Bu və növbəti şənbə tam iş günüdür
15 Noyabr 2024
14:13 - 19 Oktyabr 2021
“Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) Erasmus+ layihəsi çərçivəsində Bakı Avrasiya Universitetində məlumatlandırma sessiyası keçirilib.
Manset.az xəbər verir ki, tədbirdə BAAU-nun tələbələri iştirak ediblər.
Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Səyavuş Qasımov layihənin Azərbaycanda ali təhsilin inkişafına təsirlərindən danışıb. O deyib ki, layihənin əsas məqsədi ölkəmizdə ali təhsilin inkişafı və Avropa təhsil sisteminə inteqrasiyanı daha da dərinləşdirməkdir. Bunun üçün Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəsissələrinin rektorlarından ibarət bir ictimai qurumun yaradılması nəzərdə tutulur. “Rektorlar Konfransı”nın yaradılmasının ali təhsilin problemlərinin həllinə yardım göstərəcəyini vurğulayan BAAU-nun prorektoru həmçinin bildirib ki, təhsil mütəxəssislərinin iştirakı ilə keçirilən ictimai müzakirələr ali təhsilə aid problemlərin müəyyənləşdirilməsinə və onların həllinə töhfə verəcək, təcrübə mübadiləsinə, uğurlu nəticələrin bölüşdürülməsinə və paylaşılmasına imkan yaradacaq. Bütün bunlardan isə tələbələrimiz faydalanacaqlar. Bu həm təhsilin məzmunun müasirləşməsinə, keyfiyyətinin yüksəlməsinə, həm də tələbə mübadiləsinə kömək edəcək.
BAAU-nun kafedra müdiri, dosent Sevda Rzayeva isə çıxışında dedi ki, hazırda ali təhsilin qarşısında duran əsas vəzifələrdən biri istənilən şəraitdə, dünyanın hər yerində işləyə bilən yüksək ixtisaslı, rəqabət qabiliyyətli mütəxəssislərin hazırlanmasını təmin etməkdir. Belə mütəxəssislərin hazırlanması isə ali təhsil sahəsində vahid təhsil məkanının yaradılmasını tələb edir. Bunun üçün ayrı-ayrı ölkələrin ali təhsil sisteminin bir-birinə yaxınlaşdırılması və uzlaşdırılması vacibdir. S.Rzayeva çıxışında layihənin icrası nəticəsində tələbələrin əldə edəcəyi yeni imkanlar haqqında da ətraflı məlumat verib.
Daha sonra çıxış edən dosent Mütəllim Rəhimov ikipilləli ali təhsil arasında kəsilməzliyin təmin olunması, kredit sisteminin uğurlu və tam şəkildə tətbiqi, təhsilin keyfiyyətinə nəzarətin gücləndirilməsi, ixtisasların və diplomların Avropa məkanında tanınması, məzunların işlə təminatına nail olunması və s. məsələlərin həllində ciddi irəliləyiş gözlədiklərini dedi. O bildirdi ki, bütün bunların təmin olunması üçün ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin özlərinin fəaliyyətinin ilk növbədə əlaqələndirilməsinə ehtiyac vardır.
M.Rəhimov dedi ki, ali təhsildə olan çatışmazlıqları birlikdə aradan qaldıra bilərik. Eyni zamanda, dünyanın qabaqcıl ölkələrində olan müasir təhsil sistemini hamılıqla daha uğurlu şəkildə ölkəmizdə tətbiq edər, yaxşı nəticələr əldə edərik.
Onu da qeyd edək ki, layihə üç il ərzində həyata keçiriləcək. Bu müddət ərzində zəngin tədbirlər planının həyata keçirilməsi və yeni nəticələrin əldə edilməsi nəzərdə tutulub. Layihənin koordinatoru Bakı Biznes Universitetidir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin