Bakı Xoreoqrafiya Akademiyasına infotur təşkil edilib - FOTO

14:07 - 24 İyun 2024

Bakı Xoreoqrafiya Akademiyasına infotur təşkil edilib - FOTO

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə 2024/2025-ci tədris ili üzrə şagirdlərin qəbul imtahanları davam edir. 


Manset.az xəbər verir ki, bu il vətəndaşların rahatlığı üçün ilk dəfə olaraq imtahanlar mərkəzləşdirilmiş şəkildə həyata keçirilir. 20-30 iyun tarixlərini əhatə edən imtahan mərhələsi paytaxtımız üzrə Bakı Xoreoqrafiya Akademiyasında təşkil olunur.

İyunun 24-də Bakı Xoreoqrafiya Akademiyasında imtahan prosesi ilə tanış olmaq məqsədilə media nümayəndələri üçün infotur təşkil edilib.

Tədbirdə media nümayəndələri ilə yanaşı, mədəniyyət nazirinin müavini Murad Hüseynov, nazirin müşaviri Cəsarət Valehov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə, Xalq artistləri, tarzənlər Ramiz Quliyev, Elçin Həşimov və digər qonaqlar iştirak ediblər.

Qonaqlar əyani şəkildə imtahan mərhələsinin gedişatı ilə tanış olublar. Onlara qəbul imtahanı barədə məlumat verilib.

Qeyd olunub ki, iyunun 20-dən başlayaraq ilk dəfə vahid elektron qəbul sistemi ilə qeydiyyatdan keçmiş namizədlər əyani şəkildə reallaşan imtahanlarda iştirak edirlər. Ümumilikdə 16280 nəfər elektron qeydiyyatdan keçib. Onlardan 4167 nəfəri Bakı şəhəri üzrə qəbul üçün müraciət edənlərdir.

Bildirilib ki, tətbiq edilən bu yeni yanaşma mədəniyyət təhsili sahəsində həyata keçirilən islahatların vacib həlqəsidir. Musiqi və incəsənət məktəblərinə qəbulun elektronlaşdırılması və qabiliyyət imtahanlarının vahid məkanda aparılması şəffaf qiymətləndirmə, vətəndaş məmnuniyyəti və zamana qənaət baxımından əlverişlidir.

Şagird seçiminin bu müstəvidə aparılması həm də musiqi və incəsənət məktəblərinin real imkanlarını ölçmək və şagirdlərin təhsil göstəricilərini daha dəqiq qiymətləndirmək imkanlarına görə əhəmiyyətlidir.
Turun sonunda xatirə şəkli çəkdirilib.

Xatırladaq ki, imtahanın nəticəsi barədə bütün imtahanlar yekunlaşdıqdan sonra 3 (üç) iş günü ərzində şəxsi kabinet, elektron poçt və ya SMS məlumatlandırma xidməti vasitəsilə namizədə (18 yaşa çatmayanların valideyninə və ya qanuni nümayəndəsinə) bildiriş göndəriləcək.



Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin