Qoşulma tarifləri əhalinin su təchizatının daha keyfiyyətli təminatına təkan olacaq

12:25 - 17 Yanvar 2025

Qoşulma tarifləri əhalinin su təchizatının daha keyfiyyətli təminatına təkan olacaq

Azərbaycanda iqtisadi, siyasi, sosial və digər sahələrdə hər il müxtəlif tənzimlənmələr müəyyənləşdirilir və islahatlar keçirilir. Bu baxımdan Azərbaycanda su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma xidmətləri üzrə ilk dəfə dövlət tərəfindən tariflər müəyyən edilib. Bu addım, bu sahədə işlərin indiyədək pərakəndə şəkildə və qeyri-birxətli məbləğlərlə həyata keçirilməsinə son qoyaraq xidmətlərin daha şəffaf və nizamlı şəkildə təşkil edilməsini təmin etməyə yönəlib.


Manset.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Samir Heydərov bildirib ki, prezident İlham Əliyevin iqtisadi siyasətinin davamı olaraq bir sıra kommunal xidmətlərin tarifləri və sistemə qoşulma qaydaları müəyyənləşib: “Bu sahədə qaydaların müəyyənləşməsi xidmətlərin keyfiyyətinin artırılmasına və biznes mühitinin yaxşılaşdırılmasına xidmət edir. Tarif Şurasının iclasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təklifi nəzərə alınaraq su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma xidmətinə görə ilk dəfə olaraq tariflər təsdiq edilib. İndiyədək bu sahədə işlər dövlət tənzimlənməsi olmadan pərakəndə şəkildə fərqli məbləğlərlə həyata keçirilirdi. Su təchizatı və tullantı sularının axıdılması üzrə təsdiq olunmuş tariflərdə əhali abonentləri üzrə qoşulma üçün həm sosial xarakterli,həm də şəhər və regionlar üzrə diferensial yanaşma tətbiq olunub. Bu sahədə tənzimləmə qoşulma ilə bağlı xərcləri azaldacaq, dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə öz töhfəsini verəcək, maliyyə şəffaflığına və uçot sisteminin təkmilləşdirilməsinə, eyni zamanda pərakəndəliyin aradan qaldırılması ilə sahibkarlar tərəfindən investisiya qoyuluşu zamanı xərclərin əvvəlcədən hesablanmasına şərait yaradacaq”.

Ekspertin fikrincə, “Su təchizatı və tullantı sularının axıdılması sisteminə (STTSAS) qoşulma” operativ şəkildə həyata keçirilir: “Bu istiqamətdə xidmətin əməkdaşları abonentlərin suallarına 7/24 həm telefon, həm də sosial şəbəkə hesabları üzərindən cavab verirlər. Ümumiyyətlə onu da qeyd edək ki, əhali abonentləri üçün Bakı, Sumqayıt, Xırdalan şəhəri, Abşeron rayonu üzrə su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi 200 manat, digər inzibati ərazi vahidləri üzrə isə 170 manat müəyyən edilib". 

Tullantı sularının axıdılması şəbəkəsinə qoşulma üzrə tariflər Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu  üzrə 345 manat, digər inzibati ərazi vahidləri üzrə isə 290 manat səviyyəsində təsdiq edilib. 

Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan tikinti obyektləri üçün su təchizatı şəbəkəsinə qoşulmanın bir dəfəlik tarifi borunun diametrindən asılı olaraq 995 manat və ya 1015 manat, tullantı sularının axıdılması şəbəkəsinə qoşulmaya görə 1635 manat məbləğində müəyyən edilib. 

Qoşulma ilə əlaqədar tikinti obyektinin vəsaiti hesabına görüləcək işlər 30 metrədək məsafəni əhatə edir. Bu məsafə 30 metrdən artıq olduqda isə mövcud şəbəkə təchizatçı tərəfindən genişləndirilir və bunun üçün əlavə ödəniş tələb edilmir.

Samir Heydərovun sözlərinə görə, 2016-cı ildə yaradılmış Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın fəaliyyəti qaneedici şəkildə qiymətləndirilir. Komissiya davamlı iqtisadi islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığa dövlət dəstəyi və milli iqtisadiyyatın rəqabət qabiliyyətliyinin artırılması yolu ilə iqtisadiyyatda dayanıqlı və sürətli inkişafa nail olunmasına istiqamətlənib.

Məhz komissiyanın fəaliyyətinın müsbət nəticəsidir ki, ölkəmiz son aylar bir çox beynəlxalq reytinqlərdə qabaqcıl yerləri tuta bilib. Komissiyanın tərkibində ümumilikdə müstəqil ekspertlərdən ibarət 25 işçi qrupu fəaliyyət göstərir ki, bunlardan biri də “Su şəbəkəsinə qoşulma” işçi qrupudur. İşçi qrupu göstərilən xidmətlərdə keyfiyyətin artırılması, biznes mühitinin yaxşılaşdırılması və innovativ idarəetmə metodlarının tətbiqi, inzibatçılığın təkmilləşdirilməsinə səbəb olan təcrübələrdən istifadə üçün faəliyyət göstərir. Bu işçi qrupunun yaradılması inkşafa nail olmaq məqsədi daşıyır.


Xəbər xətti

18 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin