Deputat Silahlı Qüvvələr Günündən yazdı

17:05 - 24 İyun 2024

Deputat Silahlı Qüvvələr Günündən yazdı

Müstəqil və güclü dövlətin əsas atributlarından biri onun silahlı qüvvələridir. Ordumuz müstəqillik illərindən başlayaraq şərəfli inkişaf yolu keçmişdir. Ölkəmizin parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev nizami ordu quruculuğu prosesinə start verdi. Məhz onun rəhbərliyi ilə bu sahədə aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi və ordumuzun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı.

Ümumilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin hərtərəfli diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Effektiv ordu quruculuğu siyasətinin bir hissəsi kimi Ordumuzun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.

2020-ci ildə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz düşmən tapdağında olan ərazilərimizi işğaldan azad edərək tarixi nailiyyətə imza atdı. 44 gün kimi qısa bir zaman ərzində misilsiz şücaət göstərən Silahlı Qüvvələrimiz 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi öz doğma yurduna geri qaytardı. Dövlət başçımızın qətiyyəti, qəhrəman hərbçilərimizin rəşadəti hesabına və şəhidlərimizin qanı-canı bahasına əldə etdiyimiz bu şanlı qələbə ilə bütün dünya Azərbaycanın qüdrətinə şahid oldu.

Qələbəmizdən sonrakı dövrdə də ordumuzun döyüş qabiliyyəti artırılır, bu istiqamətdə təlimlər həyata keçirilir və beynəlxalq hərbi əməkdaşlıq möhkəmləndirilir. Ordumuz güclüdür və Ali Baş Komandanımızın hər bir əmrini yerinə yetirməyə qadirdir!

Emin Hacıyev
Millət vəkili


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin