Dubayda həbs edilən azərbaycanlılar bəraət aldı

18:10 - 18 Oktyabr 2024

Dubayda həbs edilən azərbaycanlılar bəraət aldı

Dubaya gəzməyə gedən və orada qaradərili uşaqla icazəsiz şəkil çəkdirdikləri üçün həbs edilən iki Azərbaycan vətəndaşı bəraət alıb.

 

Manset.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının BƏƏ üzrə koordinatoru Nuranə Hüseynova məlumat verib. 

O bildirib ki, hər iki vətəndaşın cinayət işinə xitam verilib, onların telefonları və girov qoyulan pulları da qaytarılıb: “Dekabr ayında Dubaya turist kimi gələn hər iki şəxs üç ay BƏƏ-də qalmalı oldular. Onların ölkədən çıxışına qadağa qoyulmuşdu. Ümumiyyətlə, hər bir şəxs başqa ölkəyə səfər edərkən oranın qayda-qanununu bilməlidir. Əmirlikdə, sadəcə, maşının şəklini çəkib belə internetdə paylaşmaq qeyri-qanunidir. Maşının sahibi həmin şəxsi məhkəməyə verə bilər. Məhkəmə bitənə qədər də şəxsin ölkədən çıxışına stop qoyulur. Bu vətəndaşlardan biri digərinin uşaqla şəklini çəkmişdi. Uşağın anası da şikayət etmişdi ki, “mənim icazəm olmadan övladımın şəkli çəkilib”. Həmin şəxslərin ailə üzvləri Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova müraciət etmişdilər”.

N.Hüseynova əlavə edib ki, komitədən onlarla əlaqə saxlanılıb: “Əlimizdən gələn köməyi etmək tövsiyə olundu. Biz onların uzun müddət BƏƏ-də yaşamasına köməklik etdik, bütün xərcləri qarşılandı. Uzun müddətdir orada yaşayan həmyerlimiz, diaspora fəalı olan evdar xanım Səbinə Səfərova o ölkənin həm dilini, həm də qayda-qanunlarını çox yaxşı bilir. Səbinə xanım ilk gündən öz dəstəyini əsirgəmədi. Baxmayaraq ki, məhkəmə bitməmişdi, onların ölkədən çıxışına qoyulan stopun aradan qaldırılmasına nail oldu. Normalda isə məhkəmənin qərarı olur və ondan asılı olaraq şəxs ya cərimə edilir, ya da cəza kəsilir. Səbinə xanım bütün məhkəmə proseslərində iştirak etdi və bu iş həll olundu. Onlar üçün girov qoyuldu və ölkədən çıxa bildilər. Məhkəmə araşdırması onların iştirakı olmadan davam etdi. Ötən həftə məhkəmə prosesi başa çatdı və hər iki Azərbaycan vətəndaşına bəraət verildi. Məhkəmə onların telefonlarının və girov kimi qoyulan pulun qaytarılmasına da qərar verdi. Həm BƏƏ-dəki diasporumuz, həm də saxlanılan şəxslərin adından Azərbaycan dövlətinə ilk gündən göstərdiyi dəstəyə görə təşəkkür edirik”.

Qeyd edək ki, hadisə ötən il Dubayda baş verib. Ora gəzməyə gedən iki Azərbaycan vətəndaşı qaradərili uşaqla icazəsiz şəkil çəkdirdiyi üçün həbs edilib.


Xəbər xətti

24 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin