duran mühüm məsələlərdəndir. Yəni hər bir vətəndaş kimliyindən asılı olmayaraq dövlətin, ictimaiyyətin maraqlarına xidmət etməyə borcludur. Vətəndaşın ilk məqsədi dövlətin və dövlətçiliyin möhkəmlənməsinə çalışmaq olmalıdır. Bu gün ictimai maraq dövlətçilik şüurunun daha da güclü inkişaf etdirilməsi, cəmiyyətə aşılanmasını tələb edir. İctimai maraq dedikdə bütünlükdə cəmiyyət, yaxud cəmiyyətin müxtəlif sosial qrupları tərəfindən ortaq hesab etdiyi maraq və mənafelər başa düşülür. İctimai maraqlarla fərdi və qrup maraqlarının uzlaşdırılması mədəniyyətinin təşəkkül tapması hər bir toplum üçün vacib amillərdən və harmonik inkişafın əsas şərtlərindən biridir.
Mövzu ilə bağlı Manset.az-a açıqlama verən Azərbaycan ictimai-siyasi xadimi, jurnalist və hərbi qulluqçu, Milli Məclisin VII çağırış deputatı Arzu Nağıyev bildirib ki, ictimai maraqlar milli mənəvi dəyərlərin təbliği və qorunması deməkdir:
"İlk növbədə, ictimai marağın nə olduğunu, eyni zamanda dövlət marağının mahiyyətini dərk etmək son dərəcə vacibdir. Hər bir vətəndaş, yaşadığı dövləti və bu dövlətin prioritet istiqamətlərini, eyni zamanda ictimai maraqlarını mütləq şəkildə anlamalı və bu istiqamətdə konkret addımlar atmalıdır. Düşünürəm ki, insan özünü kamil bir şəxs olaraq inkişaf etdirərkən, şəxsi maraqları ilə ictimai maraqları uzlaşdırmağı bacarmalıdır. Yəni, öz şəxsi maraqları naminə ictimai maraqdan imtina etmək və ya əksinə, bu məsələləri düzgün anlayaraq, hər iki tərəf üçün faydalı nəticələr çıxarmaq mümkündür.
İctimai maraqlar, milli mənəvi dəyərlərin təbliği və qorunması deməkdir. Hər bir istiqamətdə mənəvi, mədəni irsdən və tarixdən dərindən yanaşma göstərmək lazımdır. Bu öhdəlikləri öz üzərinə götürən insan, daha da kamil bir şəxsiyyət kimi yetişir. Sözsüz ki, bu zaman ailə və məktəb institutlarının rolu da böyükdür. Ailə və məktəb, uşaqlara özlərini dərk etməyə başladığı andan etibarən, müvafiq anlayışları aşılamalıdırlar.
Eyni zamanda, cəmiyyətin və qeyri-hökumət təşkilatlarının öz fəaliyyətləri və həyata keçirdikləri tədbirlər də ictimai maraqların müdafiəsində əhəmiyyətli rol oynayır. Dövlət, bu təşkilatlara müəyyən qrantlar ayıraraq onların fəaliyyətini dəstəkləyir. Vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları da dövlətlə birgə, ölkəyə qarşı olan təhdidləri və təhlükəsizlik məsələlərinin həlli üçün aktiv şəkildə çalışmalıdırlar.
Arzu Nağıyev onu da qeyd edib ki, kütləvi informasiya vasitələri tərəfindən hazırlanan ciddi reportajlar, cəmiyyətin məlumatlandırılmasında və ictimai düşüncənin formalaşmasında mühüm rol oynayır:
Bu sahədə kütləvi informasiya vasitələrinin rolu da göz ardı edilməməlidir. Həmçinin onlar da öz üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirməlidir. Kütləvi informasiya vasitələri tərəfindən hazırlanan ciddi reportajlar, cəmiyyətin məlumatlandırılmasında və ictimai düşüncənin formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Jurnalistlər, hərtərəfli profildən bir az çəkinməli, özlərinə uyğun sahələri seçərək, həmin sahədə fəaliyyət göstərməlidirlər. Bu yanaşma, proseslərin daha qanunauyğun şəkildə həyata keçirilməsini təmin edəcək.
Mətbuat şurası və kütləvi informasiya vasitələrini dəstəkləyən media qurumları bu gün əhəmiyyətli addımlar atmış, bir sıra böyük layihələr həyata keçirmişlər. Bu, ictimai və dövlət maraqlarının müdafiəsi üçün mühüm bir addım sayılır. Jurnalistika, 4-cü hakimiyyət olaraq, cəmiyyətin inkişafında mühüm rol oynayır. Bu səbəbdən jurnalistlər doğru və obyektiv məlumatları təqdim edərək, xalqın inamını qazanmalıdırlar.
Sevinirəm ki, bu gün Azərbaycanda ciddi nüfuza malik olan çoxsaylı kütləvi informasiya vasitələri və teleməkanlar fəaliyyət göstərir. Hər bir yayımlanan veriliş cəmiyyət üçün mühüm bir mesajdır. İnsanlar bu proseslərdən öz peşələrinə, həyat tərzlərinə, mənəvi və mədəni qida tələblərinə uyğun olaraq müəyyən nəticələr çıxarmalıdırlar. Beləliklə, ictimai və dövlət maraqlarının qorunması, cəmiyyətin inkişafında birgə səylərin nəticəsidir".
Azərbaycanlı siyasətçi, "Region Beynəlxalq Analitik Mərkəzi"nin (RBAM) sədri, Milli Məclisin VII çağırış deputatı Razi Nurullayev bildirib ki, İctimai və dövlət maraqlarını müdafiə etmək, yalnız dövlətin deyil, eyni zamanda vətəndaşların və hüquqi şəxslərin də üzərinə düşən son dərəcə mühüm bir məsuliyyətdir:
"Azərbaycanda 10 milyondan çox insan yaşayır. Belə bir mühitdə hər bir vətəndaş üzərinə düşən öhdəlikləri daha dərindən araşdırmalı, bu məsuliyyətin nə qədər önəmli olduğunu dərk etməlidir. Bu kontekstdə ictimai maraqların və dövlətin qorunması üçün ilk növbədə, biz rəsmi mənbələrdən, sosial şəbəkələrdən düzgün və etibarlı məlumatlar əldə etməliyik. Eyni zamanda, bu məlumatları düzgün qiymətləndirərək, onlardan doğru nəticələr çıxarmaq da vacibdir. Hazırda sosial şəbəkələrdə yayılan məlumatların hər birinə inanmaq doğru deyil. İlk növbədə, bu məlumatların nə dərəcə həqiqəti əks etdirdiyi mütləq yoxlanmalı və rəsmi qaydada təsdiq edilməlidir. Əks halda, yanlış məlumatlara inanmaq, bu barədə fikir bildirmək və ya hər hansı bir fəaliyyət həyata keçirmək ictimai və dövlət maraqlarına oldquca ziddir.
Eyni zamanda, vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları da bu sahədə ciddi fəaliyyət göstərirlər. İllər əvvəl vətəndaş cəmiyyəti institutları və qeyri-hökumət təşkilatları xaricdən maliyyələşdirilirdi. Lakin bu təşkilatların bəziləri dövlətə zidd olan maraqlara xidmət edirdilər. Onları xaricdən maliyyələşdirən qurumlar isə öz növbəsində müəyyən maraqlara xidmət edirdilər. Bu qurumlar, insan hüquqları və demokratiya adı altında müxalifət partiyaları ilə əməkdaşlıq edərək, bəzən cəmiyyətin birliyini zədələyirdilər. Məhz bu səbəbdən, Azərbaycan bu sahədə ciddi addımlar ataraq qeyri-hökumət təşkilatlarının xaricdən maliyyələşməsini demək olar ki, dayandırdı. Bu həm də cəmiyyətin sağlam inkişafını təmin etmək məqsədini güdür.
Həmçinin ictimai maraqların müdafiəsi kütləvi informasiya vasitələrinin üzərinə düşən mühüm bir öhdəlikdir. Bu gün kütləvi informasiya vasitələri ictimai və dövlət maraqlarının qorunması üçün aktiv fəaliyyət göstərirlər. Mən əminliklə deyə bilərəm ki, Azərbaycanın çoxsaylı və keyfiyyətli media qurumları, jurnalistləri var. Lakin, KİV-lərin maliyyə resurslarına çıxışının asanlaşdırılması, maliyyə dəstəyinin artırılması və reklam bazarının onlar üçün daha əlçatan olması məsələlərinin tam təmin olunması inkişafı daha irəli nöqtələrə daşıyan məsələlərdən hesab olunur. Çünki hazırda əksər media qurumları baxış sayından daha çox asılıdırlar. Bu vəziyyət bəzən jurnalistlərin də dövlət maraqlarına zidd olan xəbər başlıqları və ya məlumatları paylaşılmasına yol açır.
Bu səbəbdən düşünürəm ki, yalnız birlikdə, sağlam bir informasiya mühiti yaradaraq və ictimai maraqları müdafiə edərək, gələcəyimizi daha aydın və parlaq edə bilərik. Bu məqsəd uğrunda atılan hər bir addım, cəmiyyətimizin inkişafında mühüm rol oynayacaqdır".
Fidan Əliyeva
6.3.4. İctimai və dövlət maraqlarının müdafiəsi
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin