Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA
22 Dekabr 2024
08:00 - 3 Avqust 2024
Postdam Astrofizika İnstitutunun alimləri "Gaia"nın müşahidə materiallarına əsasən Günəşdən 3200 işıq ili məsafədə ilkin ulduzların formalaşdırdığı nazik qalaktik disk aşkar ediblər.
Bu barədə Manset.az-a N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bu ulduzların bəzilərinin yaşı 13 milyard ildən çoxdur. Bu isə o deməkdir ki, formalaşdırdıqları nazik qalaktik disk Böyük Partlayışdan sonra ilk bir milyard il ərzində formalaşıb. İndiyədək isə alimlər qalaktikaların kainat yarandıqdan bir neçə milyard il sonra formalaşdıqlarını düşünürdülər.
İlkin ulduzlar adətən kimyəvi tərkibinin daha yüngül elementlər - hidrogen və heliumdan ibarət olması ilə fərqlənirlər. Hesab olunur ki, ilkin kainat hidrogen və heliumdan ibarət idi. Metalla zəngin ulduzlar isə artıq ikinci nəsil ulduzlardır. Çünki karbon, azot və dəmirədək nisbətən ağır elementlər massiv ulduzların nüvəsində sintez olunur və onlar ifrat yeni ulduz kimi partladıqda kosmosa yayılaraq metallığı yüksək yeni nəsil ulduzları formalaşdırırlar.
Aşkar olunmuş ulduzların əksəriyyəti nazik diskdə yerləşir və qalaktikanın mərkəzi ətrafında vahid sistem kimi dolanırlar. Nazik diskin qalın diskə keçidində yerləşən ən cavan ulduzların yaşı belə 8-10 milyard il ətrafındadır.
Qalaktikanın xromo-xemo-kinematik xəritəsinin qurulması üçün hər bir ulduzun dəqiq yaşının, kimyəvi tərkibinin və hərəkətinin müəyyən edilməsi çox vacibdir. Bu xəritələşmə Qalaktikanın necə formalaşması xronologiyasını və təkamül yolunu araşdırmaq üçün istifadə olunur. Metallığı az ilkin ulduzların öyrənilməsi isə bizə Qalaktikanın yarandığı vaxta qapı açır. Lakin araşdırma nəticəsində müəyyən edilib ki, bəzi ilkin ulduzların metal tərkibi Günəşdə olandan 2 dəfə çoxdur. Bu nəticə onu deməyə əsas verir ki, qalaktikalar 4-5 milyard il əvvəl yox, elə kainat təzə yarandığı milyard il ərzində formalaşmağa başlayıb. Tədqiqat qrupu düşünür ki, qalaktikanın mərkəzində ulduzəmələgəlmə prosesi biz düşündüyümüzdən bir neçə dəfə sürətlə gedib, metallığı yüksək olan ulduzların yaranmasına səbəb olub. Ən əsası isə Qalaktik diskin daha erkən əmələ gəlməsi müşahidə olunan ən uzaq qalaktikalarla bizim Qalaktika arasındakı zaman uyğunsuzluğunu aradan götürür.
Tədqiqat işi üçün ~800 000 ulduz seçilib və maşın-dili üsulu ilə seçmə aparılıb. Əsas parametrlər olaraq qravitasiya, kimyəvi tərkib, temperatur, məsafə, ulduzun kinematikası və yaşı götürülüb. Əlavə olaraq metallığın müqayisəsi üçün LAMOST-LRS kataloqundan istifadə olunub.
Tədqiqat işi "Astronomy & Astrophysics" jurnalında çapa təsdiq olunub və ilkin versiya "arxiv.org" serverində yerləşdirilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin