Bu məhsulların qiyməti kəskin ucuzlaşdı - VİDEO
23 Noyabr 2024
23:16 - 10 İyun 2021
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mail Mustafayevin ölümündə təqsirli bilinən Aslan Sadıqov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum olunub.
Manşet.az xəbər verir ki, 2020-ci il iyulun 2-i saat 23:00 radələrində Suraxanı RPİ 30-cu PŞ-dən Hövsan qəsəbəsində, qəsəbə sakini 1979-cu il təvəllüdlü Mail Mustafayevin öldürülməsi barədə daxil olan məlumat əsasında prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçiriblər. Məlum olub ki, hadisə Dənizkənarı küçəsində yerləşən “Hövsan” marketin qarşısında baş verib. Cinayəti zərərçəkmişin tanışı, 1989-cu ildə Sədərək rayonunda anadan olub, Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Şabanov küçəsində nömrəsiz evdə yaşayan, əvvəllər məhkum olunmayan Aslan Sadıqovun törətdiyi məlum olub.
İstintaqla müəyyən edilib ki, iyulun 2-i saat 12:00 radələrində Aslan Sadıqov Hövsan qəsəbəsində, “Köhnə bazar” adlanan ərazidə qəsəbə sakini kimi, əvvəllər tanıdığı Mail Mustafayevlə görüşdüyü vaxt, sonuncunun onu narkoman adlandırmasını özünə təhqir kimi qəbul edib. Buna görə onu öldürmək qərarına gəlib və niyyətini həyata keçirmək üçün əlverişli məqam gözləyib.
Həmin gün saat 23:00 radələrində Mail Mustafayevin Dənizkənarı küçəsində yerləşən marketin qarşısında dayandığını öyrəndikdən sonra ora yaxınlaşıb. Görüşərkən Mustafayev şəxsiyyətləri istintaqa məlum olan tanışlarının yanında onunla danışmaq haqqının olmadığını bildirdikdə bunu bir daha özü üçün qəbuledilməz hal hesab edib. Naməlum mənbədən əldə edib, üzərində gəzdirdiyi bıçağı şalvarının belindən çıxararaq, sol yanaq nahiyyəsinə və döş qəfəsinə, sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirməklə zərərçəkmişi qəsdən öldürüb. İş üzrə dindirilmiş Aslan Sadıqov bildirib ki, törətdiyi əməldən peşman deyil. Nalayiq sözlərlə təhqir etdiyinə və tanışlarının yanında aşağıladığına görə bıçaq zərbələrini Mail Mustafayevə öldürmək məqsədi ilə vurub.
A.Sadıqov hadisədən sonra bıçağı yolun kənarında xatırlamadığı istiqamətdə atıb. Yoldan keçən taksiyə əyləşərək, sürücüdən onu cənub bölgəsinə gedən avtomaşınlar olan yerə aparmasını xahiş edib. İnsanlardan kənar ağaclıq və kolluq olan yerlərdə gecələyərək, bu minvalla 3-4 gün Astarada qalıb.
A.Sadıqov iyulun 14-də rayonun mərkəzində yerləşən üçmərtəbəli, adını bilmədiyi hotelə yaxınlaşıb, qeydiyyat şöbəsində özünü İbrahim Quliyev kimi təqdim edərək bir gün qalmaq istədiyini deyib. Gecə saat 3 radələrində qaldığı otaqda polis əməkdaşları tərəfindən saxlanılaraq Bakıya gətirilib.
Məhkəmə hesab edib ki, Aslan Sadıqovun Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin hüquqi varisi, şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilib.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin