Məmurun evindən 244 min oğurlayan xadimə məhkəməyə gəlmədi

15:59 - 31 Yanvar 2025

Məmurun evindən 244 min oğurlayan xadimə məhkəməyə gəlmədi

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) katibliyinin sədr müavini Əmir Şirinbəylinin evindən 244 min manatlıq oğurluq edilməsi ilə bağlı məhkəmə araşdırması davam edir.

 

Manset.az Qafqazinfo-ya istinadən, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan iş üzrə təqsirləndirilən Ruhiyyə Məmmədovadır.

Ruhiyyə əvvəllər də məhkum edilib. Bu dəfə o, xadimə işlədiyi evdən qızıl-zinət əşyaları oğurluğuna görə mühakimə edilir.

Xanım müttəhim həbsdə deyil, onun barəsində alternativ qətimkan tədbiri seçilib.

Əmir Şirinbəyli zərərçəkmiş qismində müstəntiqə ifadə verib.

Bu gün cinayət işi üzrə ilk baxış iclası keçirilməli idi, amma Ruhiyyə heç bir səbəb göstərmədən məhkəməyə gəlməyib.

 

Prosesə sədrlik edən hakim Telman Hüseynov məhkəmə salonundan təqsirləndirilən şəxsə zəng edib. Ruhiyyə hakimə xəstə olduğunu deyib. Onu da əlavə edib ki, zərərçəkmişə dəymiş ziyanın bir hissəsini ödəyib, digər hissəni yavaş-yavaş ödəyəcəyinə razılaşırlar. O, xəstəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etməməsinə aydınlıq gətirə bilməyib.

Hakim xanım müttəhimə xəbərdarlıq edib, bir də məhkəmədən yayınarsa, həbs edilə biləcəyini bildirib. Təqsirləndirilən şəxsin üzrsüz səbəbdən məhkəmədən yayınması protokola əlavə edilib.

Hakim prokurora da növbəti iclasda seçilmiş qətimkan tədbirinin həbslə əvəz edilməsi məsələsinə baxılmasını tapşırıb.

Sözügedən səbəbdən proses təxirə salınıb.


Xəbər xətti

31 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin