Cenevrədə ABŞ-Rusiya dövlət başçılarının görüşü zamanı şəhər üzərində hava məkanı qapalı olacaq

23:28 - 11 İyun 2021

Cenevrədə ABŞ-Rusiya dövlət başçılarının görüşü zamanı şəhər üzərində hava məkanı qapalı olacaq

İyunun 16-da İsveçrənin Cenevrə şəhərində ABŞ Prezidenti Cozef Bayden ilə Rusiya Prezidenti Vladimir Putin arasında keçiriləcək görüşün təhlükəsizliyinin təminatı üçün İsveçrə hökuməti bir sıra qərarlar qəbul edib.

Manset.az AZƏRTAC-a istinadən bildirir ki, federal hökumət iyunun 15-17-də Cenevrə şəhəri üzərindəki hava məkanını bütün uçuşlar üçün qapalı elan edib. Qərara əsasən, ölkənin hərbi hava qüvvələri polis helikopterlərinə və hava məkanına nəzarət sisteminə dəstək verəcəklər. Hava məkanının təhlükəsizliyi üçün F/A-18 qırıcılarından istifadə ediləcək. Bildirilib ki, beynəlxalq əhəmiyyətli görüş və şəxslərin təhlükəsizliyinin təminatı üçün hava məkanının qapadılması zəruri addımdır. Bu məhdudiyyət Cenevrə beynəlxalq hava limanının fəaliyyətinə təsir göstərməyəcək.

Eyni zamanda, İsveçrə ordusunun min nəfərədək hərbçisi rəsmi qurumların təhlükəsiz fəaliyyətinin təmin edilməsində polis və xüsusi xidmət orqanlarına dəstək göstərəcək. Hərbçilər, ilk növbədə, xarici ölkələrin nümayəndələrin yerləşdiyi binaların təhlükəsizliyinə məsul olacaqlar.

İyunun 16-da baş tutacaq Zirvə görüşünə dair təhlükəsizlik konsepsiyasını təqdim edən federal hökumət iyunun 17-si saat 17:00-dan etibarən Cenevrə üzərindən uçuşlara icazə veriləcəyini açıqlayıb.


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin