Bakıda tarixi binalar niyə rənglənir? - Rəsmi açıqlama

17:05 - 15 İyun 2024

Bakıda tarixi binalar niyə rənglənir? - Rəsmi açıqlama

Son günlər Bakıda aqlay daşlı binaların rənglənməsinə dair paylaşılan foto və videolar sosial şəbəkələrdə narazılıq yaradıb.

 

Manset.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri bunun yolverilməz olduğunu, tarixi binalara zərər vurulduğunu qeyd ediblər.

Məsələ ilə bağlı Bakı Abadlıq Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən "Report"a bildirilib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində şəhər ərazisində müvafiq işlər görülür, o cümlədən, tarixi əhəmiyyətli binalar, memarlıq abidələri abadlaşdırılır:

“Son günlər sosial şəbəkələrdə bəzi binaların təmir-bərpası ilə bağlı əsassız iddialar səsləndirilib. Təqdim edilən fotolardan aşkar şəkildə görünür ki, ağ rəngdə olan hissə boya yox, astardır. Tarixi bina olsa da, onun üzərində emulsiya işlənən yerlər var. Məhz həmin hissələr hazırda yenilənir. Astar vurulduqdan sonra ora kosmetik olaraq uyğun rəng tətbiq ediləcək”.

Qurum onu da qeyd edib ki, tarixi binaların, memarlıq abidələrinin təmir-bərpa prosesi cavabdeh qurumların birbaşa nəzarəti altında həyata keçirilir, mütəxəssis rəyi ciddi nəzərə alınır.

Məsələ ilə bağlı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov da paylaşım edib:

"Son bir neçə gün ərzində ictimaiyyətdə geniş müzakirə edilən, paytaxtımızda bir sıra binaların fasadlarının boyalanması məsələsi ilə əlaqədar Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən proses nəzarət altına götürülərək müvafiq qaydada aidiyyəti dövlət qurumları, Azərbaycan Memarlar İttifaqı və icraçı təşkilat olan "Bakı Abadlıq Xidməti" MMC ilə əlaqələndirmə prosesi təşkil edilərək lazımsız və memarlıq abidələrinə zərər gətirə bilən boyalanmaların aradan qaldırılması, təmizlənmə və digər işlərin əvvəlcədən bütün müvafiq qurumlarla razılaşdırılmış qaydada aparılacağı təmin edilmişdir. 

Şəkillərdə bu gün səhər saatlarında Səbail rayonunun Üzəyir Hacıbəyov küçəsi, 26 ünvanında yerləşən bir müddət öncə boyalanmaya məruz qalmış binanın fasadının təhlükəsiz üsulla təmizlənməsi prosesini görə bilərsiniz".


Xəbər xətti

30 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin