“İçərişəhər” Qoruğunun layihəsi beynəlxalq mükafata layiq görülüb

12:08 - 4 Oktyabr 2024

“İçərişəhər” Qoruğunun layihəsi beynəlxalq mükafata layiq görülüb

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) tərəfindən Dünya İrsi Şəhərləri Təşkilatına təqdim olunmuş “Bakı Xan Sarayı Kompleksi” layihəsi “Jean-Paul-L’Allier İrs Mükafatı”nın qalibi seçilmişdir.    


Manset.az xəbər verir ki, İspaniya Krallığının Kordoba şəhərində təşkil olunan və Dünya İrsi Şəhərləri Təşkilatının üzvü olan 100-dən artıq tarixi şəhər rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə keçirilən 17-ci Dünya Konqresinin açılışı zamanı təşkilatın prezidenti və Kvebek şəhərinin meri Bruno Marchand “İçərişəhər”in qalib şəhər seçildiyini rəsmi şəkildə elan etmişdir.

“Jean-Paul-L’Allier İrs Mükafatı” Dünya İrsi Şəhərləri Təşkilatı tərəfindən 2009-cu ildən etibarən iki ildən bir təqdim olunur. Mükafat üzv-şəhərlərdə tarixi şəhər ansamblının qorunması, təkmilləşdirilməsi və ya yaxşı idarə edilməsi üçün həyata keçirilən layihələrin və proqramların beynəlxalq səviyyədə tanıdılması məqsədilə təsis olunmuşdur.

Çoxsaylı namizədlərin içərisindən son mərhələyə 12 finalçı (Kvebek, Krakov, Kotor, Mexiko, Vizbi və digər şəhərlər) çatmışdır və onların arasında 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bərpa-konservasiya işlərindən sonra açılışı baş tutmuş “Bakı Xan Sarayı Kompleksi” layihəsi qalib seçilmişdir. İdarənin təqdim etdiyi “İçərişəhərdə həyat keyfiyyətinin yaxşılaşdırılması: Bakı Xanlarının Parkı və Bakı Xan Sarayı Kompleksi” layihəsi təşkilatın müxtəlif üzv şəhərlərdən olan münsiflər heyəti tərəfindən mükafata layiq görülmüşdür. İçərişəhərin rəsmi olaraq qalib elan edilməsindən sonra “İçərişəhər” DTMQİ tərəfindən  konqres iştirakçılarına layihənin təqdimatı keçirilmişdir.

Qeyd edək ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 2016-cı ildən Dünya İrsi Şəhərləri Təşkilatının (OWHC) üzvüdür. 1993-cü ildə təsis olunan və baş qərargahı Kanadanın Kvebek şəhərində yerləşən OWHC-nin 200-dən çox üzvü mövcuddur. Üzv olan tarixi şəhərlərin hamısı UNESCO-nun Ümumdünya İrs Siyahısına daxildir.



Xəbər xətti

4 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin