COP29-un bitəcəyi tarix açıqlandı
22 Noyabr 2024
10:18 - 8 İyun 2021
"Bu yazını qələmə almaq çox çətindir. Bəzən elə anlar olur ki, hisslərini ifadəyə etməyə çətinlik çəkirsən".
"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Qarabağ" klubu ilə vidalaşarkən bildirib.
24 yaşlı hücumçunun sözlərinə görə, kiçik yaşlarından başlayan xəyalları onu "Bakı" klubunun akademiyasına gətirib: "Orada böyüdüm. 18 yaşım tamam olanda, məhz doğum günümdə karyeramda ən önəmli qərarlardan birini verdim. Azərbaycanın ən böyük klubu - "Qarabağ"la müqavilə imzalamışdım. Yeniyetmə Mahir bəlkə də o dönəmdə hara gəldiyinin fərqində deyildi. "Qarabağ" təcrübəsi məni daha da böyütdü, müdrikləşdirdi. Şübhəsiz bunda mənə yeri gələndə böyük qardaş, hətta ata əvəzi olan hocamın - Qurban Qurbanovun zəhməti danılmazdır. Ona nə qədər təşəkkür etsəm də, azdır".
Emreli 5 mövsüm ardıcıl çempion olduqlarını və avrokubokların qrup mərhələsində mübarizə apardıqlarını xatırladıb: "Qarabağ" tarixinin ən çox qol vuran 2-ci futbolçusu oldum. Futbol azarkeşləri üçün ana laylası qədər doğma olan Çempionlar Liqasının himnini canlı dinlədik. Hətta bu yolda ən vacib qolu vuranlardan biri idim. Sözlə ifadə olunmayacaq hisslərdir. Vaxt yetişmişdi. Avropada Azərbaycan futboluna, azərbaycanlı oyunçulara inam yaratmaq vaxtıdır".
Forvard onu yeni çağırışın gözlədiyini vurğulayıb: "Karyeramı vətəndən xeyli uzaqda davam etdirəcəyəm. Ölkəmi təmsil edəcəyimi çox gözəl dərk edirəm. Bu sözləri qələmə alarkən qəhərlənməmək əldə deyil. "Qarabağ"dan - məni mən edən iki klubdan birindən ayrılmaq asan deyil. Karyeramın qalan hissəsində hər addımımda dəstəyinizi hiss edəcəyimdən əminəm. Məni sevən və sevməyən, tərifləyən və tənqid edən, hətta bəzən təhqir edən bütün azarkeşlərimizin analarının əllərindən öpürəm. Buradan sizə dərin təşəkkürümü çatdırır, mənim üçün doğma olan "Qarabağ"a növbəti mövsümdə uğurlar arzulayıram. Yenə görüşəcəyik, "Qarabağ"ı, Qarabağda izləmək üçün".
Qeyd edək ki, Mahir Emrelinin tezliklə Polşanın "Legiya" klubu ilə müqavilə imzalayacağı gözlənilir. Sözləşmə müddəti sonradan daha 1 il uzadıla bilməsi şərti ilə üç il olacaq. Forvard 2015-ci ildən "Qarabağ"ın formasını geyinib. Onun Ağdam təmsilçisi ilə müqaviləsi başa çatıb. Hücumçu Premyer Liqada ötən mövsüm 18 qolla bombardirlik yarışında ikinci olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin