MSK “Seçki günü üçün yaddaş” kitabçası hazırlayıb - FOTO

20:21 - 3 Avqust 2024

MSK “Seçki günü üçün yaddaş” kitabçası hazırlayıb - FOTO

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) müxtəlif statuslu seçki iştirakçılarının maarifləndirilməsi proqramı çərçivəsində “Seçki günü üçün yaddaş” kitabçası hazırlayıb.

 

Mərkəzi Seçki Komissiyasının Katibliyinin Media və kommunikasiya şöbəsindən Manset.az-a bildirilib ki, layihə məntəqə seçki komissiyaları üzvlərinin seçki günü prosedurları barədə məlumatlılığının artırılması və fəaliyyətlərinin daha da təkmilləşdirilməsi məqsədi daşıyır.

Nəşrdə məntəqə seçki komissiyaları üzvlərinin seçki günü rol və vəzifələri, seçki məntəqəsinin açılması, səsvermə saatlarında tədbirlər, səsvermə prosesində müstəsna hallar, seçki məntəqəsinin bağlanması, səslərin hesablanması və səsvermənin nəticələrinin müəyyənləşdirilərək rəsmi protokolların doldurulması da daxil olmaqla, bütün prosedurların aydın, müfəssəl və əhatəli izahı verilib.

Seçki Məcəlləsinin müddəaları, Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi təlimat, izah, qayda və digər normativ xarakterli sənədlər əsasında hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası dairə və məntəqə seçki komissiyalarının üzvlərinə, müşahidəçilərə və digər maraqlanan seçki subyektlərinə çatdırılıb.

“Seçki günü üçün yaddaş” kitabçasını aşağı seçki komissiyalarından, eləcə də Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək mümkündür.



Xəbər xətti

15 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin