İlham Əliyev Xalq artistinin vəfatı ilə bağlı nekroloq imzaladı

14:41 - 23 Oktyabr 2021

İlham Əliyev Xalq artistinin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti, xanəndə Canəli Əkbərovun vəfatı ilə bağlı nekroloq imzalayıb.

Manşet.az xəbər verir ki, nekroloqda deyilir:

Azərbaycanın musiqi mədəniyyətinə ağır itki üz vermişdir. Milli muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Canəli Xanəli oğlu Əkbərov 2021-ci il oktyabrın 22-də ömrünün 82-ci ilində vəfat etmişdir.

Canəli Əkbərov 1940-cı il mart ayının 10-da Lənkəran rayonunun Tükəvilə kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1956–1958-ci illərdə Lənkəran Tibb Texnikumunda oxumuşdur. Musiqiyə hələ erkən yaşlarından hədsiz maraq göstərən Canəli Əkbərov 1963–1968-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin xanəndəlik şöbəsində təhsil almış və mədəni-mənəvi irsimizin zəngin xəzinəsi olan muğamın incəliklərini həmin dövrdə böyük həvəslə öyrənmişdir. Burada onun sənətkar şəxsiyyətinin formalaşmasında məşhur ustad sənətkarlarımızın böyük rolu və mühüm təsiri olmuşdur. Canəli Əkbərov 1976–1982-ci illərdə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır.

1963–1975-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasında işləyən Canəli Əkbərov 1976–2006-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuş, opera səhnəsində aparıcı rollarda çıxış edərək çox sayda yaddaqalan obrazlar yaratmışdır.

Canəli Əkbərov 1992-ci ildən etibarən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs demiş, uzun illər muğam sənəti kafedrasının müdiri olaraq fəaliyyət göstərmişdir.

Geniş səs diapazonuna malik sənətkar Canəli Əkbərov milli xanəndəlik məktəbinin nailiyyətlərini layiqincə davam etdirmiş və Azərbaycanın musiqi mədəniyyəti xəzinəsinə töhfələr vermişdir. Sələflərinin yaradıcılıq ənənələrinə sadiqlik və muğamın klassik ifa tərzinin qorunub saxlanması onun altmış ildən artıq müddət ərzindəki fəaliyyətinin başlıca qayəsini təşkil etmişdir. Canəli Əkbərovun ifasında səslənən "Orta mahur”, "Çahargah”, "Arazbarı”, "Heyratı” və digər qədim muğamlarımız, bir çox təsniflər və xalq mahnıları, həmçinin muğam operalarında yaratdığı partiyalar Azərbaycanın musiqi mədəniyyətinin inciləri sırasında özünəməxsus yer tutur.

Dünyanın bir çox ölkələrinə qastrol səfərlərində Azərbaycan mədəniyyəti günləri və beynəlxalq musiqi festivallarının iştirakçısı kimi Canəli Əkbərov milli mədəniyyətimizi uğurla təmsil etmiş, öz çıxışları ilə musiqimizi dünyanın müxtəlif xalqlarının nümayəndələrinə sevdirməyi bacarmışdır. Uzun müddət pedaqoji fəaliyyətlə məşğul olmuş ustad xanəndənin səmərəli sənət fəaliyyəti gənc və istedadlı ifaçıların yeni nəslinin formalaşdırılması üçün bir məktəb olmuşdur.

Canəli Əkbərov milli musiqi mədəniyyətinin inkişafı sahəsində nailiyyətlərinə görə 2000-ci ildə Azərbaycan Respublikasının ali mükafatlarından olan "Şöhrət”, 2010-cu ildə "Şərəf” və 2020-ci ildə 1-ci dərəcəli "Əmək” ordenləri ilə təltif edilmişdir.

Görkəmli xanəndə, mahir pedaqoq, səmimi və təvazökar insan Canəli Əkbərovun xatirəsi sənətsevərlərin qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Anar Kərimov

Emin Əmrullayev

Zeynəb Xanlarova

Əlibaba Məmmədov

Arif Babayev

Səkinə İsmayılova


Xəbər xətti

16 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin