Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA
21 Dekabr 2024
13:15 - 26 Sentyabr 2024
Ermənistan 2020-ci ilin sentyabr ayının 27-nə qədər atdığı addımları ilə münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını nümayiş etdirmiş, artıq tarixə qovuşmuş münaqişənin hərbi çözümünü alternativsiz varianta çevirmişdi. Ermənistan nə beynəlxalq hüquqa, nə mütərəqqi ümumbəşəri çağırışlara, nə də beynəlxalq qurumların bəyanatlarına məhəl qoymayaraq sərsəm bəyanatlar və onun nəzarətində olan Qarabğdakı separatçı rejim təmsilçilərinin açıqlamalarla yeni müharibəni artıq qaçılmaz reallığa çevirmişdi.
Düşmənin 2020-c ilin sentyabr ayının 27-də əl atdığı növbəti və nisbətən geniş miqyaslı təxribatı artıq son sözün danışıqlar masasında deyil cəbhədə keçərli olmasını göstərdi. Nəticədə müasir Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin layiqli siyasi davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli Liderliyi, xalqımızın milli birliyi-həmrəyliyi, ordumuzun qüdrəti, əsgər və zabitlərimizin şücaəti sayəsində ərazi bütövlüyünü, tarixi ədaləti bərpa etdi. Bu gün Azərbaycan xalqı dünyada qalib, müzəffər, qürurlu və qurucu xalq kimi tanınır. Xüsusi vurğulanmalıdır ki, vətənpərvərlik ruhunda, milli dəyərlər əsasında formalaşmış Azərbaycan gəncliyi şərəfli və ləyaqətli mübarizə apararaq, döyüş meydanında öz sözünü deyərək, iradəsini nümayiş etdirərək, mübarizə ruhunu ortaya qoyaraq yeni qəhrəmanlıq salnaməsi yaratdı. İkinci Qarabağ müharibəsi bir çox cəhətləri ilə dünya hərb və siyasət tarixinə əbədi həkk olundu. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müəllifi olduğu “Dəmir Yumruq” əməliyyatı ilə 44 gün ərzində işğalçıları döyüş meydanında layiqincə cəzalandırdı, 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi.
Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum – sülhə məcburetmə əməliyyatları nəticəsində ağır itkilər verən, ordusu darmadağın edilən Ermənistan 2020-ci il noyabrın 10-da təslimçilik bəyannaməsini imzalamağa məcbur oldu və qalib Azərbaycanın irəli sürdüyü şərtlər daxilində öz üzərinə həm Ağdam, Kəlbəcər və Laçın rayonlarının bir güllə belə atmadan azad edilməsi, həm bütün hərbi birləşmələrinin Azərbaycan ərzilərindən çıxarılması, həm də Zəngəzur dəhlizinin və digər kommunikasiyaların açılması ilə bağlı öhdəlik götürdü. Başqa sözlə, güclü Azərbaycanın qüdrətli ordusu Ermənistanın 30 il müddətində havadarlarının dəstəyi ilə qurduğu ordunu darmadağın etdi. Çox sayda tank, artilleriya qurğuları, raket sistemləri, canlı qüvvə məhv edildi, hərbi texnika, silah-sursat ələ keçirildi. Ermənistan tərəfinin tankları, zirehli texnikaları, radar sistemləri və səngərləri Azərbaycanın hərbi dronları üçün ov oldular. PUA-lardan səmərəli istifadə olunması XXI əsrin müharibəsinin əvvəlki savaşlardan fərqli olduğunu göstərdi.
Xüsusi olaraq qeyd olunmalıdır ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandannın müəllifi olduğu “Dəmir Yumruq” ifadəsi xalqımızın milli həmrəylik simvoluna çevrilərək həm hərbi-strateji və mənəvi siyasi əhəmiyyətə, həm də xüsusi rəmzi mənaya malikdir. “Dəmir yumruq” ifadəsinə 44 günlük Vətən müharibəsi zamanı və ondan sonra dəfələrlə rast gəldik, bu söz birləşməsindən qürurla, şərəflə istifadə etdik. Ekran qarşısında Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin xalqa müraciətlərini, çıxışlarını izləyərkən, dövlət başçısının işğaldan azad olunmuş ərazilərə səfərləri çərçivəsində fikirlərini dinləyərkən yaddaşımıza həkk olunan “dəmir yumruğun” varlığına, gücünə-qüdrətinə və əzəmətinə şahidlik etdik. Prezidentimiz dəfələrlə qeyd etdi ki, işğalçılar Azərbaycan torpaqlarını tərk etməsələr, “Dəmir Yumruq” onların başını əzəcək. Prezident İlham Əliyevin istifadə etdiyi bu ifadə İkinci Qarabağ müharibəsində sonradan hərbi əməliyyat adı kimi tarixin yaddaşına yazılıb tarixiləşdi. Ali Baş Komandanımız qürurla qeyd etdi ki, “Biz “Dəmir Yumruq”la erməni faşizminin başını əzdik, belini qırdıq”. “Dəmir yumruq”, hər şeydən əvvəl, qətiyyət, güc və həmrəylik simvoludur.
Dünyanın ən nüfuzlu liderləri sırasında olan Prezident cənab İlham Əliyevin qətiyyəti, Azərbaycan dövlətinin, o cümlədən ordumuzun gücü, nəhayət, öz liderinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşmiş xalqımızın həmrəyliyi, birliyi - bütün bunlar “Dəmir Yumruq”un rəmzi mənasını, mənəvi dəyərini və milli məzmununu əks etdirir və “Dəmir Yumruq” bu gün də yerindədir! Bütövlükdə, XXI əsrin modern müharibə modeli və hərb strategiyası Azərbaycana cəmi altı həftəyə Ermənistanı təslim olmağa məcbur etdi. Nəhayət, ermənilərin özləri haqqında yaratdığı “məğlubedilməzlik” mifi darmadağın oldu. Əlbəttə, bu qələbə təkcə silah-sursat və texnika hesabına təmin edilmədi. Yüksək döyüş qabiliyyəti, taktiki və strateji hazırlıq, nümunəvi vətənpərvərlik ruhu, milli həmrəylik və digər mühüm amillər Azərbaycanın mütləq qələbəsini şərtləndirən mühüm faktorlar kimi xüsusi qeyd edilməlidir.
Bütün bunlar XXI əsrin müharibəsinin Azərbaycan modelini əks etdirir və bu təcrübənin dünyada, o cümlədən aparıcı hərbi məktəblərdə geniş öyrənilməsi - nümunə kimi göstərilməsi ölkəmizin hərbi-strateji qüdrətinin və siyasi prestijinin əyani ifadəsidir. Prezident İlham Əliyevin dediyi kimi, bizim şanlı müharibəmiz indi müxtəlif ölkələrin ali məktəblərinin hərbi dərsliklərindədir. Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının haqq savaşını bütün cəbhələrdə - siyasət, dövlət quruculuğu, diplomatiya, informasiya-təbliğat və hərb meydanında uğurla apardı, hədəfə nail oldu. O, bir ölkənin geosiyasi koordinatlarından, ərazi xüsusiyyətlərindən, əhali sayından və digər bir sıra faktorlardan asılı olmayaraq öz strateji iradəsi əsasında ağıllı siyasət yeridə, hədəfə doğru əminliklə irəliləyə biləcəyini əyani şəkildə - əməli fəaliyyəti ilə sübuta yetirdi. Nəyi, nə zaman və necə etməyi hamıdan yaxşı bilən qətiyyətli və qüdrətli lideri İlham Əliyev olan Azərbaycanı heç kim və heç nə dayandıra, öz haqlı yolundan döndərə bilmədi. Təbii ki, Azərbaycanın 44 günlük müharibədə möhtəşəm qələbə qazanaraq torpaqlarını işğaldan azad etməsi təkcə ərazi bütövlüyünün və tarixi ədalətin bərpası deyil. Bu, eyni zamanda, dünyada yeni nümunənin - mühüm presedentin yaradılmasıdır. Söhbət Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalmış 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasına nail olmaqdan gedir. Bu, eyni zamanda, BMT-nin korlanmış imicinin bərpası üçün yeni nümunə yaradılması və ya şərait formalaşdırılması baxımından önəmlidir. Bu Qələbə, eyni zamanda, milli mənəviyyatın yenilənməsi, milli qürur və ləyaqətin bərpası, dövlətçiliyin gücləndirilməsidir. Zəfərin strateji prosesə çevrilməsi isə Azərbaycanın sarsılmazlığını təmin edən əsas sütunlardan biridir. Tarix dünənin siyasəti, siyasət isə bu günün tarixidir. İndi regionda Azərbaycanın diktəsi ilə yeni bir tarix yazıldı.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsindən sonra 44 günlük müharibədəki Zəfərimizi doğuran siyasi-diplomatik və hərbi kursu uğurla davam etdirmiş, car ilin sentyabr ayının 19-da start verilmiş antiterror tədbirləri üçün baza formalaşdırmışdı. Prezident cənab İlham Əliyev çıxışlarında, dəfələrlə bu tədbirlərin bir növ anonsunu vermiş və tam əminliklə bildirmişdi ki, Azərbaycan torpaqlarında separatizm üçün meydan olmayacaq. Bəli, Qarabağdakı antiterror tədbirləri Azərbaycan dövlətinin və xalqının maraqlarına tam uyğundur, legitimdir. 2020-ci ildən başlayaraq, Ermənistan Azərbaycanın xəbərdarlıqlarından nəticə çıxarmadı. Qarabağda qeyri-qanuni hərbi birləşmələr, hərbi texnika, qurğu, silah və sursat saxladı. Üstəlik, müxtəlif yollarla əraziyə əlavə hərbi vasitələr cəlb etdi, şəxsi heyətin rotasiyasını həyata keçirdi, ərazilərimizi minaladı və sair yolverilməz hərəkətlər reallaşdırdı ki, bunların hamısı ölkəmizin konstitusion quruluşuna ziddir, dövlət suverenliyimizə təhdiddir. Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi lokal antiterror tədbirlərinin başlanması gözlənilən idi. Azərbaycan xarici təzyiqlərə baxmayaraq artıq lokal xarakterli antiterror tədbirləri ilə Qarabağ iqtisadi rayonuna olan separatizm yuvasını məhv etdi və milli suvernliyini bərpa etdi. 2023-cü ilin sentyabrın 20-də qondarma xunta rejimi lokal antiterror əməliyyatına qarşı müqavimət göstərə bilməyərək təslim oldu. Bu təslimiyyət regionun gələcək inkişafının əsas istiqamətlərindən birini təşkil edəcəkdir. Sentyabr ayının 20-də Prezident cənab İlham Əliyev xalqa müraciətində bir sıra məsələlər toxunaraq lokal xarakterli antiterror əməliyyatının zəruriliyi, qraşıya oyulan vəzifələrin 1 gün içində yerinə yetirilməsi və əməliyyat nəticəsində suverenliyimizin bərpa olunmasını qeyd etmişdir. Bundan əlavə cənab Prezidentin müraciəti həm regionun, həm də Qarabağın erməni sakinlərinin gələcək inkişaf perspektivi və yol xəritəsidir. Beləliklə tarixi ədalət Azərbaycanın gücü və dəmir iradəsi ilə tam olaraq bərpa olundu.
Həmin ilin oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli dövlət bayrağımızın ucaldılması və Xankəndi şəhərindən xalqımıza müraciəti ölkəmizin bütün ərazilərində suverenliyimizin bərpasının təntənəsi olmaqla yüksək qürur və iftixar hissləri ilə qarşılandı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xankəndi şəhərinə səfəri və Azərbaycan Bayrağının Xankəndidə dalğalanması, eyni zamanda lokal antiterror tədbirlərindən sonra işğaldan azad olunmuş məntəqələrdə bayrağımızın ucaldılması çox əhəmiyyət kəsb edən bir mesajdır.
Beləliklə, 15 oktyabr tarixi təqvim günü siyasi iradənin növbəti təntənəsi kimi də Şanlı tariximizə yazıldı. Prezident, Müzəffər Ali Baş komandan cənab İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha parlaq şəkildə nümayiş etdirdi. 15 okyabr tarixi bir daha dünyaya Azərbaycan xalqının nə qədər böyük, yenilməz, dəmir iradəli, müzəffər xalq olduğunu göstərdi.
Həmin ilin 8 noyabr tarixində Azərbaycanın dilbər guşəsi Xankəndi şəhərində Vətən müharibəsində qazanılan Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad dünya ictimaiyyəti tərəfindən böyük maraqla izlənildi. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ailə üzvləri ilə birlikdə həmin paradda iştirak etməsi onun qalib sərkərdə, qətiyyətli, cəsarətli, uzaqgörən dövlət başçısı olduğunu bir daha dünyaya bəyan etdi. Dünya ictimaiyyəti bu dəfə də “Qarabağ Azərbaycandır!” reallığının şahidi oldu. Xankəndi paradı bu reallığı əyani şəkildə təsdiqlədi. Silahlı Qüvvələrimizin parad heyətləri Azərbaycan Respublikasının Dövlət Bayrağını və Şuşa şəhərinə sancılan - Qələbənin rəmzinə çevrilən Zəfər Bayrağını, ardınca Azərbaycan Ordusunun və qoşun növlərinin, lokal xarakterli antiterror tədbirlərində iştirak etmiş hərbi birləşmələrin döyüş bayraqlarının Xankəndi şəhərinin mərkəzi meydanına gətirmələri hər bir soydaşımızı qürurlandırdı. Parad heyətlərinin keçidindən sonra antiterror tədbirləri zamanı işğalçı erməni hərbi birləşmələrindən müsadirə olunmuş hərbi texnikaların kiçik bir qisminin qoşqular üzərində Xankəndi şəhərinin mərkəzi meydanına gətirilməsi həm Ermənistana, həm də onun havadarlarına göz dağı oldu.
Əldə olunan yüksək səviyyəli nəticələr, eləcə də tarixi Qələbələr öz nəticəsini 2024-cü ilin 19 sentyabr tarixində “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin verdiyi Sərəncamda göstərdi. Artıq hər ilin sentyabr ayının 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfərlər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. Son olaraq qeyd edək ki, xalqımız bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.
Bəxtiyar Nəbiyev
YAP Yasamal rayon təşkilatının sədri
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin