"Qısamüddətli mühafizə orderlərinin verilməsi mexanizmi yenidən işlənilməlidir" - Azay Quliyev

16:47 - 7 Noyabr 2024

"Məlum olduğu kimi, məişət zorakılığı dünyada ən aktual problemlərdən biri hesab olunur. BMT və Dünya Səhiyyə Təşkilatının açıqladığı statistika göstərir ki, hər il dünyada qadınların ən azı üçdə biri müxtəlif formalarda məişət zorakılığına məruz qalır. Azərbaycanda bu istiqamətdə bir çox işlər görülsə də və məişət zorakılığının qarşısını almaq üçün qanunvericilik bazası davamlı olaraq təkmilləşdirilsə də, hələ də bu sahədə arzu olunan nəticəyə çatmaq mümkün olmayıb.
Bugünkü qanun layihəsi əsasən məişət zorakılığı ilə bağlı daxil olan müraciətlərin baxılma prosedurunun və qəbul olunacaq qərarların əhatə dairəsinin genişləndirilməsini nəzərdə tutur və əlbəttə, bu dəyişikliklər dəstəklənməlidir. Lakin təcrübə göstərir ki, məişət zorakılığı hallarının araşdırılması, xüsusilə qısamüddətli mühafizə orderlərinin verilməsi mexanizmi yenidən işlənilməlidir".

 

Manset.az xəbər verir ki, deputat Azay Quliyev bunu Milli Məclisdə məişət zorakılığının qarşısının alınması və qısa müddətli mühafizə orderlərinin verilmə mexanizminin təkmilləşdirilməsi ilə bağlı çıxışında deyib. O daha sonra qeyd edib: "Bildiyimiz kimi, qüvvədə olan qanunvericiliyə əsasən, məişət zorakılığı barədə şikayətdə cinayət tərkibi olmadıqda şikayətlərin baxılması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətindədir. Müraciət edilən andan 24 saat ərzində yerli icra hakimiyyəti zorakılığı törədən şəxsə xəbərdarlıq etməli və zərər çəkmiş şəxsə 60 gün müddətinə qısamüddətli mühafizə orderi verməlidir.

Burada problem ondan ibarətdir ki, bir sıra hallarda qısamüddətli mühafizə orderi icra hakimiyyəti tərəfindən vaxtında verilmir. Bəzən bu müddət bir həftə, bir ay və ya daha çox olur. Hətta elə hallar olub ki, müraciət edən şəxsə “bu sahəyə baxan icra hakimiyyəti başçısının müavini məzuniyyətdədir, müraciətə baxa bilmirik” cavabı verilib.

Ədalət naminə demək lazımdır ki, bu gecikmələr təkcə subyektiv deyil, həm də qanunvericilikdən irəli gələn obyektiv amillərlə bağlıdır. Çünki bu tip müraciətlərin baxılması və cavablandırılması mexanizmi çox mürəkkəb və qeyri-rasionaldır.
Belə ki, qanunvericiliklə bu işin təşkili icra hakimiyyəti başçısının müavininn rəhbərliyi ilə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalara, qəyyumluq və himayə orqanlarına, təhsil və tibb müəssisələrinə və yardım mərkəzlərinə həvalə olunub.

Belə bir mürəkkəb mexanizm heç şübhəsiz ki, operativ qərar qəbulu prosesinə mənfi təsir göstərir.

Digər tərəfdən, yerli icra hakimiyyəti bu sahədə ixtisaslaşmış qurum olmadığından, məişət zorakılığına dair müraciətlərdə cinayət tərkibini dəqiq müəyyən etməkdə və ya qısamüddətli mühafizə orderinin tələblərinə əməl olunmasına effektiv nəzarət etməkdə çətinlik çəkirlər, başqa sözlə, bu iş onlar üçün əlavə yükə çevrilir. Nəticədə verilmiş qısamüddətli mühafizə orderlərinin sayı ilə daxil olan şikayətlər arasında çox böyük qeyri-mütənasiblik yaranır.
Məsələn, 2023-cü ildə Daxili İşlər Nazirliyinə məişət zorakılığı ilə bağlı 9389, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 521, qeyri-dövlət yardım mərkəzlərinə isə 12000-dən çox müraciət daxil olmuşdur.
Bu məlumatları ümumiləşdirsək, görərik ki, keçən il təxminən 22 minə yaxın məişət zorakılığı hadisəsi baş verməsinə baxmayaraq cəmi 180 qısamüddətli mühafizə orderi verilib.
Başqa bir statistikaya diqqətinizi cəlb etmək istərdim. 2023-cü ildə DİN-ə məişət zorakılığı ilə əlaqədar daxil olan müraciətlərdən 1236-sı qəsdən sağlamlığa yüngül, 88-i az ağır, 49-u ağır zərər vurma, 62-si qəsdən adam öldürmə, 18-i adam öldürməyə cəhd və digər cinayətlərdən ibarət olmuşdur.

Bu orderlər vaxtında verilsəydi, bəlkə də, ölümlə və digər ciddi fəsadlarla nəticələnən bir çox hadisələrin qarşısını almaq mümkün olardı.
Ona görə də təklif edirəm ki, dünya praktikasına uyğun olaraq, qısamüddətli mühafizə orderlərinin verilməsi səlahiyyəti dəyişdirilərək polis orqanlarına verilsin. Bu, həm orderlərin verilməsində operativliyi, həm də zərərçəkmişlərin müdafiəsini və orderin tələblərinin yerinə yetirilməsini daha etibarlı şəkildə təmin edər.

Bundan başqa, məişət zorakılığından zərərçəkmiş şəxslərin uzunmüddətli mühafizə orderi almaq üçün məhkəməyə müraciət etdikdə onların dövlət rüsumundan azad olunmasını təklif edirəm.
Sonda bir məsələyə də toxunmaq istərdim. Heç kimə sirr deyil ki, məişət zorakılığı cəmiyyətdə aqressiv meylləri artırmaqla yanaşı, ailələrin dağılmasına, boşanmaların artmasına, zorakılıq mühitində böyüyən uşaqların mənəvi və psixoloji durumunun pozulmasına səbəb olur.
Bu baxımdan, 2023-cü ildə boşanmalarla bağlı mövcud durum hamımızı ciddi düşündürməlidir. Belə ki, keçən il nigahların sayı 54200 olduğu halda, boşanmaların sayı 21688 olmuşdur. Bu rəqəm boşanma əmsalının yeni qurulan ailələrlə müqayisədə 40 faizi, az qala yarısı deməkdir.

Ailə və Qadın Komitəsinin sorğusu isə onu göstərir ki, boşanmaların səbəbləri arasında məişət zorakılığı ikinci yerdədir. Bu hal belə davam edərsə, gələcəkdə ölkəmizdə demoqrafik problemlərin yaranmasına, ən əsası isə güvəndiyimiz ailə institutunun ciddi təhlükə ilə üz-üzə qalmasına səbəb ola bilər.

Ona görə də hesab edirəm ki, məişət zorakılığına sadəcə ailə daxili münaqişə kimi baxılmamalı, bu sahədəki qanunvericilikdə olan boşluqlar aradan qaldırılmalı, dövlət qurumları ilə yanaşı ictimaiyyət də üzərinə düşəni etməlidir".


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin