İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
23 Noyabr 2024
14:55 - 18 İyul 2024
Fikir, söz və məlumat azadlığı, sərbəst düşüncənin ifadə olunması üçün hüquqların təmin olunması kütləvi informasiya vasitələrinin və bütövlükdə müasir informasiya cəmiyyətinin söykəndiyi əsas dəyər və məqsəd olmaqla bərabər, ölkənin demokratik inkişaf səviyyəsini müəyyənləşdirməyə imkan verən əsas elementlərdəndir.
Kütləvi İnformasiya Vasitələri - qəzetlər, jurnallar, televiziya və radiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. İnsan hüquq və azadlıqlarının ayrılmaz hissəsi olan söz, fikir və ifadə azadlığı və bunların təminatı hər bir ölkədə demokratiyanın nə dərəcədə inkişaf etdiyinin və demokratik təsisatların nə dərəcədə uğurlu işləməsinin əsasını təşkil edir. Azərbaycan mətbuatı milli və bəşəri dəyərləri rəhbər tutaraq demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza müstəsna xidmətlər göstərir.
Dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir. Bu gün ölkədə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. Artıq kütləvi informasiya vasitələri də məhz bu imkanlardan yararlanaraq öz müstəqil, azad fəaliyyətlərini davam etdirir, dövlətçilik, milli maraqlar prizmasından çıxış edirlər. Bu gün Azərbaycanda fikir, söz və məlumat azadlığı, plüralizm inkişaf edir. Ölkə söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdən hesab edilir.
Mövzu ilə bağlı Manset.az-a açıqlama verən "Bizim media" xəbər portalının rəhbəri, jurnalist Anar Tahirov bildirib ki, Azərbaycanda söz və mətbuat azadlığının inkişafı üçün dövlət tərəfindən mediaya böyük dəstək var:
"Azərbaycan mətbuatı 149 illik dövr ərzində mühüm inkişaf yolu keçib. Müstəqillik illərində, xüsusilə də Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra aparılan islahatlar sayəsində Azərbaycan mətbuatının üzərindəki bu qara buludlar da dağıldı. Xüsusilə, senzuranın ləğvini və Medianın İnkişafı Agentliyinin və Media Reyestrinin yaradılmasını mətbuatımızın inkişafında ən mühüm addımlar kimi qiymətləndirə bilərik.
1998-ci il avqust ayının 6-da ümumilli lider Heydər Əliyev mətbuatda senzuranı ləğv edərək Azərbaycanda söz və məlumat azadlığının əsasını qoydu. Bu sərəncam demokratik cəmiyyət olaraq Azərbaycanın perspektiv inkişaf xəttinə və mətbuatın dirçəlməsinə güclü təkan vermişdi. Bu addımdan sonra fikir, məlumat azadlığı, plüralizm, insanların azad fikir söyləməsi əsas prioritetə çevrildi və inkişafa doğru irəlilədi.
Düşünürəm ki, son illərdə media sahəsində aparılan islahatlar nəticəsində mətbuatımızdakı bir çox xoşagəlməz hallar böyük ölçüdə aradan qaldırılıb. Xüsusilə də, Media Reyestrinin fəaliyyətə başlaması bu sahədə mühüm rol oynayıb. Ölkəmizdə fikir və mətbuat azadlığını xarakterizə edən bir çox məqamları qeyd edə bilərik. Məsələn, Azərbaycanda müxtəlif siyasi ideologiyaları təmsil edən partiyaların mətbu orqanları azad şəkildə fəaliyyət göstərir, üstəlik onlara dövlət dəstəyi də verilir. Bundan əlavə, vətəndaşlar öz şikayətlərini də mətbuat vasitəsilə rahatlıqla işıqlandıra bilirlər.
Post-sovet ölkələri ilə müqayisə etsək, Azərbaycan mediası söz azadlığı və plüralizm baxımından müsbət mənada fərqlənməyi bacarır. Azərbaycan mətbuatının əksər ölkələrlə müqayisədə təqdirəlayiq hesab edə biləcəyimiz üstünlüklərindən biri də dövlətçilik ideyalarına bağlılığının yüksək səviyyədə olmasıdır. Biz tarixin mühüm dönüm nöqtələrində, məsələn Qarabağ müharibəsi dövründə mediamızın Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün səfərbər olduğunu gördük. Eyni zamanda Azərbaycan mediaya dövlət dəstəyinin göstərilməsi kimi müsbət tədbirlərin görüldüyü nadir ölkələrdəndir".
İnternet-media eksperti Səbuhi Abbasov qeyd edib ki, hazırda ölkəmizdə ənənəvi və yeni mediaya ayrı-ayrılıqda dəstəkyönümlü köklü yanaşmalar tətbiq edilməkdədir:
"Sözsüz ki, söhbət demokratik dövlət quruculuğundan, beynəlxalq təşkilatlarla əməkdaşlıqdan, götürülən öhdəliklərdən getsə də, burada əsas məsələ, cənab Ali Baş Komandanın da son tədbirdə vurğuladığı kimi, Azərbaycanda medianın inkişafına xidmət etməkdir.
Qeyd etdiyim kimi, ulu öndər Heydər Əliyevin gəlişindən sonra media nə qədər inkişaf etsə də, daxili mediada hələ də bir çox problemlər hökm etməkdə idi. Bu problemləri aradan qaldırmaq məqsədilə ulu öndər Heydər Əliyev bir çox dəstəkləyici addımlar atmışdı. Məsələn,1999-cu ilin sonunda qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” yeni qanun mətbuatda demokratik prinsiplərin daha da möhkəmləndirilməsinə xidmət etdi. Bu sənəd Azərbaycanda mətbuatın inkişafına mane olan bir sıra bürokratik əngəllərin aradan qaldırılmasına yol açdı.
Bu gün cənab prezident İlham Əliyev tərəfindən də mediaya böyük dəstək müşahidə olunur. Medianın İnkişafı Agentliyinin yaradılmasını buna nümunə göstərmək olar. Hazırda ölkəmizdə ənənəvi və yeni mediaya ayrı-ayrılıqda dəstəkyönümlü köklü yanaşmalar tətbiq edilir.
II Qarabağ müharibəsində biz atılan bu addımların bəhrəsini istər ənənəvi, istərsə də yeni mediada gördük. Cəbhədə olduğu kimi informasiya müharibəsində də düşmənə qalib gəldik və şahid olduq ki, ləyaqətli jurnalistlərimiz sanki bir əsgərtək düşmənlə savaşırdılar.
Əlbəttə, hələ də bir çox problemlər var. Düşünürəm ki, onlar da zamanla öz həllini tapacaq və sağlam medianın inkişafı təmin olunacaq.
Statistikalar göstərir ki, qlobal miqyasla müqayisədə ölkəmiz irəli sıralardadır. Bəzi qərəzli yanaşmalar bizi geriyə çəkməyə çalışsa da, obyektiv müqayisələrə nəzər saldıqda kifayət qədər irəlidə olduğumuzu görə bilərik".
Səbuhi Abbasov bildirib ki, Azərbaycanda medianın inkişafından söhbət açarkən Türkiyə ilə birgə əməkdaşlıq tədbirlərini xüsusi vurğulamaq lazımdır:
"Mən qardaş ölkə Türkiyənin dəstəyini xüsusi vurğulamaq istəyirəm. Son illərdə Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası mütəmadi olaraq Türkiyənin aidiyyəti qurumları ilə sıx əməkdaşlıq edirlər. Bizim jurnalistlər Türkiyəyə, türk jurnalistlər isə ölkəmizə səfər edir və aparılan təcrübə mübadiləsi Azərbaycan mətbuatının peşəkar inkişafına da öz təsirini göstərir. Dövlətimiz qardaş ölkə ilə yanaşı bir çox xarici dövlətlərlə də bu istiqamətdə əməkdaşlıq edir. Nəticə etibarilə görürük ki, mətbuatımız inkişafa davam edir, yeniliklərlə ayaqlaşır, daha irəli nöqtəyə gəlməyə çalışır və mən inanıram ki, tezliklə bu baş tutacaq".
Fidan Əliyeva
6.3.2. Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin