Müasir Azərbaycanın uğurları və Liderlik nümunəsi

17:49 - 18 Dekabr 2024

Müasir Azərbaycanın uğurları və Liderlik nümunəsi

Uğurlarının təməlində ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasi kursunun, strateji proqramların, konsepsiyalar və islahatların dayandığı müstəqil Azərbaycan son illər ərzində həm bölgədə, həm də dünyada çox böyük nüfuz qazanmış sürətli inkişaf edən ölkələr sırasına daxil olub.Ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılan inkişaf strategiyasını siyasətinin ana xəttinə çevirən, yüksək dövlətçilik və idarəçilik təfəkkürünə malik lider Prezident İlham Əliyev ölkənin sürətli tərəqqisini təmin edir.Müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin həyat amalı, möhtəşəm fəaliyyəti, uzaqgörən və müdrik siyasəti sayəsində ölkəmiz bu gün azad, müstəqil və güclüdür. Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət suveren Azərbaycana şanlı tariximizin ən uğurlu illərini yaşatmaqla onu bütün sahələrdə regionun aparıcı dövlətinə çevirib.
 

Öz uğurlu fəaliyyəti ilə xalqının və dövlətinin sonsuz sevgisini qazanmış lider xoşbəxtdir. Məsələyə bu istiqamətdən baxdıqda böyük qürur və fəxarət hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev dünya səviyyəli dövlət rəhbəridir. Xalqı ona görə cənab prezidenti sevir ki, o, müasir Azərbaycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyev müəyyən etdiyi siyasi kursa sadiqdir və son 21 il ərzində ölkəmizi uca zirvələrə yüksəltməkdədir. Xalqı ona görə prezidentini sevir ki, o, heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diqtəsi ilə deyil, məhz lideri olduğu çoxkonfessiyalı Azərbaycanın milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifidir. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapır. Zamanımızın dühası ulu öndər Heydər Əliyevdən “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” dəyərli qiymətini alan Prezident cənab İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 21 il ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. 15 oktyabr 2003-cü il müasir Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifələrindən biri kimi yaddaşlara yazılıb. Həmin gün ölkədə Prezident postuna azad, ədalətli və şəffaf şəkildə keçirilən seçkilərdə cənab İlham Əliyev seçicilərin 2 milyon 438 min 787 nəfərinin etimadını qazanaraq Azərbaycanın dövlət başçısı seçildi. 76 faizdən çox seçici cənab İlham Əliyevə səs verməklə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu dəstəklədi. Xalqımız sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirməklə yanaşı ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Prezident İlham Əliyev ona səs verən insanların bütün ümidlərini doğrultdu. Buna şahidlik edən xalq da Prezidentə inanaraq qətiyyətli dəstək verib, ətrafında sıx birləşərək onun gücünü və əzəmətini qat-qat artırdı.

Müstəqil dövlətçilik dövrünün inkişafında yeni tarixi mərhələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi hakimiyyətə gəlməsi ilə başlanmışdır. Dövlət rəhbəri kimi İlham Əliyevin məqsədyönlü və uğurlu dövlətçilik fəaliyyəti siyasi varisliklə yeni tarixi epoxanın reallıqları, müasirlik və modernləşdirmə üzərində qurulmuşdur. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəqil dövlətçilik təlimi yeni tarixi dövrün lideri olan İlham Əliyev tərəfindən yaradıcı şəkildə inkişaf etdirilərək, dünyada və ölkədə gedən proseslərlə əlaqəli şəkildə düşünülmüş addımlarla zənginləşdirilərək müasir dövrün daha yüksək mərhələsinə qaldırılmışdır. Prezident İlham Əliyev üçün ənənə və siyasi varislik möhkəm təməl, çoxvektorlu inkişaf, müasirləşdirmə və modernləşdirmə isə ali məqsəddir. Qətiyyətli siyasi iradə, dünyanın ictimai-siyasi gedişatını dərindən təhlil edərək vaxtında ölkə üçün taleyüklü qərarları qəbul etmək, müəyyən edilmiş strategiyanı dönmədən həyata keçirmək istedadı milli dövlətçilik tarixində İlham Əliyevin özünəməxsus obrazının yaranmasına xidmət edir. Bütün bunlar ölkəmizin tarixində yeni bir tarixi inkişaf mərhələsi olan İlham Əliyev erasını meydana çıxarmışdır. Cəmiyyət həyatında ardıcıl və çoxşaxəli inkişafın, bütün sahələrdə nailiyyətlərin qazanılması, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli dövlət anlayışlarının müqəddəs amala çevrilməsi İlham Əliyev erasının ana xətlərini təşkil edir. Müstəqil Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun, hərbi qüdrətinin inkişaf etdirilməsi də İlham Əliyev erasının mühüm hadisələridir. Bütün bunların arxasında isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin parlaq liderlik siması dayanır. Liderlik üçün çox səciyyəvi olan müqəddəs ali dəyərlər Azərbaycan Respublikasının Müzəffər Ali Baş Komandanı İlham Əliyevi dünyada qəbul edilən görkəmli dövlət xadimi miqyasına qaldırmışdır. Atdığı düşünülmüş və qətiyyətli addımlar nəinki ölkə həyatının bütün sahələrində, eyni zamanda beynəlxalq miqyasda Prezident İlham Əliyevə əsl liderlik nüfuzu qazandırmışdır. Böyük qürur hissi ilə deyə bilərik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev planetimizdəki ən görkəmli dövlət liderləri sırasında dayanır. Prezident İlham Əliyevin liderlik obrazında rəhbərlik etdiyi ölkənin ərazi bütövlüyü xalqı və dövləti qarşısındakı taleyüklü böyük xidmətləri və beynəlxalq aləmdə sülhə, ədalətə və təhlükəsizliyə verdiyi mühüm töhfələrlə müəyyən olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilk növbədə doğma xalqının və son nəticədə dünyanın qüdrətli liderlərindən biridir. Böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan xalqının bütün təbəqələrinin cəsarətli və ədalətli lider kimi sonsuz məhəbbət və ehtiram bəslədiyi İlham Əliyev beynəlxalq aləmdə də dünyanın tanınmış liderlərindən biri kimi qəbul edilir. Dünya liderlərinin ön sıralarında təmsil olunmaq üçün Prezidentin siyasi iradəsi və xarizması ilə bərabər, mütləq onun həyata keçirdiyi islahatların, əldə etdiyi mühüm nəticələrin miqyası və əhəmiyyəti də zəruri prinsiplərdir. Fikrimcə, real və uzaqgörən ideyaları konkret böyük əməllərə çevirmək baxımından həyata keçirilmiş tədbirlərin ümummilli miqyasına, əhatə dairəsinə, hərbi-siyasi əhəmiyyətinə, iqtisadi cəhətdən faydalılıq əmsalına görə Prezident İlham Əliyevlə müqayisə edilə biləcək  liderlər göstərmək asan deyildir. Təsadüfi deyildir ki, Azərbaycan xalqının Lideri üçün "Sözümüz imzamızdır, biz nəyə söz veririksə, onu da edirik, bunu bütün dünya bilir" prinsipi ölkə rəhbərinin həyatının və fəaliyyətinin əsas devizi kimi bəyan olunur. Məhz ona görə də Prezident İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi 2003-2024-cü illər ölkəmizin çoxəsrlik tarixinə möhtəşəm 21 il kimi daxil olmuşdur. Bu tarixi dövr haqlı olaraq Azərbaycan tarixində İlham Əliyev erası adlandırılır. İlham Əliyev erası - çoxəsrlik Azərbaycan tarixində xüsusi mərhələ olmaqla bərabər, həm də müstəqillik dövrünün taleyüklü məsələlərinin həlli, gələcəyə baxışı əks etdirən böyük bir mərhələdir.

Prezident cənab İlham Əliyev erasının böyük tarixə çevrilmiş ən mühüm hadisələrindən biri və ya cəmi bir neçəsi yetər ki, hər hansı dövlət rəhbəri öz xalqının qüdrətli lideri kimi qəbul olunsun. Əhəmiyyətinə və mahiyyətinə görə Prezident İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi 21 ilin isə hər ili möhtəşəmdir. Dövlət başçımızın qəbul etdiyi dövlət proqramlarının əsasında regionların inkişaf etdirilməsinin ardıcıl surətdə həyata keçirilməsi ilə Azərbaycan kəndi özünün çoxəsrlik tarixində görünməmiş yüksəliş səviyyəsinə qalxmışdır. Dünyanın heç bir ölkəsində regionlar Azərbaycandakı qədər ardıcıl və yüksək inkişaf templərinə malik deyildir. Bu, regionların inkişaf etdirilməsinin İlham Əliyev modelidir. Bu, Azərbaycan kəndini ölkəmizin əsas məşğulluq mərkəzlərinə çevirmək vəzifələrinin həyata keçirilməsinin mükəmməl həlli hadisəsidir. Məhz regionların hərtərəfli və məqsədyönlü şəkildə inkişaf etdirilməsinin əməli nəticəsidir ki, artıq Azərbaycan Respublikasının dövlət büdcəsinin formalaşmasında neft gəlirlərindən asılılıq əsasən aradan qaldırılmış, aqrar sektorun rolu nəzərəçarpacaq səviyyədə artmışdır.  Ulu Öndər Heydər Əliyevin imza atdığı "Əsrin müqaviləsi"ni Prezident İlham Əliyev "Əsrin əfsanəsi"nə çevirmişdir. XXI əsrin ən böyük neft-qaz kəmərləri olan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz magistralları Azərbaycan neft strategiyasının real əfsanəsidir. Son 21 ildə məqsədyönlü şəkildə həyata keçirilmiş uğurlu neft-qaz siyasəti nəticəsində Azərbaycan neft-qaz magistrallarının Avropa ölkələrinə çatdırılması, bu ölkələrin xilası və inkişafı amilinə çevrilməsi Prezident İlham Əliyev tərəfindən əfsanələrin reallığa çevrilməsi hadisəsindən ibarətdir. Artıq dünya ölkələrində də TANAP-TAP kimi beynəlxalq neft-qaz layihələrinə əsrin əfsanəsi kimi yüksək qiymət verilir. İndi bir çox Avropa ölkəsində insanların yaşayışını və iqtisadi inkişafını Azərbaycanın nefti və qazı olmadan təsəvvür etmək mümkün deyildir. Həm də dünyanın hazırkı çətin və mürəkkəb geosiyasi şəraitində İlham Əliyevin maraqlı dövlətlərin mənafelərinə toxunmadan, heç bir halda qısqanclığa və təzyiqlərə yol vermədən nəhəng neft-qaz layihələrini uğurla həyata keçirmək məharəti Azərbaycana etibarlı dostlar və tərəfdarlar qazandırır. Bu isə öz növbəsində beynəlxalq təşkilatlarda, habelə dünya ölkələri ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsində imkanlarımızın daha da artmasına və qüvvətləndirilməsinə əhəmiyyətli dərəcədə təsir göstərir. 

Nəqliyyat-logistika sahəsində aparılan möhtəşəm işlər Azərbaycanın dünya ölkələri ilə əlaqələrinin inkişaf etdirilməsinə böyük təminat yaradır. Bundan başqa, Azərbaycanın dünyanın əsas tranzit qovşaqlarından birinə çevrilməsi ölkəmizə nəqliyyat sahəsinin də iqtisadi cəhətdən gəlir gətirən əsas mənbələrdən biri statusu qazandırır. Bu cəhətdən Bakı-Tbilisi-Qars dəmir yolu çox mühüm layihədir. Avropa ilə Asiyanı əlaqələndirən bu dəmir yolunun çəkilib başa çatdırılmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsi və uzaqgörənliyi həlledici rol oynamışdır. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu Çin Xalq Respublikasının dövlət siyasəti səviyyəsində elan etdiyi "Bir kəmər - Bir yol" strategiyasının Qafqaz regionundakı əsas ötürücü vasitəsi kimi dünya ölkələri üçün də əlverişli nəqliyyat qovşağı hesab olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın 25 sentyabr 2023-cü il tarixdə Naxçıvan şəhərində imzaladıqları Niyyət Protokolunun müddəalarında Bakı-Tbilisi-Qars dəmir yolunun Qars-İğdır-Sədərək vasitəsilə muxtar respublikaya qədər daha bir qolunun çəkilməsinə dair razılaşdırılmanın öz əksini tapması bu magistralın Naxçıvan-Təbriz-Tehran vasitəsilə Orta Asiyaya doğru daha bir marşrutunun açılmasına şərait yaradır. Ona görə də haqlı olaraq Bakı-Tbilisi-Qars dəmir yolunu beynəlxalq aləmdə dəmir İpək yolu da adlandırırlar. Bundan başqa, Azərbaycan Respublikasının erməni işğalından azad edilmiş torpaqlarında - Füzuli şəhərində və Zəngilanda salınmış beynəlxalq hava limanları da ölkəmizin dünyaya açılan qapıları kimi mühüm əhəmiyyətə malikdir. Son günlərdə yenidən aktivləşən "Şimal-Cənub" magistralı isə Azərbaycanı avtomobil yollarının da əsas qovşaqlarından birinə çevirəcəkdir. Beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olan Zəngəzur dəhlizinin açılmasına nail olmaqla Prezident İlham Əliyev Azərbaycan Respublikasını regionun və dünyanın əsas nəqliyyat mərkəzləri səviyyələrinə çatdıracaqdır. Ölkəmizin dünyanın tranzit qovşaqlarından biri kimi çıxış etməsi iqtisadi cəhətdən səmərəli olduğu kimi, mədəni əlaqələrin də inkişafına öz töhfələrini verir. Bu isə Azərbaycanda müasir inkişafın yeni intibah mərtəbəsinə çatdırılması üçün əsas faktordur.

Beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, uğurlu xarici siyasət kursu və sabit  diplomatik münasibətlər İlham Əliyev erasının mühüm göstəricilərindəndir. Dünya ölkələri və region dövlətləri ilə qarşılıqlı etimada əsaslanan sağlam münasibətlərin qurulması və inkişaf etdirilməsi İlham Əliyevin xarici siyasət kursunun reallığı və böyük uğurudur. Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının xüsusi iclasının çağırılması və dövlət başçımızın irəli sürdüyü problemlərin beynəlxalq müstəvidə müzakirəyə çıxarılması xarici siyasət sahəsində nadir tarixi hadisədir. Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi də müstəqil dövlətimizin böyük uğurudur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünyanın ikinci beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına uğurla sədrlik etməsi dövlət başçımızın dünya liderlərindən biri olduğunu sübut edir. İslam Əməkdaşlıq Təşkilatında və İqtisadi Əməkdaşlıq Təşkilatında Azərbaycanın söz sahibi olması respublikamızın beynəlxalq nüfuzunun müasir reallıqlarıdır. 

Əlbəttə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin ən böyük zirvəsi 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdir. Müzəffər Ali Baş Komandanın işğalçı Ermənistan üzərində qazandığı bu tarixi Zəfər XXI əsrdə dünyada qələbə ilə başa çatmış ən ədalətli müharibə nümunəsidir. Azərbaycanın Qarabağ savaşı beynəlxalq aləmdə yeni müharibə texnologiyasının tətbiqi ilə aparılmış müharibə kimi də təkrarsızdır. Bu, dünya hərb tarixində ən qısa müddətdə qələbə ilə başa çatmış müharibə olaraq da əhəmiyyətlidir. Qalib Ali Baş Komandanın "dəmir yumruğ"u ilə 20 sentyabr 2023-cü il tarixdə cəmi bir gün ərzində Qarabağda keçirilmiş antiterror tədbirləri ilə də qüdrətli dövlət rəhbəri olan İlham Əliyev daha bir mühüm tarixi zəfərə imza atmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 illik işğaldan sonra ölkəsinin tarixi torpaqlarını düşmən əsarətindən azad edən, rəhbərlik etdiyi dövlətin tam ərazi bütövlüyünə nail olmağı bacaran liderdir. Azərbaycan Respublikasının mütləq suverenliyinin təmin edilməsi Prezident İlham Əliyevin möhtəşəm tarixi Zəfəridir. 

Azərbaycanın cəmiyyət həyatının elə bir sahəsi yoxdur ki, həmin istiqamətdə ölkəmizdə böyük nailiyyətlər qazanılmamış olsun. Respublikamızda inkişaf etməmiş region, yenidən qurulmamış heç bir sahə yoxdur. Böyük sürətlə inkişaf edən paytaxtımız Bakını dünyanın ən gözəl şəhərləri ilə müqayisə etmək olar. Azərbaycan 21 il ərzində kosmos ölkəsi kimi də dünyada ad qazanmışdır. Son onilliklər Azərbaycanda milli-mənəvi dəyərlərin, elm və mədəniyyətin bütün sahələrinin inkişaf etdirilməsi sahəsində qazanılmış böyük uğurlar xalqımızın və müstəqil dövlətimizin simasını müəyyən edən dəyərlər səviyyəsinə qalxmışdır. Çox böyük uğurla Avropa və İslam Olimpiya oyunları keçirən, əsas idman növləri üzrə beynəlxalq yarışlara evsahibliyi edən Azərbaycan dünyanın ən inkişaf etmiş idman ölkəsinə çevrilmişdir.

Son illər beynəlxalq tədbirlərə evsahibliyi etməkdə etibarlı ünvana çevrilmiş Bakı bu il həmin silsilədən olan ən böyük, ən mötəbər tədbirə qucaq açdı. 11-23 noyabr tarixlərində paytaxtımızda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirildi. Azərbaycan öhdəsinə düşən və özünün də siyasi və iqtisadi vizyonu ilə uzlaşan bu möhtəşəm tədbirin təşkilatçılığını uğurla həyata keçirdi. Tədbirin keçirilməsi üçün 200 ölkənin yekdil qərarı ilə Azərbaycanın ünvan olaraq seçilməsi ölkəmizin dünyada siyasi cəhətdən sabit, təhlükəsizlik baxımından təminatlı, iqtisadi aspektdən güclü dövlət kimi tanınmasının əyanı sübutu idi. 2 həftəyə yaxın müddətdə dünya məhz Bakıda iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə yollarını müzakirə etdi, onların aradan qaldırılması, xüsusilə də bu istiqamətdə inkişaf etməkdə, olan ölkələrə maliyyə yardımı ilə bağlı mövqelərini ortaya qoydu. Müxtəlif dil, din və mədəniyyətlərə sahib 196 ölkədən 72 mindən çox iştirakçının, o cümlədən 80 prezident, vitse-prezident və baş nazirin vətənimizdə toplaşmağı Azərbaycanın beynəlxalq əməkdaşlıqlara, qlobal aktual məsələlərin həllinə verdiyi töhfənin bariz nümunəsi idi. COP29 siyasi və iqtisadi əhəmiyyəti ilə bərabər həm də müxtəlif mədəniyyətlərin inteqrasiyası demək olduğu üçün Azərbaycan təqdim etdiyi qonaqpərvər mühitlə dünyadakı multikultural prinsiplərə sadiqliyini ortaya qoydu. Ardıcıl günlər ərzində eyni anda müxtəlif istiqamətlərdə dövlət və özəl sektor nümayəndələrinin çıxışlarının, panel müzakirələrinin təşkili, ictimaiyyət nümayəndələrinin öz tələb, istək və təkliflərini ifadə etmək üçün əlverişli platformanın yaradılması, minlərlə tədbir iştirakçısının yerləşdirilmə, daşınma proseslərindən başlayaraq ən xırda detallara qədər bütün təşkilati işlərin qüsursuz təmin edilməsi Azərbaycanın müasir tendensiyalara cavab verən geniş və güclü maddi-texniki bazaya sahib qüdrətli bir ölkə olduğunun carçısı idi. Təsadüfi deyil ki, ölkəmizə gələn bir çox rəsmi şəxslər yerli və xarici media resurslarına açıqlamalarında Azərbaycanda yüksək təşkilatçılıq mədəniyyəti və təcrübəsinin mövcudluğunu, o cümlədən COP29-un uğurla keçirildiyini vurğuladılar. Tədbirin yekununda yüksəksəviyyəli təşkilatçılığa görə Azərbaycana rəsmi təşəkkür elan edilməsi barədə qətnamə layihəsi qəbul olundu. Belə bir nüfuzlu tədbirin uğurla keçirilməsi, iştirakçı ölkələrin Azərbaycanın yanaşmalarına dəstəyi, ölkəmizin təşəbbüslərinin qlobal səviyyədə təqdir edildiyini göstərdi. Bu dəstək, həmçinin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin düzgün başa düşüldüyünü və qəbul edildiyini ortaya qoydu. Belə ki, COP29 Azərbaycanın regiondakı prosesləri qlobal siyasətlə inteqrasiya etdirmək bacarığını və dünyada özünəməxsus yerini daha da möhkəmləndirdiyini bir daha sübut etdi. COP29 Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi növbəti qələbə, növbəti uğuru oldu. Azərbaycan dünya miqyasında öz sözünü bir daha dedi, etibarını bir daha təsdiqlədi, qlobal tendensiyalara növbəti töhfəsini verdi. Azərbaycanın təşkilatçılığı ilə COP29-un uğurlu baş tutması və yekunda önəmli nəticələrin əldə olunması dövlətimizin qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Əldə olunmuş tarixi nəaliyyətlər, qazanılmış böyük uğurlar ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin mərhələli şəkildə planlaşdırdığı və zərgər dəqiqliyi ilə qurub-yaratdığı hərbi-siyasi xarakterli müdrik strateji gedişlərin əməli nəticəsidir. Bu səbəbdəndir ki, Azərbaycan xalqı hər zaman öz rəhbərinə güvənmiş, onun “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” kəlamının ətrafında böyük inam və cəsarətlə sıx birləşmişdir. Bunun əməli nəticəsidir ki, xalq-iqtidar birliyi hər zaman olduğu kimi bu gün də qazanılmış böyük uğur və nailiyyətlərlə özünü sübuta yetirməkdədir. Şübhəsiz ki, Prezident cənab İlham Əliyevin liderliyi ilə müstəqil Azərbaycan bundan sonra da möhtəşəm zəfərlər qazanacaq.

 

Zahid Cəfərov

YAP Yasamal rayonu “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü və Hüquq Komissiyasının sədri, Böyük Qarakilsə rayon icmasının sədri, h.e.d, professor


Xəbər xətti

18 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin