Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində keçirilən beynəlxalq Forumda dünya nizamının yeni cağırışları ilə bağlı mühüm mesajlar verdi. Forumda nüfuzlu ekspertlərin səsləndirdikləri suallar və Azərbaycan Prezidentinin cavabları bir daha təsdiq etdi ki, dünyada baş verən dəyişikliklər birbaşa və ya dolayı şəkildə yerləşdiyimiz coğrafiyanın da siyasi ab-havasını təsirləndirə bilir. Azərbaycanın diqqət yetirdiyi əsas məqam budur ki, Avropada bəzi dairələrin Cənubi Qafqazla bağlı sülh çağırışlarının arxasında heç bir real əməl dayanmır, əksinə, onların etdikləri sülhə yalnız xələl gətirir. Fransa başda olmaqla həmin dairələrin əsl hədəfi Ermənistan vasitəsilə regionumuzda öz maraqlarını təmin etmək və ya mövcud təsir imkanlarını genişləndirməklə bağlıdır. Bunun üçün tarixən yoxlanılmış “parçala və hökm et” siyasi düsturundan bu gün bizim coğrafiyada da istifadə olunmaqdadır.
Elə bu səbəbdən, Avropa liderliyinə iddia edən Fransa və onun təsiri altında olan bəzi beynəlxalq qurumlar Cənubi Qafqazda cızdıqları ayırıcı xətləri daha da dərinləşdirməyə, qardaş Türkiyənin regionda artmaqda olan rolunu zəiflətməyə və Türk Dövlətləri Təşkilatının (TDT) beynəlxalq faktor kimi güclənməsinin qarşısını almağa çalışırlar. Tarixən ustası olduqları “parçala və hökmranlıq et” prinsipindən bəhrələnərək, təkcə TDT-yə deyil, həm də Azərbaycan-Gürcüstan münasibətlərinə nifaq toxumu səpmək üçün cilddən-cildə girirlər. Avropa İttifaqının (Aİ) rəsmiləri aprelin əvvəlində Səmərqənddə bəyan etdilər ki, Orta Dəhlizin az qala Gürcüstana heç bir aidiyyəti yoxdur. Elə təəssürat yaratmağa çalışdılar ki, guya bu dəhliz yalnız Ermənistandan keçə bilər. Coğrafiyamızın reallığını nəzərə almayan bu cür məntiqsiz yanaşmanın yeganə səbəbi odur ki, Ermənistandan fərqli olaraq, Azərbaycan və Gürcüstan suveren məsələlərinin həllinə xarici müdaxiləni, hər hansı bir təzyiqi qəbul etmir. Prezident İlham Əliyev Aİ-Mərkəzi Asiya sammitində Avropa Birliyinin rəsmiləri tərəfindən səsləndirilmiş bəyanatlara ADA Universitetində keçirilən Forumda bu mesajla cavab verdi: “Gürcüstanın dəniz limanları, Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycanın Ələt Limanı-bütün bunlar nəqliyyat sahəsi üçün əhəmiyyətlidir. Bütün bunlar haqqında danışılmır, bu layihələrə nə qədər vəsait yatırdığımız gözardı edilir. Yalnız Türkiyə və Ermənistan, Ermənistan və Azərbaycan arasında sərhədlərin açılması haqqında danışılır. Bunun Avropaya nə aidiyyəti var? Bu, onların işi deyil... Gürcüstan haqqında isə bir kəlmə belə deyilmədi. Sanki Gürcüstan mövcud deyil. Bu, ədalətsizlikdir”.
Avropa qurumlarından gələn bəyanatların əsas məqsədi odur ki, Ermənistanı regional iqtisadi izolyasiyadan çıxara bilsinlər. Amma buna çalışanlar hələ də etiraf etmirlər ki, Ermənistan öz günahı ucbatından dalana dirənib. Belə bir həssas məqamda Gürcüstanın yeni seçilmiş Prezidenti Mixeil Kavelaşvilinin ilk rəsmi səfərini Azərbaycana etməsi, əlbəttə ki, yalnız rəmzi məna daşımır. Bu, həm də seçim deməkdir! Prezident İlham Əliyev aprelin 16-da Gürcüstan Prezidentinin iştirakı ilə mətbuata bəyanatında ADA Universitetində ifadə etdiyi mövqeyini bir daha konkretləşdirdi: “Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil... Əgər bu gün biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir”.
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili də Cənubi Qafqazda hökmranlıq etmək arzusunda olan dairələrə öz ölkəsinin seçimini və dəyişməz mövqeyini bu mesajla çatdırdı: “Təəssüf ki, son vaxtlar ölkələrimiz dəfələrlə ikili standartların və xarici qüvvələrin daxili işlərə müdaxiləsinin obyektinə çevrilib. Çoxsaylı səylərə baxmayaraq, biz bu təhlükələri qətiyyətlə aradan qaldırırıq, regionun təhlükəsizliyini və sabitliyini təmin edirik. Heç bir üçüncü ölkə və ya təşkilatın xalqlarımız üçün nəyin yaxşı olduğunu bizdən yaxşı bilməsi mümkün deyil”.
Yeni dünya nizamının formalaşması prosesində intriqa, şantaj və təhdid üslubu daha çirkin müstəviyə keçməkdədir. Bu, ikili standartlar siyasətinin gələcəkdə daha aqressiv, daha təhlükəli məcraya transformasiya oluna biləcəyinin əlamətlərindən xəbər verir. İndidən görünən budur ki, olduqca mürəkkəb, bəlkə qarşıdakı bir neçə onilliyi də təsirləndirə biləcək yeni çağırışların qarşısında yalnız öz müstəqilliyinə, suveren seçiminə və milli-mənəvi dəyərlərinə sözdə deyil, əməldə sadiq olan Azərbaycan kimi dövlətlər duruş gətirə biləcək. Prezident İlham Əliyevin ADA Universitetində keçirilən Forumda səsləndirdiyi bu bəyanat həm də həmin mövqenin mesajı idi: “Şimali Kiprdə öz dövlətinə sahib olmağa layiq qardaşlarımıza necə kömək edə biləcəyimizdən başqa bir gündəmimiz yoxdur. Onlar tarix və əməlləri ilə buna layiqdirlər. Hamımız xatırlayırıq ki, Birləşmiş Millətlər Təşkilatının ovaxtkı Baş katibi Kofi Annanın təşəbbüsü ilə referendum keçirilib və Kipr türkləri birləşməyə, Kiprdəki yunanlar isə birləşmənin əleyhinə səs verdilər. Sonra nə oldu? Kipr dəvət edildi və Avropa İttifaqına üzv oldu. Bu, ədalətli idi? Əlbəttə ki, yox. Bu ikili standartlar idi? Əlbəttə, bəli. Amma təəssüf ki, siyasətçilərin çoxu bu haqda danışmaq istəmir. Onlar başağrısı olmamasına üstünlük verirlər...Amma Azərbaycana gəldikdə, məncə, Şimali Kiprdəki qardaşlarımız arasında heç bir şübhə yoxdur ki, biz müstəqil ölkə qurulana qədər, sona qədər sizinlə olacağıq”.
Olduqca təlatümlü olan hazırkı geosiyasi şəraitdə Prezident İlham Əliyevin bu tarixi bəyanatı ədalət, cəsarət və sədaqət rəmzidir! Azərbaycan və Gürcüstan Prezidentlərinin Bakıdan verdikləri mesajlar isə Cənubi Qafqazı parçalayıb burada hökmranlıq arzusunda olan dairələrə bir daha nümayiş etdirdi ki, milli-mənəvi dəyərlərimizdən və tarixi bağlardan irəli gələn öhdəliklər ölkələrimiz üçün digər maraqlardan, bəzi Avropa liderlərinin şişirdilmiş ambisiyalarından çox yüksəkdə dayanır.
Ülvi Quliyev
Milli Məclisin deputatı