Azərbaycan–İran münasibətlərində yeni mərhələ

13:44 - 30 Aprel 2025

Azərbaycan–İran münasibətlərində yeni mərhələ

"Azərbaycan–İran münasibətləri tarixi köklərə, mədəni və dini ortaq dəyərlərə əsaslanır. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulsa da, regionda baş verən geosiyasi dəyişikliklər bu əlaqələrin zaman-zaman müxtəlif dinamikada inkişaf etməsinə səbəb olub. İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın ilk xarici səfərlərindən birini Azərbaycana etməsi, rəsmi Tehranın Bakı ilə münasibətlərə verdiyi əhəmiyyətin bariz göstəricisidir. Azərbaycan və İran arasında münasibətlərin möhkəm tarixi və mədəni təməlləri, bu ölkələr arasında strateji əməkdaşlığın inkişafına əlverişli zəmin yaradır". 

Bu fikirləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov bildirib.

Millət vəkili vurğulayıb ki, 2025-ci il aprelin 28-də İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin yalnız diplomatik deyil, həm də iqtisadi, humanitar və təhlükəsizlik sahələrində dərinləşdiyini göstərən mühüm hadisə kimi yadda qaldı:

"Azərbaycan Prezidenti İlham Əliyev bu səfəri əlaqələrin yüksək səviyyədə olmasının göstəricisi kimi qiymətləndirərək bildirdi ki, bu gün dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində inkişaf edir, İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür.

Azərbaycan və İran uzun illərdir ki, BMT, İƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək siyasəti həyata keçirir. Bu əməkdaşlıq beynəlxalq hüququn əsas prinsiplərinə – suverenlik, daxili işlərə qarışmama və qarşılıqlı hörmətə əsaslanır. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlər regionda geosiyasi sabitliyin qorunması və əməkdaşlıq modellərinin təşviqi baxımından strateji əhəmiyyət daşıyır. İndiyədək Azərbaycan və İran arasında müxtəlif sahələri əhatə edən 147 sənəd imzalanıb. İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri bu münasibətlərin yeni inkişaf mərhələsinə keçdiyinin göstəricisidir. Səfər çərçivəsində əldə olunan razılaşmalar və imzalanmış sənədlər, iki dövlətin uzunmüddətli əməkdaşlıq niyyətinin hüquqi, siyasi və iqtisadi əsaslarını daha da möhkəmləndirdi".

V.Qafarov qeyd edib ki, Şimal–Cənub nəqliyyat dəhlizi layihəsi Azərbaycan və İran üçün strateji əhəmiyyətə malik olmaqla yanaşı, regionun tranzit potensialını genişləndirən çoxşaxəli layihədir:

"Prezident İlham Əliyev mətbuata verdiyi bəyanat zamanı qeyd etdi ki, Azərbaycan öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib. Hazırda Azərbaycan sadəcə olaraq, artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarını və infrastrukturunu genişləndirir. İmzalanmış 2025–2028-ci illər üçün Mədəni Mübadilə Proqramı, təhsil, mədəniyyət, incəsənət və KİV sahəsində əməkdaşlıq platformalarının formalaşdırılmasını nəzərdə tutur. Bu isə regionda informasiya təhlükəsizliyinin təmin edilməsində və mədəni diplomatiyanın inkişafında vacib rol oynayır.

İki ölkə rəhbərləri arasında keçirilən danışıqlarda regionda sülh və təhlükəsizlik məsələləri də müzakirə olundu. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan İranla mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında münasibətlərin inkişafına daim sadiqdir. Səfər çərçivəsində imzalanmış sənədlər iki ölkə arasında əməkdaşlığın konkret istiqamətlər üzrə inkişafına zəmin yaradır.

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri Azərbaycan-İran münasibətlərinin inkişafında yeni bir səhifənin açılmasına şərait yaradır. İmzalanan sənədlər, razılaşdırılmış əməkdaşlıq istiqamətləri və tərəflər arasında yaranmış etimad mühiti, regionda sabitliyin və dayanıqlı inkişafın təmin olunmasına yönəlib. Bu baxımdan, səfərin nəticələri təkcə ikitərəfli münasibətlərin deyil, eyni zamanda Cənubi Qafqaz və Yaxın Şərq bölgəsində geosiyasi tarazlığın qorunmasına və inteqrasiya təşəbbüslərinin həyata keçirilməsinə mühüm töhfə verəcək. Danışıqların səmimi atmosferi göstərdi ki, hər iki tərəf uzunmüddətli əməkdaşlığı prioritet hesab edir və bu istiqamətdə konkret addımlar atır. Hesab edirəm ki, bu səfər Azərbaycan-İran münasibətlərinin inkişafında çox önəmli rol oynayacaq. Bakıda qəbul edilən qərarlar Azərbaycan-İran münasibətlərində yeni mərhələ olacaq və iki ölkə arasında əlaqələri yüksələn xətlə irəliyə aparacaq".

 

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv