Xarici səyyahlar Ağdamda oludular - FOTO

20:00 - 24 Aprel 2025

Xarici səyyahlar Ağdamda oludular - FOTO

"NomadMania" səyyah klubunun təşəbbüsü ilə Qarabağ və Şərqi Zəngəzurda səfərdə olan dünya səyyahları Füzuli, Şuşa və Xankəndidən sonra Ağdam şəhərinə gəliblər. Dünyanın 30 ölkəsindən gələn xarici səyahətçilər Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklər, eləcə də şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olublar.


Manset.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Ağdam şəhərindəki Şəhidlər xiyabanına gələn səyyahlara burada Birinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəman Vətən övladlarının, o cümlədən Xocalı soyqırımında qətlə yetirilmiş dinc sakinlərin bir hissəsinin dəfn edildiyi bildirilib. Qeyd olunub ki, Ağdam şəhərini yerlə-yeksan edən erməni vandalları Şəhidlər xiyabanındakı qəbirləri də dağıdıblar.

Xarici səyyahlar sonra Ağdam şəhər Cümə məscidi ilə tanış olublar. Məlumat verilib ki, 1868-1870-ci illərdə inşa edilmiş məscid də digər tarixi-dini abidələr kimi erməni vandalizminə məruz qalıb. Məscidin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb. Erməni vandalları Ağdam Cümə məscidində mal-qara saxlayıblar. Ağdam şəhəri işğaldan azad edildikdən sonra məscid Azərbaycan dövləti tərəfindən bərpa olunub.

Daha sonra səyyahlar Ağdam İmarət Kompleksinə gəliblər. Bildirilib ki, Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq tikililərdən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. İşğal dövründə digər tarixi-mədəni və dini abidələr kimi, Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş İbrahimxəlil xanın, onun oğlu, Qarabağın sonuncu hakimi Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı, görkəmli şair, rəssam Xurşidbanu Natəvanın məzarları İmarət Kompleksində yerləşir. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də buradakı qəbiristanlıqda dəfn ediliblər. Ağdam şəhəri işğal edildikdən sonra qəbiristanlıq erməni vandalizminin qurbanı olub. İbrahimxəlil xanın türbəsi və Xurşidbanu Natəvanın qəbirüstü abidəsi də dağıdılıb. İşğaldan azad edildikdən sonra Ağdam İmarət Kompleksində yerli və xarici mütəxəssislərin iştirakı ilə restavrasiya və arxeoloji tədqiqat işləri həyata keçirilib.

İmarət kompleksi mərasimlərin keçirilməsi üçün nəzərdə tutulmuş tikililər, türbələr, Qarabağ atlarının nümayiş olunması üçün atçılıq kompleksi və ziyarətçi mərkəzindən ibarətdir. Kompleks nəinki Qarabağın, eləcə də Azərbaycanın mühüm turizm və mədəniyyət mərkəzlərindən biridir.

Xarici səyyahlara Ağdamda həyata keçirilən bərpa-tikinti işləri barədə də məlumat verilib.

Bu səfər azad edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıdılmasında müstəsna rol oynayır.

Qeyd edək ki, Vətən müharibəsindən ötən 5 il ərzində dünyanın əsas beynəlxalq səyyah şəbəkələrinin - ETIC, MTP, TCC, "NomadMania" və əksəriyyəti bu klubların üzvləri olan Türkiyə Gəzginlər Klubu, "Club-100" (İsveç), "Piki Reels" (Böyük Britaniya), "Vagaclub" (Norveç) klublarının geniş tərkibdə heyətlərinin 12 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Budəfəki səfər isə prosesin davamı olmaqla, beynəlxalq səyyahların azad edilmiş ərazilərə 13-cü qrup səfəridir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv