Qalib Liderimizin güclü Azərbaycan hədəfləri

16:20 - 30 Sentyabr 2024

Qalib Liderimizin güclü Azərbaycan hədəfləri

Ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpasından sonra Azərbaycan yeni mərhələyə qədəm qoyub. Bu mərhələ ölkəmiz qarşısında yeni vəzifələr müəyyən edir.  Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı bu vəzifələri xüsusi qeyd etdi.

 

Bunlardan bir nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. “Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir”, - deyə dövlət başçısı qeyd etdi. Ölkə qarşısında duran böyük vəzifələrdən biri işğaldan azad edilən Qarabağı və Şərqi Zəngəzuru bərpa etməkdir.

Hazırda ərazidə nəhəng infrastruktur layihələri həyata keçirilir. Səkkiz mindən çox keçmiş köçkün artıq Qarabağa və Şərqi Zəngəzura yerləşib və hər ay, hər il onların sayı artır. Bu gün vacib məsələlərdən biri ideoloji təhlükəsizliklə bağlıdır. Möhtərəm Prezident cənab İlham Əliyev bəyan etdi ki, ölkəmizə qarşı ideoloji təxribatların davam etdiyi bir vaxtda bizə qarşı aparılan çirkin oyunların ifşası bundan sonra da davam etməlidir. Bizə qarşı ideoloji təxribatların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Ancaq ölkə qarşısında duran vəzifələr icra edilməlidir ki, biz daim inkişafda olaq, öz gücümüzü artıraq və Azərbaycan xalqının bundan sonra da təhlükəsiz həyatını təmin edək. Dövlətimizin uğurlu siyasəti nəticəsində davamlı iqtisadi inkişaf, hər bir sahədə qazandığımız nailiyyətlər nəticəsində Azərbaycan hədəfdən-hədəfə doğru inamla addımlayaraq bugünkü reallıqlara nail olub.

Azərbaycanın son 200 illik tarixinin ən şanlı səhifələrindən biri heç şübhəsiz Dövlət Suverenliyi Günü ilə öz təzahürünü tapdı. İki əsrə bərabər 23 saat… Şuşa əməliyyatının qəhrəmanlıq dastanının açdığı cığır Xankəndi, Xocalı, Ağdərə, Xocavənddə  bir daha zəfər çalan istiqlal ruhu ilə vahidləşdi. Bu zəfər çəkisi və dəyəri ilə Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələrinin ağır yükünün böyük bir hissəsini Azərbaycanın dövlətçilik tarixindən götürmüş oldu. Çünki Müzəffər Prezidentimiz cənab İlham Əliyevin Xankəndidə son çıxışı zamanı qeyd etdiyi kimi, Qarabağda separatizmin kökü məhz elə həmin müqavilələrlə atılmışdı. Ümumiyyətlə, bir sıra dövlətlərin təhlükəsizlik doktrinalarında  dövlətinin suverenliyinin əsas sütunları kimi hərbi gücə transformasiya edilmiş iqtisadi və siyasi suverenlik göstərilir. Bu baxımdan 8 noyabr Zəfərindən alınan güc, hərbi sahədə göstərilən şücayət və diplomatik səbr Azərbaycanı daha böyük strateji zəfərə,  suverenliyin tam bərpasına apardı. Bu tarixi zəfərin qazanılmasında ən böyük pay sahibləri qəti siyasi iradə nümayiş etdirən dövlət başçısı və Azərbaycan Ordusudur. O Ordu ki, igidlik və rəşadət nümunəsi olmaqla yanaşı, həm Vətən müharibəsi dövründə, həm də anti-terror tədbirləri zamanı bütün humanitar normalara, qayda və prinsiplərə əməl etdi.

Özü də bu tarixi Zəfərə o gənclərimiz imza atdı ki, onların əksəriyyəti Qarabağı heç görməmişdi. Prezident İlham Əliyevin 2022-ci ilin  fevralın 26-da yerli və xarici media təmsilçiləri üçün keçirilən mətbuat konfransında dediyi kimi: “Qarabağı azad edənlərin arasında ən böyük rol oynayan, bax, bizim son 17 il ərzində yetişmiş insanlarımızdır. Yaşlı nəslin, əlbəttə ki, böyük əməyi, təcrübəsi və bilikləri var. Amma döyüşə gedən, öz sinəsini atəş altına qoyan, bax, 17 il ərzində vətənpərvərlik ruhunda tərbiyə almış bizim övladlarımızdır". Bəli, onlar ləyaqət uğrunda ölümə gedirdilər. Burada ailə tərbiyəsi ilə yanaşı, təhsilin də rolu böyükdür. Hər zaman təhsil ənənələri və ziyalıları ilə fərqlənən Qarabağda Qarabağ Universitetinin də məhz həmin tarixdə açılışının olması heç də təsadüfi deyildi.

"Bu açılış istənilən gündə ola bilərdi. Amma hesab etdim ki, 20 sentyabrda olsa, daha düzgün olar. Çünki bu, artıq şanlı tariximizdir". Dövlət başçısının Xankəndidə tələbələrlə görüşdə səsləndirdiyi bu sözlər rəmzi məna daşımaqla  yanaşı,  özündə cəmiyyətə verilən çox mənalı mesajı təcəssüm etdirir. Hərbi, siyasi, iqtisadi sahədə qazanılan zəfər bundan sonra elmi zəfərlərə transformasiya olunmalıdır.  Bunun üçünsə potensial var. Söhbət həm gənclərdə olan potensialdan, həm tədris ocağında dərs deyəcək müəllim heyətindən gedir. Beləliklə, ölkə təhsilinin inkişafı suverenliyimizin bərpasından dəstək aldı. Yaşasın müstəqil, suveren Azərbaycan!
 

İqtisad elmləri üzrə fəlsəfə doktoru Emin Hacıyev


Xəbər xətti

1 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin