İnternet qiymətləri ilə bağlı SON XƏBƏR - Hüquqi əsası yoxdur

16:15 - 14 Sentyabr 2024

İnternet qiymətləri ilə bağlı SON XƏBƏR - Hüquqi əsası yoxdur

Avqustun 15-dən internetin qiymətləri artırıldı, aidiyyəti qurumlar bundan sonra internetin sürətində, keyfiyyətində fərqliliyin olacağını bildirsələr də, tam əksini görürük.

 

Manset.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə paytaxt sakinləri arasında narazılıq var. Qeyd edilir ki, həm internetin sürəti çox zəifdir. Üstəlik, axşam saatlarında ümumiyyətlə internetə daxil olmaq müşkülə çevrilir.

Qeyd edək ki, avqustun 15-dən Azərbaycanda genişzolaqlı internet tarifləri üzrə sürət və ödəniş məbləğinə dəyişiklik edilib. GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətlər 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırılıb.

Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayır və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endirilib. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif edilir.

Bəs nəyə görə internetin keyfiyyətində və sürətində vəd olunan qədər fərq hiss olunmur?

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz internetin qiymətinin bahalaşmasından sonrakı vəziyyəti ilə bağlı fikirlərini bölüşüb: “Gözlənildiyi kimi ”Aztelekom” -un hər abonentə minimal 100 Mb/s sürət iddiası iflasa uğrayıb. Açıqlanan məlumatlardan görünür ki, təqdim edilən sürətlər müqavilədə nəzərdə tutulanlardan xeyli aşağıdır. Bununla bağlı İKTA -ya və Antiinhisara da xeyli şikayətlər daxil olduğu bildirilir. Sektorun tənzimləyici qurumu olan İKTA indiyədək bir dəfə də olsun bu məsələyə münasibət bildirməyib, daxil olan kütləvi şikayətlər və kütləvi imtinalarla bağlı heç bir açıqlama verməyib.

Bir dəfə də olsun “Aztelekom”-un müqavilələrini araşdırmayıb, 100Mb/s sürət qəbul etmək üçün texnoloji imkanı olmayan bir abonentlə belə bir sürət üçün necə, hansı əsasla  müqavilə bağlanmasını araşdırmayıb. Bir dəfə də olsun “Aztelekom”-da monitorinq aparmayıb ki, görsün ki bu qurum hər bir abonetə 100 Mb/s sürət verə bilir , yoxsa onun ümumiyyətlə belə bir texniki-texnoloji imkanı yoxdur.

Anlamıram ki, bunlar olmayacaqsa, operatorlar və provayderlər öz bildiklərini edəcəksə,  onda yüzlərlə işçisi olan bu tip tənzimləyici qurum yaratmağa, onu saxlamağa ehtiyac vardımı? Təsəvvür etməzdim ki, tənzimləyici qurumlar provayderlər qarşısında bu dərəcədə aciz durumda ola bilər”.

Ekspert əlavə edib ki, bölgələrdə internetdən imtina edənlər və şərikli internetlə bağlı statistika indiyədək açıqlanmayıb: “Bildiyim qədər hər bir bölgədə çox sayda abunəçilər modemləri qaytararaq internetdən imtina edirlər. Sosial mediada da imtina ilə bağlı xeyli materiallar yerləşdirilib.

”Şərikli internet”ə daha çox əhali sıx yaşayan yerlərdə üstünlük verilir. İndi də Aztelekom bildirib ki, qiymət artımından bir ay sonra, yəni 15 sentyabrdan sonra internetdən imtina edənlərin müraciəti qəbul edilməyəcək və əgər imtina olarsa onlar cərimələnəcək. Aztelekom iddia edir ki abonent bir il istifadə edəcəyi ilə bağlı  müqaviləyə imza atıb. Abonentin isə bundan xəbəri yoxdur. Xatırladıram ki, qanuna zidd formada tərtib olunaraq imzalatdırılan müqaviilələrin hər hansı hüquqi əsası yoxdur. Antiinhisarın araşdırmaları başa çatmayıb. Güman ki bu günlərdə Antiinhisar bununla bağlı növbəti açıqlamasını yayacaq. Ötən gün Antiinhisar təbii inhisar subyektlərinin nümayəndələrini yığaraq bir daha yeni Rəqabət Məcəlləsinin yeni tələblərini onlara çatdırıb”.

Qeyd edək ki, bir müddət əvvəl Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən genişzolaqlı internet xidmətləri bazarında Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlanılıb. Məlumatda bildirilmişdir ki, son dövrlərdə kütləvi informasiya vasitələrində, bəzi internet provayderlərinin rəsmi internet səhifələrində, habelə sosial şəbəkələrdə genişzolaqlı internet xidmətləri bazarında fəaliyyət göstərən təbii inhisar subyektləri və bir sıra özəl provayderlər tərəfindən internet xidmətlərinin minimum tariflərinin yüksəldilməsinə dair xəbərlər yer alır. Məsələ ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də çoxsaylı vətəndaş müraciətləri daxil olur.

Kütləvi informasiya vasitələrində yer alan məlumatların və Dövlət Xidmətinə daxil olan çoxsaylı vətəndaş müraciətlərinin ilkin təhlili nəticəsində internet xidmətlərinin yeni tariflərinin müvafiq bazarın əsas iştirakçıları olan təbii inhisar subyektləri və bir sıra özəl provayderlər tərəfindən kollektiv əsaslarla müəyyən edildiyi, eyni xidmətlərə (eyni sürət və paketlərə) görə eyni qiymətlərin təyin edildiyi və bu prosesin ölkədə fəaliyyət göstərən internet provayderləri tərəfindən əlaqəli bir şəkildə, uyğunlaşdırılmış hərəkətlər və ya kartel tipli münasibətlərlə həyata keçiriləcəyinin ilkin əlamətləri müşahidə olunub.

Müştərilərin seçim imkanlarını məhdudlaşdırmaqla həmçinin süni qiymət artımı tətbiq etməklə sui-istifadə hallarının qarşısının alınması məqsədilə Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlanılıb.

Məsələ ilə əlaqədar olaraq Dövlət Xidməti tərəfindən bir sıra görüşlər keçirilib. Araşdırmaların nəticələrinə uyğun olaraq Dövlət Xidməti tərəfindən qanunamüvafiq tədbirlər görüləcəyi bildirilib.

Araşdırmanın başlandığı vaxtdan bir gün sonra “Aztelekom” və “Baktelekom” qiymətləri 18 manatdan 25 manatadək yüksəltdi. Hərçənd ki, bu açıqlamada da öz əksini tapırdı və əvvəlcədən bildirilmişdir. Lakin, digər hansı şirkətlər barədə araşdırmanın gedəcəyi müzakirə mövzusudur. Süni qiymət artımı edib, lazım olan internet sürətini verməyən şirkətlər hansılardır?

Referans.az bununla bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə sorğu ünvanlayıb. Açıqlamada sözügedən məsələ ilə bağlı araşdırmanın davam etdiyi, nəticələri barədə ictimaiyyətə məlumatın veriləcəyi bildirilib.


Xəbər xətti

27 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin