Leyla və Arzu Əliyevalar bulvarda - FOTOLAR

18:02 - 28 Dekabr 2024

Leyla və Arzu Əliyevalar bulvarda - FOTOLAR

Dənizkənarı Milli Parkda “Zamanın səsini dinlə” fotosərgisinin açılışı olub.

 

Manset.az xəbər verir ki, sərginin məqsədi müdriklik, təcrübə ilə dolu həyat dövrünü nümayiş etdirməkdir.

Burada təqdim olunan fotolarda ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinlərinin simaları əks olunub.

Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və Dənizkənarı Bulvar İdarəsinin təşkilatçılığı keçirilən fotosərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.

Fotosərgi ilə tanış olan Leyla Əliyeva və Arzu Əliyeva ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri ilə həmsöhbət olub, onların qayğıları ilə maraqlanıb və xatirə şəkilləri çəkdiriblər.

Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin 78 yaşlı sakini Validə Həsənova saytın müxbiri ilə söhbətində bildirib ki, öz şəklini görəndə çox fərqli hisslər keçirib. “Heydər Əliyev Fondu bizə şərait yaratdı ki, özümüzü kənardan görək. Müəssisənin həyətində milli geyimdə çəkdirdiyim şəkil çox xoşuma gəldi. Bizə diqqət və qayğı göstərdikləri üçün Heydər Əliyev Fonduna minnətdaram. Sağ olsunlar ki, bizi yaddan çıxarmırlar".

Müəssisənin digər sakini - 77 yaşlı Hüseyn Ələkbərov onlara ahıllar evində yaradılan şəraitdən məmnunluğunu ifadə edib. H.Ələkbərov ahılların hər zaman Heydər Əliyev Fondunun qayğısını hiss etdiklərini, fotosərginin də həmin diqqətin başqa bir növü kimi onlarda xoş təəssürat yaratdığını qeyd edib.

“Zamanın səsini dinlə” fotosərgisi şəhər sakinlərinin də marağına səbəb olub.

Kameranın obyektivi bizə yalnız simaları təqdim etmir, həm də gözlərdə, üz cizgilərində və baxışlarda həkk olunmuş hissləri, emosiyaları çatdırır. Hər bir fotoşəkil müasir dünyanın səs-küylü təlaşı arasında itən zamanın sədasını eşitmək imkanı yaradır.

Sərgi mövzu qəhrəmanlarının istiqanlılığından və iradələrinin möhkəmliyindən ilhamlanıb. Bu insanların xatirələri keçmişə aparan bir körpüdür. Çünki onların əksəriyyəti ölkəmizin çətin və keşməkeşli dövrlərində yaşamış, indiki dünyamızı formalaşdıran mühüm hadisələrin şahidləri və iştirakçıları olublar.

“Zamanın səsini dinlə” sərgisi ahıl insanlara hörmətin, diqqətin və qayğının nə qədər vacib olduğunu düşünməyə çağırır. Çünki bu qayğı onların ömrünü uzadır, həyatlarını daha da işıqlı və gözəl edir.



Xəbər xətti

30 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin