COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
10:12 - 4 İyun 2024
İctimai və dövlət maraqlarının müdafiəsi cəmiyyətin əsas meyarı olmalıdır. Bu, hər bir vətəndaşın qarşısında duran mühüm məsələlərdəndir. Yəni hər bir vətəndaş kimliyindən asılı olmayaraq dövlətin, ictimaiyyətin maraqlarına xidmət etməyə borcludur. Vətəndaşın ilk məqsədi dövlətin və dövlətçiliyin möhkəmlənməsinə çalışmaq olmalıdır. Bu gün dünyada baş verən siyasi-iqtisadi proseslər, geosiyasi dəyişikliklər, qloballaşma kimi amillər dövlət və ictimai maraqların mahiyyəti və təmin olunması ilə bağlı ortaya real çağırışlar qoyur. Dövlət və ictimai maraqlar arasında qarşılıqlı münasibət və ya bunların hansının daha üstün olması ilə bağlı fərqli siyasi düşüncələr, yanaşmalar var.
Mövzu ilə bağlı Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov bildirib ki, bir dövlətin inkişafı, təşəkkül prosesi onun hansı məfkurə və hansı ideyalara xidmət etməsindən çox asılıdır.
Vüqar İsgəndərovun sözlərinə görə, dövlət o vaxt dərin və sürətli inkişafla irəliləyir ki, burada xalqın dövlət maraqları ilə ictimai maraqları üst - üstə düşür:
“Bu o deməkdir ki, dövlət iradəsini xalqdan alır. Əgər bir az da açsaq, dövlət xalq deməkdir, xalq isə dövlət deməkdir. Bir dövlətin hərtərəfli inkişafında, təbbi olaraq, əsas inkişaf yollarındakı məqamlar dövlətin maraqlarının xalq tərəfindən müdafiə olunmasıdır. Çünki hər bir dövlət xalqın iradəsinə söykənərək onun milli maraqları üçün çalışır, ona söykənən siyasət həyata keçirir. Bu gün Azərbaycan bu sahədə çox böyük uğurlu addımlar həyata keçirir. Birinci məsələ odur ki, ictimai maraqların dövlət maraqları ilə üst-üstə düşməsini biz Vətən müharibəsində qazandığımız qələbədə gördük. Bütün cəmiyyət Ali Baş Komandanla birgə "dəmir yumruq" altında düşmənin başını əzdi. Siyasi, ictimai və digər maraqlarından asılı olmayaraq hər bir azərbaycanlı yumruq halında birləşərək, əzmlə mübarizə apardı. Bununla da biz böyük, şanlı qələbəmizi qazandıq."
Vüqar İsgəndərov onu da bildirib ki, dövlətin milli maraqlarına söykənən siyasəti həm diplomatik meydanda, həm də hərb meydanında öz uğurlu nəticəsini verdi.
"Hər bir vətəndaş həmin anda bir əsgər idi. Yaşından, cinsindən, irqindən asılı olmayaraq, özünü azərbaycanlı sayan hər insan bir əsgərə dönərək, vətənin qorunması üçün əlindən gələni etdi və biz bu gün dünyanın ən qürurlu xalqlarından birinə çevrildik. Təbii olaraq vətəndaşın mənafeinin müdafiə olunması, onun maraqları üçün çalışmaq dövlətin bir nömrəli vəzifələrindən biridir. Bu mənada da bu gün Azərbaycan bir sosial dövlət kimi bu siyasəti də uğurla aparmaqdadır.
Problemlər yoxdurmu? Problemlər də var. Lakin bu problemlərin həll edilməsi üçün dövlətlə bərabər vətəndaş cəmiyyəti, qeyri-hökümət təşkilatları, ictimai və digər icmalar, bələdiyyələr bir "canlı orqanizm" halında çalışmalı və dövlət maraqlarının müdafiəsi üçün vacib layihələri də icra etməlidirlər. Biz bu mənada siyasi birliyin vəhdətində çox böyük uğurlar qazandıq. Vətən müharibəsindən keçən bu dövr ərzində hətta siyasi partiyalar da vacib anlarda dövlətin maraqları çərçivəsində birləşdilər və öz siyasətlərini yalnız dövlətin uğuru üçün ortaya qoydular. Eyni anda qeyri-hökümət təşkilatları və vətəndaş cəmiyyəti də öz töfhələrini bu inkişafa vermiş oldular. ”
Deputat qeyd edib ki, cəmiyyətdə və onun inkişafında vətəndaş cəmiyyətinin rolu danılmazdır.
“Vətəndaş cəmiyyəti və qeyri-hökümət təşkilatları dövlətdən kifayət qədər dəstək alaraq özlərinin təşəbbüsündə çox maraqlı tədbirlər həyata keçirirlər. Amma düşünürük ki, hələ də görüləsi işlərimiz çoxdur. Buna görə də qeyri-hökümət təşkilatları hələ də çox maraqlı layihələr icra etməli, əsasən də beynəlxalq miqyasda böyük inkişaf etmiş ölkələrin vətəndaş cəmiyyəti qurumları ilə əlaqəli çalışmalı və ölkəmizin uğurlu siyasətini, həmçinin prioritetlərini təbliğ etməlidirlər. Ədalətli mövqeyimizin dünya ictimaiyyətinə çatdırılması üçün dövlətlə paralel çalışmalıdırlar. Bu məsələdə təbii ki, kütləvi informasiya vasitələrinin də danılmaz rolu vardır. Düşünürəm ki, bu gün hər bir Azərbaycan vətəndaşı fəxr edir ki, o, qürurlu, müzəffər, şanlı ordusu olan, iqtisadiyyatı inkişaf etmiş dövlətin vətəndaşıdır. Və ölkəmizin gələcək hərtərəfli inkişafında hər birimizin üzərinə düşən vəzifələr aydındır. Hər zaman olduğu kimi biz bir xalq olaraq bu gündən sonra da bütün problemləri birlikdə həll etməli və birlikdə inkişaf yolunda düzgün irəliləməliyik.”
Milli Məclisin deputatı Aydın Mirzəzadə isə bildirib ki, vətəndaş anlamının qəbul edilməsi münasibətlərin yaranmasına və mövcudluğuna bünövrədir.
“ İnsan yaşadığı ölkənin vətəndaşı olmasını dərk edəndə vətən üçün layiqli olmağa sevinəndə artıq digər məsələlər həll oluna bilər. Konstitusiyamızda 50-dən cox maddə vətəndaşların hüquq ve azadlıqlarına aiddir. Qeyd olunan maddələrin hər biri üzrə Azərbaycan dövləti vətəndaşların hüquqlarını qoruyur. Vətəndaş isə bir tərəfdən konstitusiyaya əsasən üzərinə düşən vəzifələri yerinə yetirir, eyni zamanda həmişə dövlətinin keşiyində durur. Bu konkret əməl və siyasi fəaliyyət növüdür. Konkret əməllərdə bu qanuna hörmət, hərbi xidmət, verginin ödənilməsi və ailə institutunun möhkəm olmasında vətəndaşların öz tövhəsini verməsidir. Bununla yanaşı seçkilərdə iştirak, hakimiyyət orqanlarının fəaliyyətinə qiymət verilməsi və fəaliyyətlərin daha yaxşı olması üçün vaxtaşırı öz təkliflərinin irəli sürülməsidir. Bildirmək istəyirəm ki, dövlət-vətəndaş münasibətləri unudulan məsələ deyil. Bu hər gün diqqətdə olan bir məsələdir. Məsələnin daha da təkmilləşməsi və gündəmdə qalması üçün hər iki tərəfin atdığı addımlardır. Və bu sahədə Azərbaycan dövlətinin də müsbət təcrübəsi vardır. Bu prosesdə qeyri-hökümət təşkilatlarının da dövlətə köməyini qeyd etmək mütləqdir. Bu təşkilatlara siyasi elmlərdə “üçüncü sektor” deyilir. Yəni dövlət üzərinə düşən vəzifələrin bir hissəsinin cəmiyyətin fəal bir şirkəti tərəfindən yerinə yetirilməsidir. Müvafiq sahə üzrə müəyyən kiçik addımların qeyri-hökümət təşkilatı səviyyəsində atılmasıdır. Ümid edirəm ki, bu təşkilatlar daim inkişaf edər, vətəndaşla dövlət arasında körpü olar. Digər önəmli bir rol isə KİV - nin üzərinə düşür. İlk növbədə hüquqi əsaslar barəsində vaxtaşarı vətəndaşlar məlumatlanmalıdır. Çünki öz hüquqlarından xəbərdar olmayan bir qisim insan var. Vətəndaşların müəyyən bir hissəsi problemlərin həlli üçün hüquqi mexanizmdən xəbərdar deyil. İkinci məsələ isə odur ki, vətəndaşların qaldırdığı məsələlərin işıqlandırılmasında ən effektiv rol KİV - nin üzərinə düşür.
Bu problemin gündəmə çevrilməsində, mənfi məqamların aradan qaldırılmasında və vətəndaşların daha tez məlumatlanmasında birgə səyləri ortaya qoyur."
Fidan Əliyeva
6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi;
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin