Prezident yeni salınan parkla tanış oldu - FOTO
30 Oktyabr 2024
18:22 - 24 İyun 2024
İyun ayının 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2023/2024-cü tədris ili üzrə məzun günü keçirilib.
Manset.az xəbər verir ki, tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Nazirlər Kabineti və digər qurumların nümayəndələri, Milli Məclisin deputatları, eləcə də dini icma sədrlərinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan Aİİ-nin rektoru Aqil Şirinov qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ildə təsis edilən İnstitut din sahəsində yüksəkixtisaslı kadrlar hazırlayır. Dünya dinləri haqqında dərin biliklərə malik, tərəfsiz və bütün konfessiyalara qarşı tolerant yanaşan milli kadrları yetişdirməyi qarşısına məqsəd qoyan Aİİ İslam dünyasında məzhəbüstü təhsil verən nadir təhsil ocaqlarından biridir. 297 tələbənin təhsil aldığı institutda xaricdə yaşayan soydaşlarımızın təhsili üçün də şərait yaradılıb. Rektor Aİİ-nin Türkiyə, Rusiya, Gürcüstan, Özbəkistan, Qazaxıstan, İndoneziya, Malayziya, Pakistan kimi ölkələrin ali təhsil müəssisələri ilə yaxından əməkdaşlıq etdiyini bildirib. Ötən il İnstitutun yanında “Bakı İlahiyyat Kolleci”nin təsis edilməsinin din sahəsində sağlam düşüncəli, dövlətçiliyə bağlı kadrların hazırlanması baxımından önəmini vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov İnstitutun professor-müəllim heyətini və tələbələrini “Məzun günü” münasibətilə təbrik edərək bildirib ki, ixtisasından, təhsilindən, peşəsindən asılı olmayaraq, dövlətimizin güclənməsinə çalışmaq hər bir vətəndaşın ümdə vəzifəsidir. Dövlət Komitəsinin sədri qeyd edib ki, biz Cənubi Qafqazın tarixində yeni bir səhifə açmış böyük bir millətin nümayəndələri, güclü bir dövlətin vətəndaşlarıyıq. Vurğulayıb ki, Ümummilli Liderimizin adını daşıyan Heydər Əliyev Fondunun işğal dövründə məhv edilmiş dini, tarixi abidələrimizin bərpası ilə bağlı başladığı missiya milli-mənəvi dəyərlərimizə, tarixi və mədəni irsimizə son dərəcə möhkəm tellərlə bağlı unikal bir xalq olduğumuzun göstəricisidir. Azərbaycan İlahiyyat İnstitutunun əsas məqsədi də məhz milli-mənəvi dəyərlərə, dövlətçilik ənənələrinə sadiq mütəxəssislər yetişdirməkdir. R. Məmmədov İnstitutun məzunlarının bu məsuliyyətin yükünü çiyinlərində daşımağa qadir peşəkarlar kimi özlərini təsdiq edəcəklərinə əminliyini ifadə edib, onlara uğurlar arzulayıb.
Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli İnstitutun məzunlarını təbrik edərək, onların milli-mənəvi dəyərlərimizin təşviqi istiqamətində xüsusi rol oynayacaqlarına ümidvar olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycanda digər sahələrdə olduğu kimi, dini sahədə də xeyli dəyişikliklər baş verib, əhəmiyyətli addımlar atılıb, böyük uğurlar əldə edilib. Azərbaycanda dövlət-din münasibətlərinin dünyaya nümunə olduğundan bəhs edən F.İbrahimli ali dini təhsilin əhəmiyyətinə toxunub. Qeyd edib ki, din təhsili milli dəyərlərimiz, eləcə də ölkəmizdəki çoxəsrlik multikulturalizm və tolerantlıq ənənələri nəzərə alınmaqla, bu sahədə beynəlxalq təcrübə öyrənilməklə həyata keçirilməlidir.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və Bakı Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev çıxışlarında milli-mənəvi dəyərlərimizə, dövlətçilik ənənələrimizə bağlı mütəxəssislərin yetişdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Məzunları adından çıxış edən Zeynəb Kərimli Azərbaycan dövlətinin gənclərə diqqət və qayğısının peşəkar mütəxəssislərin yetişdirilməsində mühüm rol oynadığını bildirib.
Çıxışlardan sonra İnstitutu yüksək göstəricilərlə başa vurmuş məzunların təltif edilməsi mərasimi keçirilib və bədii proqram təqdim olunub.
Məzun günü proqramı çərçivəsində İslam incəsənəti dərnəyi sərgisi nümayiş olunub, Aİİ-nin müəllim və tələbələrdən ibarət özfəaliyyət kollektivinin ifasında musiqi proqramı təqdim edilib, I kurs tələbəsi Qismət Rzayev tərəfindən “Quran tilavəti” oxunub.
Qeyd edək ki, 2023/2024-cü tədris ilində Azərbaycan İlahiyyat İnstitutunda 52 (25 qız, 27 oğlan) tələbə məzun olur. Bununla da indiyədək institutdan məzun olanların sayı 173 nəfərə çatıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin