Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
14:20 - 18 İyul 2024
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 17-19 iyul tarixlərində Şuşa şəhərində Vaqif Poeziya günləri keçirilir.
Manset.az xəbər verir ki, iyulun 18-də Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin qarşısında poeziya bayramının açılışı olub.
Açılış mərasimində dövlət və hökumət nümayəndələri, respublikanın tanınmış ədəbiyyat elm və mədəniyyət xadimləri, eləcə də bu ilin may ayında doğma yurda köçmüş Şuşa sakinləri iştirak ediblər.
Azərbaycan Yazıçılar Birliyinin (AYB)-nin birinci katibi Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək Şuşada belə bir möhtəşəm tədbirdə iştirakdan məmnun olduğunu söyləyib. Bildirib ki, builki Vaqif Poeziya Günləri bir çox mühüm əlamətdar hadisələrlə üst-üstə düşür: “Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsindən sonra keçirilən ilk poeziya bayramıdır. Bundan əlavə, Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirir. Bu il həmçinin dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530, Azərbaycan Yazıçılar Birliyinin isə 90 illik yubileyləridir. Builki tədbirdə Yazıçılar Birliyinin 100-dən çox üzvü iştirak edir”.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Molla Pənah Vaqifin yaradıcılığından söz açıb. Qeyd edib ki, Vaqifi sələflərindən fərqləndirən əsas cəhətlərdən biri onun ilk dəfə olaraq Azərbaycan coğrafiyasını açıq və geniş şəkildə ədəbiyyatımıza gətirməsidir: “Vaqif öz şeirlərində ellər yaraşığı olan Azərbaycan gözəllərini tərənnüm edib. O, xalq danışıq dilini yüksək səviyyədə ədəbiyyata gətirib. Onun yaradıcılığı hər şeydən əvvəl, bir azərbaycançılıq hadisəsidir”.
Alim bildirib ki, SSRİ-nin məkrli şəkildə Qarabağda beynəlmiləlçilik hərəkatını, siyasətini həyata keçirdiyi bir zamanda Ümummilli lider Heydər Əliyevin Şuşada Vaqifə belə bir əzəmətli məqbərə ucaltması Qarabağa Azərbaycanın möhürünü vurması demək idi: “Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş Şuşada il olaraq Vaqifin məqbərəsinin yenidən bütün əzəməti ilə bərpa edilməsi mühüm əhəmiyyətə malikdir. Yenidən təşkil olunan Vaqif Poeziya Günləri Prezident İlham Əliyevin liderliyi ilə günü-gündən inkişaf edən Azərbaycanın şeir, sənət dili ilə ifadə olunan böyük təntənəsidir”.
Xalq yazıçısı Elmira Axundova Ulu öndər Heydər Əliyevin Azərbaycan dilinə, ədəbiyyatına sonsuz sevgisindən, qayğısından danışıb. Bildirib ki, hələ sovet dövrünün ən çətin vaxtlarında Heydər Əliyev milli düşüncənin, azərbaycançılıq ideyasının yaşamasına, inkişafına təkan verib. Bu düşüncəni yaşadan, gələcək nəsillərə çatdıran əsərlərə Dövlət mükafatının verilməsinə nail olub.
Milli Məclisin VI çağırış deputatı olmuş Fazil Mustafa söyləyib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük təşkilatçılıq qabiliyyəti, Azərbaycan Ordusunun misilsiz rəşadəti ilə bütün torpaqlarımız azad olundu. Bu gün Şuşa Azərbaycanın simvoluna çevrilən bir məkan olaraq yenidən öz görkəminə, əzəmətinə qaytarılır.
Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini Rəşad Məcid, AYB-nin katibi Səlim Babullaoğlu və birliyin Qazax bölməsinin sədri Barat Vüsal Şuşanın füsunkarlığı, qeyri-adi təbiəti, bənzərsizliyi, beynəlxalq tədbirlərin ünvanına çevrilməsindən danışıb, şeirlər söyləyiblər.
Bədii hissədə Əməkdar artistlər Azad Şükürov və Nazir Rüstəmovun ifasında Məhəmməd Füzuli və Molla Pənah Vaqifin yaradıcılıq nümunələri əsasında poetik duet təqdim edilib.
Əməkdar artist Nigar Şabanova, solistlər Abgül Mirzəliyev, İlkin Dövlətov və Leyla Rəhimlinin ifasında "Qarabağ” kompozisiyası, "Şuşanın dağları" və "Bura vətəndir" musiqi nömrələri səsləndirilib. Konsert proqramı alqışlarla qarşılanıb.
Sonda xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada böyük şair və dövlət xadimi Molla Pənah Vaqifin (1717–1797) məqbərəsinin və Poeziya evinin təntənəli açılışı olub. Məhz həmin tədbirdə Heydər Əliyev ədəbiyyat xadimlərimizin bu yöndə təşəbbüsünü dəstəkləyərək Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib. Söz-sənət bayramı ilk dəfə 1982-ci ilin iyulunda təşkil edilib.
42 illik tarixə malik Vaqif Poeziya Günləri işğaldan azad edilmiş Şuşada artıq dördüncü dəfədir təşkil olunur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin