"Legiya"da Mahir Emreli ilə bağlı QALMAQAL

00:24 - 26 Oktyabr 2021

Polşa mətbuatı Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə "Legiya"nın sabiq baş məşqçisi Çeslav Mixneviç arasındakı narazılığın detallarını açıqlayıb.

Manset.az "Interia.pl" saytına istinadən xəbər verir ki, hər şey "Lex"ə qarşı Ekstraklasanın XI tur matçından əvvəl baş verib. Məşqçilər heyəti qarşılaşmadan 1 gün öncə rəqibin analizi ilə bağlı toplantı keçirib. İddiaya görə, 24 yaşlı hücumçu yatıb qaldığı üçün iclasa 45 dəqiqə gecikib.

Bundan sonra tərəflər arasında münasibətlər korlanıb. "Legiya"nın "Lex"ə 0:1 hesabı ilə uduzduğu görüşdən sonra 51 yaşlı mütəxəssisin forvardla bağlı səsləndirdiyi tənqidi fikirlər gərginliyi daha da artırıb. Emreli onu qol epizodlarını boşa verməkdə günahlandıran keçmiş baş məşqçisindən inciyib.

Yerli mətbuat həmçinin vurduğu 10 qolla komandanın ən sərrast hücumçusu olan forvardın intizamsızlığının təəccüblə qarşılandığını yazıb: "Azərbaycanlı futbolçunun bu qədər dəyişməsi təəccüb doğurur. Mixneviç mövsümün əvvəlində onun işinə yanaşmasını çox yüksək qiymətləndirirdi. O, Emrelinin öyrənməyə həvəsli olduğunu və futbolda böyük uğurlar qazanmaq istədiyini söyləmişdi".

Qeyd edək ki, "Legiya" bu gün Çesnav Mixneviçlə yollarını ayırıb. Onu bu vəzifədə əvəzedici komandanın baş məşqçisi Marek Qolebiyevski əvəz edib.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin