Rusiya mətbuatı Prezidentin Çinə səfərindən yazdı  

20:10 - 23 Aprel 2025

Rusiya mətbuatı Prezidentin Çinə səfərindən yazdı  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri Rusiya mətbuatında geniş işıqlandırılıb.


Manset.az Azərtac-a istinadən xəbər verir ki, "TASS" agentliyi Çin Xalq Respublikasının Sədri Si Cinpin və Azərbaycan Prezidenti İlham Əliyev arasında Pekində keçirilmiş görüşə həsr olunmuş məqalə yayıb. Yazıda Çin Liderinin "tarif və ticarət müharibələri bütün ölkələrin qanuni hüquq və maraqlarına zərər vurur, çoxtərəfli ticarət sistemini sarsıdır və dünya iqtisadi nizamını pozur" sözləri sitat gətirilir.

Bildirilib ki, Si Cinpin BMT Nizamnaməsi və beynəlxalq hüquq prinsiplərinə əsaslanan beynəlxalq nizamın qorunması üçün Çinin Azərbaycanla birgə işləməyə hazır olduğunu vurğulayıb.

"Nezavisimaya qazeta" nəşrində Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfərinə həsr olunmuş geniş analitik məqalədə qeyd olunur ki, səfərin məqsədi strateji tərəfdaşlığın dərinləşdirilməsi, o cümlədən iki ölkə arasında vizasız rejim haqqında sazişin imzalanmasıdır. Nəşr Prezident İlham Əliyevin "Sinxua" agentliyinə müsahibəsinə də toxunub. Oxucuların diqqətinə çatdırılıb ki, həmin müsahibədə Prezident beynəlxalq məsələlərdə əməkdaşlığı genişləndirməyə və iki dövlətin maraqlarını birgə müdafiə etməyə hazır olduğunu vurğulayıb. Yazıda Çinlə təmasların gücləndirilməsini Orta Dəhliz layihəsi, regionda nəqliyyat və iqtisadi inteqrasiya imkanları ilə əlaqələndirən ekspertlərin fikirlərinə də yer verilib.

"Vestnik Kavkaza" nəşri Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin aprelin 23-də Pekində keçirilmiş görüşün yekunları üzrə qəbul edilmiş birgə bəyanatı barədə ətraflı məqalə dərc edib. "BMT mərkəzli dünya nizamı"nın və BMT Nizamnaməsinin prinsiplərinə əsaslanan beynəlxalq nizamın dəstəklənməsi diqqət mərkəzində olub.

"Kommersant" qəzeti Çin sədri Si Cinpinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında görüşü işıqlandırıb, danışıqların iqtisadi və ticarət aspektlərinə diqqət yetirib. Məqalədə tarif müharibələrinə qarşı kəskin çıxış edən və onların "qlobal iqtisadi nizamı və ticarət sistemini pozduğunu, ölkələrin hüquq və maraqlarını pozduğunu" qeyd edən Çin liderinin bəyanatlarından sitat gətirilir.

"Böyük Asiya" informasiya portalı yazıb ki, Çin Xalq Respublikasının Sədri Si Cinpinlə Azərbaycan Prezidenti İlham Əliyevin apardıqları danışıqların əsas nəticəsi iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulması olub. Nəşrdə vurğulanır ki, səfər çərçivəsində 20-dən çox ikitərəfli sazişin, o cümlədən qarşılıqlı vizasız gediş-gəliş haqqında saziş imzalanıb.

"RİA Novosti" Çinin Sədri Si Cinpinin Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqları zamanı səsləndirdiyi bəyanatlarla bağlı məqalə dərc edib. Bildirilib ki, Çin lideri ticarət müharibələrinin dağıdıcı nəticələri barədə xəbərdarlıq edib.

"EADaily" agentliyi Pekində Azərbaycan Prezidenti İlham Əliyev və Çinin Sədri Si Cinpin arasında keçirilən danışıqların yekunları üzrə imzalanmış Birgə Bəyanatın əsas məqamlarını işıqlandırıb. Azərbaycanın təklif etdiyi sülh gündəliyinə Çinin güclü dəstəyi diqqət mərkəzində olub. Bəyanatda tərəflərin əks-məhsuldar adlandırdıqları qarşıdurma xarakterli geosiyasi oyunlar pislənilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv