Müəllimlərin attestasiya nəticələrinə uyğun təlimlər başlayır

11:46 - 28 Aprel 2025

Müəllimlərin attestasiya nəticələrinə uyğun təlimlər başlayır

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən islahatlar çərçivəsində musiqi və incəsənət sahəsində təhsilin keyfiyyətinin artırılması və müəllim heyətinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə müəllimlərin attestasiya prosesi həyata keçirilir.


Manset.az xəbər verir ki, attestasiya müvafiq normativ-hüquqi sənədlərə və mövcud qanunvericiliyin tələblərinə əsasən təşkil olunmuş və ilkin mərhələdə Bakı və Abşeron-Xızı regionlarını əhatə etmişdir.

Bu mərhələdə ümumilikdə 47 musiqi və incəsənət məktəbində çalışan 1759 nəfər fortepiano və musiqi nəzəriyyəsi müəllimi attestasiyaya cəlb edilmişdir.

Qiymətləndirmə attestasiya komissiyaları tərəfindən aparılmış və müəllimlərin bilik, bacarıq və metodiki hazırlıq səviyyəsi müxtəlif meyarlar üzrə dəyərləndirilmişdir.

Attestasiyadan 1200 nəfərə yaxın müəllim uğurla keçmişdir, onlardan 650 nəfəri, bütün komissiya üzvləri tərəfindən müsbət qiymətləndirilməklə ən yüksək, 309 nəfəri yüksək nəticə göstərmişdir. Sevindirici haldır ki, son illərdə müsabiqə yolu ilə işə qəbul olan müəllimlər attestasiyadan uğurla keçmişdir. Eləcə də, bir sıra musiqi və incəsənət məktəblərinin müəllim heyəti attestasiya prosesini böyük uğurla başa vurmuşdur.

Attestasiyanın nəticələri üzrə 492 nəfər müəllim tutduğu vəzifəyə uyğun hesab edilməmiş, onlardan 112 nəfəri komissiya üzvlərinin 2 lehinə, 3 əleyhinə səsi ilə qiymətləndirilmişdir. Bu şəxslər üçün əlavə inkişaf imkanlarının yaradılması məqsədilə onların xüsusi təlim proqramına cəlb olunmaları nəzərdə tutulmuşdur.

Mədəniyyət Nazirliyinin tapşırığı ilə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən həmin müəllimlər üçün attestasiya komissiyaları tərəfindən qeyd olunan təlim ehtiyaclarına uyğun olaraq fortepiano, musiqi tarixi və nəzəriyyəsi istiqamətləri üzrə xüsusi inkişaf yönümlü təlim proqramları hazırlanmışdır. Təlimlərin əsas məqsədi sözügedən müəllimlərin peşəkar bilik və bacarıqlarının yenilənməsi, metodiki hazırlıqlarının gücləndirilməsi və onların işə qəbul üzrə keçiriləcək imtahanda uğurlu nəticə göstərmələrinə dəstək olmaqdır.

Təlimlər 2025-ci il may ayının 1-dən etibarən mərhələli şəkildə, əvvəlcədən tərtib olunmuş qrafikə uyğun olaraq həyata keçiriləcəkdir. İştirakçılar müvafiq tədris materialları və proqramla təmin ediləcək, dərslər təcrübəli pedaqoqlar və sahə üzrə ekspertlər tərəfindən keçiriləcəkdir.

Təlimlərin başlanması ilə bağlı iştirakçılara yaxın günlərdə bildirişlər göndəriləcəkdir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv