Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirildi

19:45 - 8 Noyabr 2024

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirildi

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, noyabrın 8-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

 

Manset.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hərbi orkestrin müşayiəti ilə döyüş bayrağının təntənəli surətdə sıra meydanına gətirilməsindən sonra tədbirlər açıq elan olunub.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.

Tədbirlərdə Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissələrin komandir heyəti çıxış edərək andiçmə mərasiminin 8 Noyabr – Zəfər Gününə təsadüf etməsini xüsusi vurğulayaraq, döyüş əməliyyatlarında qazandığımız qələbələrin tarixi əhəmiyyətindən danışıblar. Onlar gənc əsgərlərə vətənimizin müdafiəsində ayıq-sayıq olmağı, qarşıya qoyulmuş tapşırıqları vicdanla yerinə yetirməyi tövsiyə ediblər.

Gənc əsgərlər öz növbəsində Vətənə, dövlətə və Ali Baş Komandana, Hərbi anda sadiq olacaqlarına, nümunəvi, nizam-intizamlı xidmət edəcəklərinə, silah və texnikanın sirlərini dərindən öyrənəcəklərinə, döyüş qabiliyyətlərini daim artıracaqlarına, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirəcəklərinə söz veriblər.

Hərbi qulluqçular təntənəli marşla tribunaların önündən keçiblər.

Andiçmə mərasimləri zamanı, həmçinin 8 Noyabr – Zəfər Günü münasibətilə şəxsi heyətin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə hərbi vətənpərvərlik mövzusunda mədəni-kütləvi tədbirlər keçirilib.


Xəbər xətti

14 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin