Zəngəzur dəhlizi tənəzzülə uğrayan Ermənistan iqtisadiyyatının son xilas yoludur

08:18 - 31 Oktyabr 2021

Zəngəzur dəhlizi tənəzzülə uğrayan Ermənistan iqtisadiyyatının son xilas yoludur

2020-ci ildə Ermənistan iqtisadiyyatı (ÜDM) 7.4% aşağı düşüb. 2021-ci ildə isə proqnozlara əsasən 5.2%-dən maksimum 6.1%-dək yüksələcək.

Bu isə o deməkdir ki, bu il də Ermənistan iqtisadiyyatı pandemiya və müharibədən əvvəlki səviyyəyə qayıda bilməyəcək.

 

Manset.az xəbər verir ki, İqtisadçı-ekspert, millət vəkili Vüqar Bayramov Trend-ə açıqlamasında bildirib ki, Ermənistan tənəzzülə uğramış iqtisadiyyatını kommunikasiyaların açılması sayəsində bərpa edə bilər:

"Ermənistanda iqtisadi vəziyyət müharibədən əvvəl kəskin şəkildə pisləşmişdi. Müharibə dövründə isə vəziyyətin daha da pisləşdiyi müşahidə olundu. Hətta beynəlxalq təşkilatlar tərəfindən kredit reytinqləri də aşağı salındı. Bu ondan xəbər verir ki, Ermənistan iqtisadiyyatının makroiqtisadi göstəricilərində də pisləşmə var və böhran vəziyyəti davam edir. Eyni zamanda ölkənin xarici borcunun ÜDM-dəki payı 60 faizdən çoxdur, valyuta ehtiyatları kifayət qədər kiçikdir və büdcənin fiskal imkanları məhduddur".

Millət vəkili eyni zamanda qeyd edib ki, Ermənistan mövcud durumdan çıxmaq üçün region ölkələri ilə əməkdaşlıqda, həmçinin kommunikasiyaların və paralel olaraq Zəngəzur dəhlizinin açılmasında maraqlı olmalıdır:

"Bu gün Ermənistanın qarşısında iki yol var. Birincisi, revanşist meyilləri davam etdirib, iqtisadi tənəzzülünü daha da dərinləşdirmək. Təbii ki, Azərbaycan istənilən revanşist meyillərə cavab vermək gücündədir və bu, sadəcə Ermənistanın özü üçün yeni bir təhlükə ola bilər. İkincisi kommunikasiyaların, eləcə də Zəngəzur dəhlizinin açılması ilə regionda iqtisadi əməkdaşlığın paralel şəkildə bərpa edilməsidir. Azərbaycan sülh müqaviləsi imzalamaqda və bütövlükdə regionda sülhün bərqərar edilməsində maraqlıdır. Ona görə də Ermənistan iqtisadiyyatının inkişafı eyni zamanda qonşularının ərazi bütövlüyünü tanıması və sülh şəraitində yaşamaq istəyindən asılıdr. Bu baxımdan Zəngəzur dəhlizinin açılması Ermənistan üçün iqtisadi əhəmiyyət daşıya bilər. Əgər Ermənistan müşahidə edilən iqtisadi tənəzzülün qarşısını almaq və mərhələli şəkildə bərpa etmək istəyirsə, kommunikasiyaların açılması onun üçün xüsusi bir alternativdir. Digər tərəfdən Zəngəzur dəhlizinin açılması bütövlükdə region ölkələri üçün yeni iqtisadi imkanlar yaradacaq. Nəzərə alsaq ki, Türkiyə tərəfindən 6-lıq platforması təklif olunub. Bu, həm 3 region ölkəsinin (Azərbaycan, Gürcüstan, Ermənistan), həm də regionla qonşu 3 ölkənin (Türkiyə, Rusiya, İran) iqtisadi maraqlarına uyğun hesab olunur".

İqtisadçı-ekspert Rəşad Həsənov da qeyd edir ki, Ermənistan üçün rifahın yolu konstruktiv davranışdan, eyni zamanda bölgədə sülhün olmasından keçir:

“2020-ci ildə Ermənistan iqtisadiyyatı da daxil olmaqla dünyanın bir çox ölkəsinin iqtisadiyyatında yaranmış zərər, iqtisadi kiçilmə tam olaraq bərpa edilməyib. Ermənistanda isə vəziyyət daha acınacaqlıdır. Çünki Ermənistan 2020-ci ildə müharibədə ağır məğlubiyyətlə üzləşib. Bu məğlubiyyətdən sonra siyasi sabitlik pozuldu, eyni zamanda Ermənistan cəmiyyətində ümidsizlik yarandı, ölkə kifayət qədər ciddi hərbi xərclərlə üz-üzə qaldı. Hazırkı vəziyyətdə Ermənistan üçün rifahın yolu konstruktiv davranışdan, eyni zamanda bölgədə sülhün bərqərar olmasından keçir. Burada da Ermənsitanın üzərinə ciddi öhdəliklər düşür. Bunlardan biri Azərbaycanın ərazi bütövlüyünün rəsmən tanınması, ikincisi isə üçtərəfli bəyanata uyğun olaraq regionda kommunikasiyaların bərpası istiqamətində mövqe ortaya qoymasıdır. Türkiyə və Azərbaycan kimi əsas və böyük qonşularla iqtisadi-siyasi münasibətləri bərpa etmək Ermənistan üçün yaranmış çox ciddi çağırışlardan biridir.”

Ekspert qeyd edib ki, artıq Ermənistan hökuməti və cəmiyyəti regionda yaranmış reallıqları qavrayır:

“Onlar başa düşür ki, Azərbaycan və Türkiyə ilə iqtisadi münasibətlərin bərpa olunması mövcud iqtisadi blokada kimi problemlərin həllində rol oynayacaq.

Zəngəzur dəhlizi Azərbaycan, Türkiyə və Rusiya üçün əhəmiyyətli olduğundan da çox Ermənistan üçün vacibdir. Dəhliz vasitəsilə ilə Ermənistan kifayət qədər ciddi üstünlüklər əldə edə bilər.

Kommunikasiyaların inkişafı Ermənistanın Türkiyə üzərindən Avropa bazarlarına çıxışı üçün əlverişli şərait yaradacaq.”


Xəbər xətti

4 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin