Qlobal ərzaq qıtlığı, dünyada qiymət artımları - Azərbaycanı nə gözləyir?

15:17 - 26 Oktyabr 2021

Qlobal ərzaq qıtlığı, dünyada qiymət artımları - Azərbaycanı nə gözləyir?

Hazırda bir sıra dünya ölkələrində, özəlliklə Avropa və ABŞ-da müşahidə olunan tədarük böhranı öz təsirlərini göstərməkdədir. Belə ki, son günlər ABŞ və Böyük Britaniya kimi ölkələrin supermarketlərində ərzaq məhsullarının tükəndiyi və rəflərin boş qaldığı ilə bağlı xəbərlər dərc olunur.

 

Eləcə də, Milad yaxınlaşdıqca tədarük böhranının daha qabarıq şəkildə özünü göstərəcəyi güman olunur.

Bəs dünya ölkələrində narahatlıqlar yaradan tədarük böhranının əsas səbəbi nədir?

Manset.az xəbər verir ki, mövcud problemi “Ölkə.Az”a şərh edən iqtisadçı ekspert Elman Sadıqov bildirdi ki, 2020-ci ildə gedilən qapanmaların və pandemiyanın gətirdiyi vəziyyəti əslində, dünya 2021 və 2022-ci illərdə hiss edəcək: “Bunun səbəbi biznesin davamlılığı riskidir. Əgər biznes kəsintilərə məruz qalırsa və davamlılığı pozulursa, bunu bazar həmin müddətdə hiss etmir. Çünki anbarlarda müəssisənin öncəki aylarda buraxdığı məhsullar olur və həmin müddətdə sözügedən malların satışı davam edir. Lakin qapanma bir az da uzanarsa, o halda bazarda həmin məhsulun qıtlığı yaranır və bunu bazar bir neçə aydan sonra hiss edir. Bu baxımdan 2020-ci ildə olan biznes qapanmalarını dünya daha çox həmin ildə hiss etmədi, mövcud olan stoklar, anbarlar və satış nöqtələrində qalan məhsulların satışı davam etdi. Həmin kəsintilərin nəticələrini indi hiss etməyə başlamışıq”.

Ərzağın ilkin xammalının istehsalında problemlər oldu

Ekspertin sözlərinə görə, pandemiya dövründə ərzaq məhsullarının istehsalının davam etməsinə baxmayaraq, ərzağın ilkin xammalının istehsalında problemlər oldu: “Məsələn, un istehsalı müəssisələri demək olar ki, dayanmadı. Lakin həmin fabriklər üçün istehsal olunan və becərilən xammal məhsullarının tədarükündə ciddi sıxıntılar oldu. Çünki bir çox ölkələrdə bu məhsullar ucuz işçi qüvvəsi olan miqrantların hesabına becərilib. Qapanmalar dövründə sərhədlərin bağlanması ilə miqrantların hərəkətində məhdudiyyətlər yaşandı və nəticədə, ciddi şəkildə ərzağın istehsalında azalmalar oldu”. 

İnflyasiya keçici deyil, qalıcı oldu

E. Sadıqov əlavə etdi ki, bu ərəfədə dünya ölkələrinin buraxdığı böyük bir səhv daha oldu: “Federal Ehtiyatlar Sistemi (FED) dəfələrlə qeyd etdi ki, mövcud inflyasiya müvəqqətidir. Çünki belə qeyd edilirdi ki, artan qiymətlərin 70-80%-ni bazar tənzimləyəcək və postpandemiya dövründə biznes tamamilə davam etdikdə, bazar qiymətləri geri çəkəcək və artan qiymətlər aşağı düşəcək. Lakin bazardakı artan müvəqqəti qiymətlər fonunda bir çox dövlətlərin qiymət artımına getməsi əsas səhvlərdən biri oldu. Bu isə artıq inflyasiyanı keçici deyil, qalıcı etdi. Bəzi tariflərin artımı geri qayıtmır və qiymətlər üzərində təzyiq yaradaraq inflyasiyanı gücləndirir.  
İnflyasiya gözləntisi inflyasiyanın özündən dəfələrlə təhlükəlidir. İnflyasiyanı gözləyən biznes strukturları öz anbarlarında qalan malları və ya az da olsa, istehsal etdirkəri malların hamısını bazara buraxmırlar. Çünki pandemiyadan zərər çəkiblər və qiymətlərin artacağını düşünürlər. Bu da bazarda qıtlığın yaranmasına və yenidən qiymət artımına səbəb olur”. 

Gördüyümüz ərzaq böhranı, bizi gözləyəndən dəfələrlə yumşaq olacaq

“Bu gün ərzaq böhranı nəticəsində ciddi şəkildə istixanaların bağlanması halı var. Həmçinin iqlim dəyişikliyi, enerji böhranı, suvarma problemi, quraqlıq səbəbindən kənd təsərrüfatının digər sahələrində də bəzi ölkələrdə problemlər yaşanır. 

Düşünürəm ki, dünya iqtisadiyyatı və bir çox ölkələr 2020-2021-ci illərdə buraxılan səhvlərin nəticələrini 2022-ci ildə daha çox hiss edəcək və problemlər daha bariz şəkildə ortaya çıxacaq. Əgər iqtisadiyyatın tələblərinə uyğun addımlar atılmazsa, bu gün gördüyümüz və hiss etdiyimiz ərzaq böhranı, bizi gözləyəndən dəfələrlə yumuşaq olacaq”, - deyə ekspert qeyd edib. 

Azərbaycana təsirləri qaçılmazdır

Azərbaycana gəlincə isə E. Sadıqov bildirdi ki, biz Rusiya ilə yanaşıyıq və ətrafımızda kənd təsərrüfatı məhsulları istehsal edən digər ölkələr var: “Məsələn, Türkiyə də kənd təsərrüfatı məhsulları ixrac edir, lirə də ucuzlaşıb, bu məhsulları oradan daha çox idxal edə bilərik. Və ya Rusiya iqlim dəyişikliyinə hələlik ciddi məruz qalmayan ölkədir. İqlimdə mülayimləşmə gedir ki, bu da kənd təsərrüfatı üçün daha məqbuldur. Bu da buğda istehsalını artırır. Digər ölkələrdə istehsalın aşağı düşməsindən Rusiya istifadə edir və kvota tətbiq edərək istədiyi şəkildə qiymətlər qoyur. 

Düşünürəm ki, Azərbaycan ərzaq qıtlığı ilə üzləşməyəcək, lakin qiymət artımı qaçılmazdır. Təəsüf ki, qiymət artımını hazırda da hiss edirik. Mən hər zaman qeyd etmişəm ki, müəyyən sahələrdəki qiymət artımı tələlərinə düşməməliyik. Dünya dövlətləri bu tələlərə düşərsə, inflyasiya da qalıcı olacaq”.


Xəbər xətti

16 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin