41 dərəcə istidə açıq havada işlər dayandırılmalıdır - Əmək Müfəttişliyi

11:21 - 24 İyun 2021

41 dərəcə istidə açıq havada işlər dayandırılmalıdır - Əmək Müfəttişliyi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) İsti hava şəraiti ilə əlaqədar işəgötürənlərə müraciət edib.

DƏMX-dən Manset.az-a verilən məlumata görə, işəgötürənlərə müraciət edərək bildirilib ki, havanın temperaturunun 41 dərəcə Selsidən çox olan hava şəraitində işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən zəruri tədbirlər görmək işəgötürənin əsas vəzifələrindən biridir.

Qeyd olunub ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu 41 dərəcə Selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. İşçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır.

Məcəlləyə əsasən, bu fasilələr iş vaxtına daxil edilir və fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.

İşəgötürənlər yay mövsümündə havanın temperaturunun 41 dərəcə Selsidən çox olduğu günləri nəzarətdə saxlamalı, gün ərzində havanın temperaturunun 41 dərəcə Selsidən çox müşahidə olunduğu saatlarda açıq hava şəraitində və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsini dayandırmalı və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələrin verilməsini təmin etməlidirlər.

Əmək şəraiti şərtləri imkan verdiyi hallarda günün isti vaxtında iş dayandırılaraq (uzun fasilə verərək) iş günü hissələrə bölünməklə iş rejimi tənzimlənə bilər.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin