"Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci və Yaşıl Enerji Məşvərət Şurasının 3-cü iclasları çərçivəsində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın enerji sahəsindəki strateji mövqeyini bir daha nümayiş etdirdi. Prezident çıxışında ölkənin həm ənənəvi enerji sahəsində, həm də bərpaolunan enerji istiqamətindəki planlarını, beynəlxalq əməkdaşlığa verdiyi əhəmiyyəti və qarşıdakı illər üçün baxış bucağını ətraflı şəkildə təqdim etdi".
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı, tarix elmləri doktoru Vasif Qafarov deyib. Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi artıq təkcə regional deyil, qlobal enerji təhlükəsizliyi üçün mühüm bir sistemə çevrilib:
"3500
kilometr uzunluğunda olan bu inteqrasiya olunmuş boru kəməri Avropanın enerji
xəritəsində strateji rol oynayır. Layihənin uğuru iştirakçı ölkələrin,
beynəlxalq enerji şirkətlərinin və maliyyə qurumlarının sinxron əməkdaşlığı
nəticəsində əldə olunub. Hazırda layihədə iştirak edən ölkələrin və şirkətlərin
sayının artması, bu sistemin dayanıqlı və gələcəyə hesablanmış bir təşəbbüs
olduğunu təsdiqləyir.
Son
illər ərzində Azərbaycanın qaz ixrac coğrafiyası genişlənərək ölkənin enerji
ixracında yeni bir mərhələ açıb. 2022-ci ildə Avropa Komissiyası ilə imzalanan
strateji əməkdaşlıq memorandumu nəticəsində Azərbaycanın Aİ-yə qaz ixracı 60%
artıb. Əgər 2021-ci ildə Avropaya 8 milyard kubmetr qaz ixrac olunurdusa, bu
rəqəm 2024-cü ildə 13 milyard kubmetrə çatıb. Azərbaycan bu gün artıq 12
ölkəyə, o cümlədən 8 Avropa İttifaqı üzvünə qaz ixrac edir. Bu isə ölkəmizin
Pan-Avropa təchizatçısı statusunu rəsmi şəkildə möhkəmləndirir. Azərbaycan
yaxın illərdə qaz hasilatını daha da artırmaq məqsədilə yeni yataqların
istismarına başlayacaq. “Abşeron” yatağında hasilatın ikinci mərhələsi,
“Azəri-Çıraq-Günəşli” Dərin Qaz strukturundakı işlər və digər layihələr bu
istiqamətdəki əsas addımlardır. Prezidentin qeyd etdiyi kimi, bu cür iri
layihələr uzunmüddətli müqavilələr və sabit bazar təminatı ilə iqtisadi
baxımdan daha əlverişli olur".
Vasif Qafarov onu da bildirib ki, Azərbaycanın enerji gündəliyində bərpaolunan enerji xüsusi yer tutur:
"2030-cu ilə qədər
ölkənin günəş, külək və hidroenerji əsasında ümumi istehsal gücünün 6.5
giqavata çatdırılması planlaşdırılır. Bu isə daxili enerji tələbatının daha çox
yaşıl mənbələrlə ödənilməsi və ixrac üçün daha çox təbii qazın sərbəst qalması
deməkdir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda artıq istismara verilmiş 270
meqavatlıq hidroelektrik stansiyalar bərpaolunan enerji sahəsində Azərbaycanın
regional liderliyini göstərir. Xəzər-Qara Dəniz-Avropa yaşıl enerji dəhlizi,
həmçinin dənizdə külək enerjisi layihələri üzrə əməkdaşlıq genişlənir. Bu
əməkdaşlıqlar Azərbaycanı həm ənənəvi, həm də yaşıl enerji sahəsində əsas
tərəfdaş mövqeyinə gətirir.
Bütün
bunlar Azərbaycanın enerji siyasətində nə qədər balanslı, uzaqgörən və çevik
yanaşma nümayiş etdirdiyini ortaya qoyur. Enerji təhlükəsizliyində etibarlı
tərəfdaş olaraq Azərbaycanın mövqeyi günbəgün möhkəmlənir. Bu strategiya təkcə
ölkənin iqtisadi inkişafını deyil, eyni zamanda Avropanın enerji
təhlükəsizliyinə verdiyi töhfəni də təmin edir".