Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

15:40 - 10 May 2024

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında ciddi dəyişikliklər baş verdi. İqtisadi sahədə həyata keçirilən islahatlar bazar iqtisadiyyatının, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yerli və xarici investisiyaların, müasir texnologiyaların cəlb edilməsinə şərait yaratdı. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları sayəsində ölkənin regionlarının sosial-iqtisadi inkişafı keyfiyyət mərhələsinə yüksəldi.  

 

Mövzu ilə bağlı Manset.az-a açıqlamasında millət vəkili Rüfət Quliyev bildirib ki, regionların sosial inkişafı ilə bağlı  son 20 ildə böyük işlər görülüb və regionlarda infrastruktur layihələri həyata keçirilib. Demək olar ki, reginonlarda biznes, iqtisadi inkişaf üçün olan şərait təxmini gəlib mərkəzi şəhərlərin səviyyəsinə çatıb. Bu ən önəmli məsələdir. 

Millət vəkilinin sözlərinə görə, yerli və xarici investisiyalar yaxın illərdə ölkəmizi iqtisadi baxımdan mühüm yerlərdən birinə çevirəcək:

“Hazırda Qarabağda infrastruktur layihələr üzrə işlər davam etməkdədir. İki aeroport artıq təhvil verilib, üçüncü aeroport isə tikilib qurtarır. Bütün bunlar Qarabağda turizmin inkişafına böyük töhfə verəcək. Bu, həm də Azərbaycanın iqtisadi qüdrətini göstərir. Amma bəzi problemlərin kökündən həll olunması üçün təbii ki, vaxt və vəsait lazımdır. İnsanların doğma yurd-yuvasına böyük qayıdış layihəsini həyata keçirmək üçün ilk öncə onlara yaşayış məntəqələri tikmək lazımdır. Ondan başqa iş yerləri açılmalıdır. Hazırda Qarabağda planlı şəkildə işlər gedir. Burda kənd təsərrüfatı obyektləri, gələcəkdə emal müəssisələri yaradılacaq. Ən böyük problem hazırda minalardır. Təbii ki, vaxt itirmədən gündəlik işlər görülür. Amma yenə də məlumatlar gəlir ki, mülki insanlar, mütəxəssislər mina partlaması nəticəsində xəsarət alıb, həyatını itirib. Bizim əsas məqsədimiz kənd təsərrüfatını regionlarda sürətlə inkişaf etdirmək ki, emal zavodları ora köçsün. Düşünürəm ki, bu baxımdan kiçik və orta sahibkarlığın, fermer təsərrüfatının inkişafının böyük rolu var. Regionlarda inkişaf gedir. Amma inkişafın artım tempi bizi qane etmir. Ona görə də, dövlətin birmənalı siyasəti bu templəri sürətlə artırmaqdır. Qeyd edə bilərsiniz ki, bizim bütün makroiqtisadi göstəricilərimiz artım tempi ilə yüksəlir. Bu birmənalıdır. Bu o deməkdir ki, Cənab Prezidentin iqtisadi siyasəti tamamilə düzgündür və uğurludur. Biz daha çox kiçik və orta sahibkarlığın inkişafına önəm veririk. Burda ən əsas məqam odur ki, inkişaf etmiş ölkələrdə, o cümlədən Yaponiyada,  ABŞ-da, Avropada ümumdaxili məhsulda bu kiçik və orta sahibkarlığın payı yanı əmtəə və göstərilən xidmətlər ümumi çəkisi 55%-i keçir. Misal üçün, bu hətta İspaniyada 65%-dir. Turistik ölkələrdə adətən belə olur. Təbiidir ki, biz bunun inkişafına önəm veririk. Bu siyasətlə biz işsizliyin payını çox önəmli formada aşağı sala bilərik”. 

Rüfət Quliyev qeyd edib ki, ölkədə sənayenin bütün sahələrinin inkişaf etdirilməsi üçün mühüm addımlar atılır:

“Təbiidir ki, yaşıl energetikanı inkişaf etdirəcəyik. Yaşıl iqtisadiyyat ilə biz bütün dünyada innnovativ olan texnologiyaları daha çox tətbiq edəcəyik. Burda əsas qeyri-neft və qaz sektorunun həcmini artırırıq. Bunun ixracı bizə daha çox maraqlıdır. Ən azından Azərbaycanda satılan əsas qida kənd təsərrüfatı və qida məhsullarını təxminən 85%-ni biz istehsal edə bilirik. Nəqliyyat iqtisadiyyatımız da inkişaf edir. Bunun üçün bizdə kifayət qədər imkan var. İstər dəmir yolu nəqliyyatı, istərsə də Xəzər dənizindən istifadə baxımından geniş imkanlara sahibik. Bizim iqtisadi nəqliyyat layihələrində multimodal bir mexanizm var. Bizim Xəzər dənizində beynəlxalq standartlarla limanlarımız var. Bunlardan da istifadə edirik. Günəş, külək və su elektrik enerjilərinin alınması sahələrində üstünlük əldə edə bilərik. Sənayenin bütün sahələri istər dağ-mədən, tikinti materialları ehtiyatları. günəş və külək enerjisinin alınması baxımından bölgə böyük iqtisadi potensiala malikdir”.

İqtisadçı-ekspert Xalid Kərimli isə bildirib ki, hazırda dövlət büdcəsindən Qarabağın bərpası istiqamətində vəsait ayrılıb və hələki dayanıqlı iş yerlərindən söhbət getmir:

Pensiya yaşının artırılması tələsik addım idi, indi...” – Xalid Kərimli

“Regionların inkişafı ilə əlaqədar müxtəlif proqramlar həyata keçirilsə də, hələ də ölkədə ümümdaxili məhsulun yaradılmasında, ixracatda əsas pay Bakı şəhəri və Abşeren yarımadasının hesabına həyata keçirilir. Müxtəlif proqramlar həyata keçirilsə də, hələki nə məşğulluğun strukturunda regionların payı artıb, nə də ümümdaxili məhsulun formalaşmasında rolu artıb. Regionlarda əsasən məşğulluq dövlət sektoru, dövlət müəssisələri hesabına təmin edilir. Əməkhaqlarının səviyyəsində də ciddi disproporsiya qalmaqda davam edir. Burda əsas səbəb ondan ibarətdir ki, qeyri-neft sektoru ölkədə hələ inkişaf etdirilə bilmir. Bunun müxtəlif həll olunmalı səbəbləri və problemləri var. Qeyri-neft sektoru inkişaf etsə, əsas etibari ilə regionlara yayılar və o zaman regionların inkişafını görə bilərik. Buna görə açılan iş yerlərinin bir çoxu müvəqqəti xarakter daşıyır. Bu baxımdan insanlar iş yeri üçün şəhər mərkəzinə üz tutmaq məcburiyyətində qalır. Hal-hazırda Qarabağın bərpası ilə əlaqədar iş yerləri açılıb. Lakin bu, Qarabağda formalaşmış müəssisələr, onların satışının artması, ixracatın yaranması hesabına deyil. Bu il 2024-cü ildə 4 milyard manat vəsait ayrılıb. İşğaldan azad olunmuş ərazilərdə hazırda yollar salınır, tunellər qazılır, elektrik stansiyaları tikilir və s. yəni bu konteksdə iş yerləri açılıb. Amma bunlar müvəqqəti xarakterlidir və layihələr bitəndən sonra bu iş yerləri bağlanacaq. Bərpa prosesi tamamlandıqdan sonra işğaldan azad olunmuş ərazilərimiz inkişaf edəcək. 

Əfsanə Rəcəb

6.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;

 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin