2025-ci il aprelin 4-də Bakı şəhərində iki vacib beynəlxalq enerji tədbiri - Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclası keçirildi. Hər iki tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev geniş və strateji məzmunlu çıxış etdi. Prezidentin nitqi enerji sahəsində Azərbaycanın prioritetlərini, tərəfdaşlıq strategiyasını, qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələri və qarşıdakı dövr üçün planları əhatə etdi. Bu çıxış təkcə Azərbaycanın enerji siyasətinin deyil, həm də beynəlxalq enerji gündəliyinin əsas istiqamətlərindən birinə çevrildi.
Azərbaycanın Cənub Qaz Dəhlizi və yaşıl enerji sahələrində
tutduğu mövqe və əldə etdiyi uğurlar son illərdə həm regional, həm də qlobal
miqyasda strateji önəm kəsb edir. Azərbaycan layihənin təşəbbüskarı və əsas icraçısıdır. TANAP və TAP
layihələrinin əsas investorlarından biri olan SOCAR vasitəsilə ölkəmiz layihəyə
həm maliyyə, həm də logistik baxımdan liderlik edir. Hazırda illik
10 milyard kubmetr qaz ixracı reallaşır. Lakin Prezident İlham Əliyev TANAP-ın
ötürücülük qabiliyyətinin 16 milyarddan 32 milyard kubmetrə çatdırılmasını
prioritet elan edib. Azərbaycan külək, günəş və hidro enerji baxımından mühüm
potensiala malikdir. Xüsusilə Xəzər dənizində külək enerjisi üzrə resurslar
beynəlxalq səviyyədə diqqət çəkir. Prezident Əliyevin açıqlamasına görə,
2030-cu ilə qədər 5 qiqavat yaşıl enerji ixracı hədəflənib. Bu, Azərbaycanın
Avropa qaz bazarındakı payını artırmaq istiqamətində irəliyə doğru ciddi
addımdır. Azərbaycan Masdar (BƏƏ), ACWA Power (Səudiyyə Ərəbistanı) və BP
(Böyük Britaniya) kimi qlobal şirkətlərlə yaşıl enerji üzrə layihələr həyata
keçirir. “Yaşıl Enerji Dəhlizi” layihəsinə gəldikdə isə bu layihə Azərbaycan-Gürcüstan-Macarıstan
marşrutu ilə yaşıl elektrik enerjisinin ixracı planlaşdırılır. Avropa
Komissiyası bu layihəni prioritet layihə elan edib.
Azərbaycandan
"yaşıl enerji"nin tədarükünə maraq artır və ölkəmizin Avropa enerji
bazarına yeni statusla daxil olması Avropa İttifaqı ilə daim inkişaf edən
strateji tərəfdaşlığımızın əsasını təşkil edir. Azərbaycan alternativ mənbələr
və marşrutlarla Avropanın enerji təchizatını davamlı şəkildə şaxələndirən ölkədir.
Bir sözlə, Azərbaycan "yaşıl enerji" ölkəsi kimi inkişafı ilə bağlı
strateji məqsədlərini həyata keçirmək əzmindədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın
enerji təhlükəsizliyi sahəsində görülmüş işlər mühüm əhəmiyyət kəsb edir. Vətən
müharibəsində qazandığımız qələbədən sonra ölkəmizdə "yaşıl enerji"
layihələrində yeni mərhələnin başlanması isə bu sahədə qarşıya qoyulmuş hədəfləri
daha da aktuallaşdırıb. Ötən dövrdə paytaxt Bakı ilə yanaşı, ölkəmizin digər
bölgələrində də bərpaolunan enerji layihələri üçün potensial ehtiyat bir daha nəzərdən
keçirilib, bu istiqamətdə müvafiq addımlar atılıb. Azərbaycanın neft-qaz sahəsində,
xüsusən avropalı tərəfdaşlarla uğurlu əməkdaşlığı enerji resursları ixrac edən
istənilən ölkə üçün nümunədir. Azərbaycanın
digər ölkələrlə müqayisədə üstünlüyü bütün regionda "yaşıl enerji"nin
inkişafına yönəlmiş layihələrin artıq işə salınmasından ibarətdir. Özünü ənənəvi
resursların etibarlı təchizatçısı kimi təsdiqləmiş Azərbaycan əldə olunanlarla
kifayətlənmir. Ölkənin "yaşıl enerji" ixracı üzrə iddialı planları
geniş vüsət alır və artıq konkret təşəbbüslər irəli sürülüb. Qarabağı
"yaşıl enerji" zonası elan edən Azərbaycan dekarbonizasiya, qlobal
tendensiyalara doğru səylər və öz iqtisadiyyatının inkişafı istiqamətində mühüm
addımlar atıb. Bu gün Azərbaycanda, o cümlədən işğaldan azad olunmuş
torpaqlarda həyata keçirilən irimiqyaslı layihələr ölkənin gələcəkdə, həmçinin
alternativ enerji istehsalçısı və ixracatçısına çevrilməsini təmin edəcək.
İşğaldan azad olunmuş torpaqlarda həyata keçirilən ən mühüm bərpaolunan enerji
mənbələri layihələrindən biri Britaniyanın BP şirkəti ilə günəş enerjisinin
istehsalı üzrə birgə layihədir. Bu elektrik stansiyasının artıq iki il sonra
tam fəaliyyətə başlayacağı gözlənilir. Bu miqyasda şirkətin həyata keçirdiyi
layihə Azərbaycanın bərpaolunan enerji potensialının yüksək olduğundan, ölkəmizin
etibarlı və stabil tərəfdaşa çevrildiyindən xəbər verir.
Ölkəmiz Avropanın enerji təchizatının mənbə və marşrutlarla diversifikasiyasının yeni xəritəsini, planını tərtib edir və təbii qazla yanaşı, irəlidə "yaşıl enerji" və hidrogenin də əsas tədarükçülərindən biri olacaq. Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Yaşıl Enerji Dəhlizinin yaradılması enerji siyasətimizin başlıca prioritetidir. Bu baxımdan yeni "yaşıl enerji" dəhlizi dünyada baş verən enerji böhranları və enerji asılılığı kontekstində Avropa üçün kritik əhəmiyyət daşıyır. Bu layihə Avropa İttifaqının Rusiya enerjisindən asılılığını azaltmaq cəhdinin bir hissəsidir. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Buxarestdə Sazişin imzalanması mərasimi ilə bağlı plenar iclasda bildirib ki, Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir. O, sözügedən sənəddə bərpaolunan enerjiyə geniş diqqət ayrılmasından məmnunluğunu ifadə edərək deyib:"Bərpaolunan enerji mənbələrinin artmaqda olan payını inteqrasiya etmək üçün bizə güclü elektrik enerjisi interkonnektorları lazımdır. Məhz buna görə Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir. Mən, sadəcə, onu deyə bilərəm ki, bu, çox iddialı bir layihədir. Bu layihə bizi həm rəqəmsal kommunikasiya, həm də enerji üçün Qara dənizin hər iki tərəfindən, həmçinin Xəzər dənizi regionu ilə bağlayacaq".
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində
nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü
iclasının keçirilməsinin əhəmiyyəti çoxşaxəli və strateji xarakter daşıyır. Bu iclaslar Azərbaycanın həm ənənəvi
enerji resursları (xüsusilə təbii qaz), həm də bərpaolunan enerji mənbələri sahəsində
etibarlı və çoxşaxəli tərəfdaş kimi mövqeyini möhkəmləndirir. İki paralel
enerji istiqamətinin — qaz və yaşıl enerjinin — birgə müzakirə olunması Azərbaycanın
enerji siyasətində inkişaf etmiş, çevik və uzunmüddətli düşünülmüş yanaşma sərgilədiyini
göstərir. Bu iclaslar həm region ölkələri
(Gürcüstan, Türkiyə, Balkan ölkələri və s.), həm də Avropa İttifaqı ilə möhkəm əməkdaşlıq
platformasının qurulmasına xidmət etdi. Həm Cənub Qaz Dəhlizi, həm də yaşıl
enerji ixrac marşrutları Azərbaycanı beynəlxalq enerji şəbəkəsinin mərkəzi
roluna çıxarır. Rusiya-Ukrayna müharibəsi fonunda
Avropa İttifaqı enerji təchizatında alternativ mənbələr və marşrutlar
axtarışındadır. Azərbaycanın təşəbbüskarı olduğu bu toplantılar Avropanın
enerji təhlükəsizliyində ölkəmizin artan rolunu nümayiş etdirir və Azərbaycanın
strateji əhəmiyyətini daha da artırır. Yaşıl
Enerji Məşvərət Şurasının 3-cü iclası Azərbaycanın iqlim dəyişiklikləri ilə
mübarizəyə ciddi yanaşdığını, yaşıl enerjiyə keçiddə konkret hədəflər və layihələr
təqdim etdiyini göstərdi. Azərbaycan özünü regional yaşıl enerji mərkəzi kimi təqdim
etməyə başlayır. 2024-cü ilin noyabr ayında
Bakıda keçirilən COP29 beynəlxalq konfransının uğurla keçirilməsi və əldə olunan
nəticələrinin yüksək səviyyədə olması bunun ən bariz nümunələrindən biridir.
Prezident İlham Əliyev çıxışında Cənub Qaz Dəhlizi
Məşvərət Şurasının 11-ci dəfə Bakıda keçirilməsini Azərbaycanın bu sahədəki
liderliyinin və beynəlxalq etibarının göstəricisi kimi qiymətləndirdi. Cənub Qaz
Dəhlizi yalnız texniki və iqtisadi layihə deyil, həm də siyasi və geostrateji əhəmiyyətə
malikdir. Layihənin uğuru müxtəlif ölkələrin, o cümlədən Azərbaycan, Gürcüstan,
Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və digər Avropa dövlətlərinin səmərəli
əməkdaşlığından asılı olub. Prezident bu məqamda bir daha vurğuladı ki, enerji təhlükəsizliyi təkcə
enerji resurslarının mövcudluğu ilə deyil, həm də bu resursların etibarlı
yollarla, sabit tərəfdaşlıq prinsipləri əsasında çatdırılması ilə təmin olunur.
Cənub Qaz Dəhlizi bu mənada XXI əsrin ən uğurlu və strateji enerji layihələrindən
biri hesab olunur. Çıxış zamanı Prezident İlham Əliyev qeyd etdi ki, enerji
layihələrinin uğuru yalnız qarşılıqlı inam və koordinasiyalı əməkdaşlıqla
mümkündür. “Əməkdaşlıq
olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmazdı” – bu
fikirlə Prezident Azərbaycanın beynəlxalq tərəfdaşlığa verdiyi önəmi bir daha
vurğuladı. Azərbaycanın uzun illər ərzində
etibarlı tərəfdaş kimi çıxış etməsi faktı beynəlxalq aləmdə də etiraf olunur. Ölkəmiz
zamanında və şəffaf şərtlərlə enerji resurslarını təchiz etməklə, qlobal enerji
bazarının sabitliyinə töhfə verir. Bu, həm də ölkənin siyasi sabitliyi və
iqtisadi inkişafı ilə birbaşa bağlıdır.
Prezident çıxışında qeyd etdi ki, mövcud qaz boru kəməri
sisteminin genişləndirilməsi zəruridir və bu sahədə bütün tərəfdaş ölkələrlə
birgə səylər göstərilməlidir. Yeni enerji ehtiyatlarının istismara verilməsi gələcəkdə
Azərbaycanın ixrac imkanlarını artıracaq. Xüsusilə "Azəri-Çıraq-Günəşli"
yatağının Dərin Qaz Strukturu üzrə bu il başlanacaq hasilat bu baxımdan xüsusi əhəmiyyət
daşıyır. Bundan əlavə, Prezident vurğuladı ki, yaxın bir
neçə ildə yeni neft və qaz yataqlarının istismarı da gözlənilir ki, bu da Azərbaycanın
enerji sektorunun davamlı inkişafını və ixrac potensialının artırılmasını təmin
edəcək. Bu
layihələrin həyata keçirilməsi Azərbaycanın iqtisadi müstəqilliyini daha da
gücləndirəcək.
Çıxışında Prezident İlham Əliyev yaşıl enerji gündəminin
vacibliyini qəbul etməklə yanaşı, ənənəvi enerji resurslarının da hələ uzun
müddət enerji təhlükəsizliyinin ayrılmaz tərkib hissəsi olaraq qalacağını
bildirdi. O, haqlı olaraq Avropada geniş yayılmış yaşıl gündəmə baxmayaraq,
faydalı qazıntı hasilatçılarının və ənənəvi enerji ixracatçılarının
marginallaşdırılmaması çağırışı etdi. Azərbaycan bu baxımdan balanslı yanaşmanı dəstəkləyir: bir tərəfdən
yaşıl enerjiyə böyük sərmayələr qoyur, digər tərəfdən isə ənənəvi enerji
ehtiyatlarını da etibarlı şəkildə bazara çıxarır. Prezident əminliklə bildirdi
ki, hələ bir neçə il bu sahəyə tələbat davam edəcək və Azərbaycan bu tələbatı
qarşılamağa hazırdır. Prezident çıxışında xüsusi vurğuladı ki, Azərbaycan və
Avropa Komissiyası arasında energetika sahəsində imzalanmış strateji tərəfdaşlıq
memorandumu çərçivəsində son illər ərzində Azərbaycanın Avropaya qaz ixracı təxminən
60 faiz artıb. Bu rəqəm təkcə enerji sahəsində deyil, siyasi və iqtisadi
baxımdan da böyük əhəmiyyət kəsb edir. Azərbaycan bu sahədə təkcə təchizatçı
deyil, həm də regional enerji qovşağı rolunu oynayır. Prezident İlham
Əliyevin dediyi kimi, bu artım təkcə Azərbaycana deyil, Avropaya da enerji təhlükəsizliyi
baxımından böyük fayda gətirir.
Yaşıl Enerji Məşvərət Şurasının 3-cü iclasında Azərbaycandan
Avropaya uzanacaq "yaşıl kabel" layihəsinin müzakirə olunması, Azərbaycanın
bərpaolunan enerji sahəsində də ciddi planları və imkanları olduğunu göstərir.
Prezident İlham Əliyev bu məsələni çıxışında qeyd edərək, Azərbaycanın günəş,
külək və hidroenerji potensialını Avropa bazarına çatdırmaq əzmini ifadə etdi. Xəzər dənizində külək enerjisi üzrə iri həcmli
layihələrə start verilməsi, ölkənin cənubunda günəş enerjisi imkanlarının
araşdırılması və bu istiqamətdə xarici sərmayədarlarla əməkdaşlıq, Azərbaycanın
yaşıl enerji sahəsində regional liderə çevrilməsi yolunda atılmış mühüm
addımlardır. “Biz öz sərmayələrimizlə fəal şəkildə inkişaf edirik” - bu fikir
Prezident İlham Əliyevin çıxışında enerji sektorunda daxili potensiala, milli
imkanlara və strateji idarəetməyə inamın bariz nümunəsi idi. Azərbaycanın dövlət
neft və qaz şirkətləri, eləcə də özəl sektor bu sahəyə böyük və davamlı sərmayələr
yönəltməkdədir. Hazırda həyata keçirilən layihələr təkcə mövcud imkanların
reallaşdırılması deyil, həm də gələcək nəsillər üçün etibarlı enerji sisteminin
qurulması məqsədinə xidmət edir. Həmçinin bu investisiyalar ölkənin enerji
diplomatiyasını gücləndirir və regional nüfuzunu artırır.
Prezident İlham Əliyevin 2025-ci il aprelin 4-də Cənub
Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət
Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarının açılış mərasimində etdiyi
çıxış. Azərbaycanın enerji siyasətinin strateji konturlarını aydın şəkildə
ortaya qoydu. Bu
çıxışda həm klassik enerji resurslarının, həm də bərpaolunan mənbələrin tarazlı
inkişafı, beynəlxalq əməkdaşlığın əhəmiyyəti, vətənpərvərlik ruhunda sərmayə
siyasəti və regional təhlükəsizlik məsələləri əhatəli şəkildə təhlil olundu. Bu çıxış, eyni zamanda Azərbaycanın nəinki enerji tədarükçüsü, həm
də enerji sabitliyinin və əməkdaşlığının memarı olduğunu sübut etdi. Beləliklə,
Azərbaycan təkcə bugünün deyil, həm də sabahın enerji xəritəsini formalaşdıran
ölkə olaraq öz mövqeyini daha da möhkəmləndirir.
Zahid
Cəfərov
YAP
Yasamal rayonu “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının
sədri, BDU-nun Hüquq fakültəsinin professoru, h.e.d, Qərbi Azərbaycan İcmasının
İdarə Heyətinin üzvü, Hüquq Komissiyasının və Böyük Qarakilsə rayon icmasının sədri