“Mənim elə çox adamım yoxdur ki, gecə klublarında olsun” - Qurban Qurbanov

15:17 - 23 Oktyabr 2024

“Mənim elə çox adamım yoxdur ki, gecə klublarında olsun” - Qurban Qurbanov

“Çox vacib oyundur. Tanınmış komandaya qarşı oynayacağıq”.

 

Manset.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda sabah “Ayaks”a qarşı keçiriləcək matçdan danışıb: “Dünya futbolunda hücum oyunu ilə diqqət çəkən kluba qarşı çıxış edəcəyik. Həmişə azarkeşlər üçün maraqlı oyun göstəriblər. “Ayaks”ın Bakıya gəlməsi ajiotajdır.

Oyuna yaxşı hazırlaşmışıq. Vaxtımız oldu. Ümumi hazırlıq pis deyil. Çalışacağıq ki, azarkeşləri sevindirək. Ən yaxşı oyunlarımızdan birini oynayacağıq”.

Baş məşqçi daha sonra sualları cavablayıb.

- Sabiq futbolçunuz Raydel Pupon bildirib ki, Qurban Qurbanovun bütün gecə klublarında adamı var. Bu həqiqətən belədir? 

- Klubda ən məsuliyyətli şəxs mənəm və futbolçularımın idman formasına cavabdehəm. Təbii ki, mən məsuliyyətli olmalıyam. Düzünü desəm, mənim elə də çox adamım yoxdur ki, gecə klubunda olsun. Mənim ətrafımda olanlar gecə klublarındakı əyləncə başlayana qədər yatırlar.

Raydel Pupon maraqlı insan idi. Gələndə çəkisi çox idi. Amma söz vermişdi ki, saxlayacaq. Bəzən futbolçuların şikayətlərini eşidirik. Müəyyən müddətdən sonra başa düşürlər ki, bu onların xeyrinədir.

- Zədəlilərlə bağlı problem var?

- Marko Veşoviç və Mateus Silva bu oyun üçün yoxdurlar. Müalicə alırlar. 

- İndiyə qədər Azərbaycana “Ayaks” kimi titullu klub gəlməyib. Futbolçuların bu rəqibin adından çəkinməməsi üçün hansısa tədbir görəcəksiniz, yoxsa onlara sıradan matç kimi təqdim edəcəksiniz?

- Əvvəllər də demişəm, bu cür klubların Bakıya gəlməsi, burada olması, azarkeşlərimizin onları canlı görməsi, futbolumuza sevginin artması və inkişaf üçün böyük təkandır. Bizim, hətta azyaşlı futbolçularımız, onların valideynləri görəndə ki, bu cür böyük klublar Azərbaycana gəlir, istər-istəməz futbola sevgiləri, inamları çoxalır. Ona görə bu cür fikir bildirirəm. "Ayaks"ın ümumi göstəricilərini götürdükdə, inanın ki, son vaxtlar ümumiyyətlə təzyiq deməzdim, çəkinəcək bir şeyimiz qalmayıb. Təcrübəmiz çoxdur. Böyük klublarla səfərdə və Bakıda oynamışıq. Böyük məğlubiyyətlər də görmüşük. Bu gün biz sadəcə komanda olaraq futbola olduğu kimi yanaşmaq istəyirik. Bəzi liqalarla, klublarla aramızda fərq böyükdür.

“Ayaks” yaxşı komandadır, dinamik və ağıllı futbol oynayırlar. Oyunlarına baxıb, analiz etmişik. Biz onlara qarşı həm mübarizə aparacağıq, həm də bəzi şeyləri öyrənəcəyik. Öyrənmək üçün utanmırıq, çəkinmirik. Bu cür rəqiblərə qarşı möhkəm dayanmağı bacarmalıyıq. Bununla bərabər, sabah çalışacağıq ki, oyunumuzla, istəyimizlə, dinamika ilə azarkeşlərimizi razı salaq.

- Marko Yankoviç kimi meydanda aktiv olan birinin beynəlxalq oyunlarda şans qazanması, sərəncamınızda olması nə qədər rahatdır?

- Bu gün hələ bir məşqimiz var. Özünü yaxşı göstərsə, sabah meydanda olacaq. Dəfələrlə demişəm, futbolçularımın hamısının sağlam olması mənim üçün böyük üstünlükdür. Çünki təkcə oyuna görə yox, oyundakıları yaxşı icra etmək üçün məşqlərdə bütün oyunçuların sağlam olması çox önəmlidir. O zaman hər bir futbolçu oyunda nə etdiyini daha yaxşı anlayır. Bu cür böyük oyunlardan əvvəl məşqin keyfiyyəti yaxşı səviyyədə olur. İki gün vaxtım oldu ki, bütün oyunçularla yaxşı məşq edək. Əvvəlki matçlardan öncə isə 3-4 gündən bir oyuna çıxırdıq. Hər oyuna 8-9 futbolçu ilə hazırlaşırdım.

Milli dönəmdə də 9-10 əsas oyunçu olurdu. Bu sayda futbolçularla keyfiyyətimizi heç cürə yaxşılaşdıra bilmirdik. Amma 2 gün bu oyuna hamılıqla birlikdə hazırlaşa bildik. Ona görə inanıram ki, sabahkı matçda futbolçularım dinamik, yaxşı oynaya biləcək. Marko Yankoviç əsas üzvlərimizdəndir. Düşüncələrimizi yerinə yetirmək üçün hazır olması məni həmişə sevindirir. Buna görə də uzun müddətdən sonra məsuliyyətli oyuna hazır olması məni sevindirdi.

- Qapı mövqeyi yenə də müzakirə edilir. Bu mövqedəki problemlər sizi də narahat edir?

- Düzünü desəm, etmir. Hər bir oyunçunun məsuliyyətlə işə yanaşması, mənim üçün birinci yerdədir. Bu gün hər iki qapıçının potensialı böyükdür. Hər ikisi də böyük məsuliyyətlə istənilən məşqdə özünü yaxşı tərəfdən göstərməyə çalışır. Ola bilər ki, əvvəlki oyunlarda komandaya tam uyğunlaşa bilməmişdilər. Mental olaraq tam hazır deyildilər. Buntiç və Koxalskini götürsək, biri Portuqaliya, digəri Polşa çempionatında oynayıb. Ola bilər, bəlkə, orada məsuliyyət az olub.

Polşa və Portuqaliya liqalarından aşağı ola bilərik, amma bizim komandanın daim yuxarılarda olması məsələsi, məsuliyyəti, bəlkə də, onlarda daim olmayıb. Hər iki qapıçıya güvənirəm. Məğlub olanda, nəinki qapıçılar, oyunçulara qarşı fikirlər də dəyişilir. Bu gün olmasa da, sabah onların oyunları daha yaxşı olacaq, potensialları böyüyəcək. Narazı olası bir şey görmürəm. Özünüz də görəcəksiniz ki, hər bir qolkiper özünü yaxşı göstərib, komandaya fayda verəcək. Şahruddinin qayıtması, sağlam olması rəqabətin böyüməsinə fayda verəcək. Bu gün onlara inamım böyükdür.

- Aleksey Kaşukun hazırlıq durumu imkan verir ki, “Ayaks”la matçda daha çox meydanda olsun?

- Hazırlığı pis deyil. Amma mən hələ tam razı deyiləm. Onu gözəl anlayıram, uzun müddət kollektiv məşqsiz qalmaq, oyunlardan uzaq qalmaq heç bir futbolçu üçün yaxşı hal deyil. Amma ümumən günü-gündən, oyundan-oyuna, məşqdən-məşqə öz potensialını açmağa başlayır. Ona inam və güvənimiz çoxdur. Çempionat oyunlarında əsas heyətdə də meydana çıxdı, sonradan da. Bu gün "Ayaks"la görüşdə oynamaq dəqiqəsini tam deyə bilmərəm. Sürət, dinamika tam başqa olur. Amma lazım olduğu halda ondan istifadə edəcəyik. Kaşukun texnikasına, futbol anlayışına ehtiyacımız ola bilər.

- Rəqiblər bəlli olanda "Qarabağ"ın pley-off mərhələsinə vəsiqə qazanacağını düşünürdük. İndi isə son pillələrdəyik. Pley-off mərhələsinə yüksəlməmək kimi narahatlığınız var?

- Bu il turnir fərqli formatdadır. İki oyundan sonra fikir bildirmək olmaz. Format elədir ki, bəlkə 4-5 xalla pley-off mərhələsinə vəsiqə qazanacaqsan. Mənim üçün bəlkə digər format daha rahat idi. Cəmi 3 komandaya qarşı öz fikirlərini, düşüncələrini daha tez formalaşdırıb, daha yaxşı hazırlaşa bilirdin. Ev və səfər oyunu var idi. Üstünlükləri çox idi. Yeni format tam fərqlidir. Buna uyğunlaşmaq lazımdır. Narahatlığım yox deyil, var. Ümumi duruma baxanda, bu gün xalımız yoxdur. Hələ heç nə bilmək olmaz. Qarşıda 6 oyunumuz var. Ən azından uduş nədir? Keçən il pley-off mərhələsinə keçsək, 8 oyun oynayırdıq.

Bu mövsüm isə minimum 8 oyunumuz var. Yanvardan sonrakı 2 oyun bizim üçün pley-off kimi olur. Çox istəyərdik ki, oyunlarımızın sayı çox olsun. Çalışacağıq ki, pillə-pillə qalxaq. Bizim üçün pley-offa çıxmaq uğurdur. Şansımız varsa, çalışacağıq ki, daha yuxarılarda olaq. İnanın ki, 16-17 ildir, buradayam. Hər il hər oyunda narahatlığım var. Belə də davam edəcək.


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin