"COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir" - Prezident
24 Noyabr 2024
12:52 - 15 Mart 2024
Sağlam düşüncəli, təfəkkürlü gənclər dövrün hərəkətverici qüvvəsidir. Milli mənlik şüuruna malik olan gənclərin formalaşması üçün cəmiyyət özü zəmin yaratmalıdır. Bütün cəmiyyətlərdə bu ali hissin yüksək səviyyədə tərbiyə edilməsi olduqca vacibdir. Azərbaycan öz vətənpərvər gəncliyi ilə əsrlər boyu zəngin tarix yaradıb. Azərbaycanın dövlət müstəqilliyini qazanmasında gənclərimizin böyük rolu olub. Həmçinin, bu iyirmi ildə Azərbaycanda milli mənlik şüuruna sahib vətənpərvər gənclər yetişib. Həmin gənclər Azərbaycana 44 günlük müharibədə tarixi Qələbə qazandırdı.
Mövzu ilə bağlı Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Ramil Həsən bildirib ki, ümumiyyətlə, bütün insanların, xüsusilə də gənclərin milli mənlik, milli şüur hissinin gücləndirilməsi, onlarda vətənə və millətə bağlılıq hissinin daha da artırılması və bu proseslərlə bağlı bir duyğu hissinin, yəni avtomatik refleks dediyimiz bir hissin formalaşdırılmasının kökü təməldə ailədən başlayır.
Deputat qeyd edib ki, 44 Vətən Savaşında canlarını vətən uğrunda fəda edən şəhid, qazi olan bizim hər bir əsgərimizin tərcüməyi-halına, doğum tarixinə baxanda əksəriyyəti son 20-25 ildə həyata keçirilən milli ideolagiya, milli şüur hissinin formalaşdırılmasında atılan addımlardan bəhrələnmiş gənc nəsil olduğunu görürük:
“Ailədə milli şüur psixologiyası və ailə üzvlərinin övladına aşılamış olduğu vətənə, millətə, dövlətə, bayrağa, həmçinin, köklərinin gəldiyi yer və yaşamış olduğu bu torpağa bağlılıq şübhəsiz ki, o övladda daha sonra hansı formatda təhsil alırsa alsın, mütləq və mütləq milli şüurun formalaşdırlmasında inanılmaz bir təsir hissi yaradır. Həmin gənclər ölkənin gələcəyi üçün güclü və qüvvətli bir nəsil olaraq yetişdirmə formasında, xüsusilə seçilirlər. İkinci mərhələ isə burda artıq təhsilin və təhsil müəssisələrinin üzərinə düşür. Təhsil müəssisələrində tədris olunan bütün o fənnlərin içərisində müəllimlərin ifadə etdikləri hər bir fikir uşağın şüurunda xüsusi izlər buraxır. Hər bir övlad günün önəmli bir hissəsini müəllimləri ilə bərabər keçirir. Biz 44 günlük Vətən Savaşında qalib xalqın, qalib ordusunun qalib əsgərləri olaraq gənc nəslimizin nə dərəcədə milli şüur formatında yetişdirildiyinin canlı şahidi olduq. Cənab Prezidentin qeyd etdiyi kimi, sözün həqiqi mənasında milli şüura sahib olan Azərbaycan gənci yetişdirdik. O gənclər də bu gün 30 il ərzində işğalda olan torpaqlarımızı azad etdi və Azərbaycan bayrağını o torpaqlarda ən yüksək nöqtələrə sancdı. Bundan sonrakı mərhələdə də biz bu prosesi daha da genişləndirərək davam etdirməliyik”.
Ramil Həsən vurğulayıb ki, milli mənlik hissinin formalaşmasında ailənin övladına aşılamış olduğu hədəf və istiqamət ən vacib nüaslardan biridir:
“İnsanların müxtəlif xarici dillərdə təhsil almaq istəyini və ehtimalını da nəzərə alaraq həmin gənclərə də milli mənlik şüurunu aşılamalıyıq. Buna görə vətənə, millətə, torpağa bağlılıq hissinin formalaşdırılmasında birinci növbədə ailələr önəmli rol oynayır. İkinci növbədə bağça, məktəb təhsillərində bu prosesin davam etdirilməsi məqsədə uyğundur ki, daha sonra övlad artıq böyüyüb müxtəlif istiqamətlərdə təhsil alıb xarici ölkələrə getdiyi zaman vətən torpağına bağlı olduğunu unutmasın. Zaman-zaman işimiz gərəyi biz xaricdəki fəaliyyətimizdə də bunun bunun şahidi olmuşuq. Hansı ailə ata və ana övladına vətənə, dövlətə bağlılıq hissini aşılayırsa, baxmayaraq ki, övlad Azərbaycanda doğulmuyub amma milli şüur hissindən çıxış edərək vətən, bayraq, dövlət, milli mənşəyi ilə bağlı geniş informasiyaya sahib olurlar. Bu baxımdan birinci növbədə ailənin vermiş olduğu hədəf və istiqamət, ikinci növbədə dövlətimizin həyata keçirtmiş olduğu milli şüur hissinin formalaşdırılması istiqamətindəki təhsil siyasəti olduqca önəmlidir. Dövlət bu istiqamətdə əlindən gələn bütün addımları atmaqdadır. Yetər ki, övladlar məktəbə gəldiyi zaman ailədən də o təsiri alnıç olsunlar. Çünki birtərəfli şəkildə bu proses çətin olar”.
Mövzu ilə bağlı klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirib ki, gənc nəslin milli mənlik şüurunu inkişaf etdirmək üçün əzbərçiliklə yox, izahla öyrətməliyik. Çünki şüur şüarla inkişaf etmir:
“Vətən insanın düşüncəsində yaratdığı sərhədsiz ərazidir. İnsan dünyaya gəldiyi tarixdən yaşadığı hər gün öz seçimi olmayan anlayışlar üçün mübarizə aparır. Bunun səhv və ya düz olduğunun müzakirəsi yoxdur. Hər kəs hadisələrə və şəxslərə öz həqiqət pəncərəsindən baxır. İnsan doğulduğu vətəni, ailəni və zamanı özü seçmir. Buna bəzən biz şans da deyirik. Amma ruhumuzu mühit qidalandırır. İnsan ömrünü tamamlayana qədər seçimini etmədiyi anlayışların mübarizəsini aparır. İnsan dərk etmədiyi bütün anlayışları bir gün tərk edir. İdeyanın gücünü ancaq dərk edərək qəbul etmək olar. İnsanın böyüdüyü coğrafiyanın onun taleyi olduğunu deyirlər. Bəlkə də doğrudur. Amma həqiqət bunun üzərində formalaşmır. İnsan öz həqiqətinə özü çatmalıdır, o zaman, onun həqiqəti əbədi olacaq. Vətəni sevmək özünü də, özündən sonranı da sevməkdir. Öz işində vicdanlı olan hər kəs vətənpərvərdir. Gənc nəslin milli kimliyi sağlam və xoşbəxtlik gətirməlidir. Özünü dərk etdiyi zaman insan şəxsiyyətə çevrilir. Vətəni sevmək qarşılıqsız olmalıdır. Vətən sevgisi qarşılıqsız olan sevgidir. Bu sevginin ilahiliyi elə bundadır. Ən böyük sevgi odur ki, onun qarşılığı olmur. İnsan vətəni üçün öləndə tarix olur”.
Rövşən Nəcəfovun sözlərinə görə, orta və ali təhsil müəssisələrində milli mənlik şüurunun inkişaf etdirilməsi üçün izahedici ideyalar və təşəbbüslər layihələşdirilməlidir:
“Şagirdlərə və ya tələbələrə hansısa fikirləri əzbərlədib düşüncə yaratmaq olmaz. İnsanlar məcburi yox, könüllü olaraq iştirakçı olmalıdırlar. İdeyanın və təşəbbüsün gücü bunda olmalıdır. Psixoloji olaraq izah edilməlidir ki, düşüncə formalaşsın. İnsanlar dərk edərək vətənlərini sevsinlər, qabağa getmək və ya kiminsə yanında durmaq üçün yox. Orta və ali təhsil müəssisələrində təhsil alan və təhsil verən hər kəs ideya və təşəbbüslərin iştirakçısı olmalıdırlar. Onların vətənə sevgilərini necə ifadə etmək istədiklərini biləndən sonra daha uğurlu və uyğun ideya və təşəbbüsləri layihələşdirmək uğurlu və uyğun olar. Şagirdlərin və tələbələrin ideya və təşəbbüsləri üzərindən addımlar atmaq fayda vermiş olar”.
Əfsanə Rəcəb
6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi;
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin