Rus bölməsində zəif imtahan göstəriciləri - Səbəblər nədir?

13:00 - 30 Aprel 2025

Rus bölməsində zəif imtahan göstəriciləri - Səbəblər nədir?

Azərbaycanda rus bölməsi üzrə təhsil alan şagirdlərin göstəricilərinin zəif olması son illərdə cəmiyyət və təhsil ictimaiyyəti üçün narahatedici məsələlərdən birinə çevrilib. Xüsusilə builki buraxılış imtahanlarının nəticələri göstərir ki, rus bölməsində oxuyan şagirdlərin nəticələri digər bölmələrlə müqayisədə xeyli aşağıdır. Bu hal həm mütəxəssislər, həm də valideynlər arasında ciddi suallar doğurur: Niyə rus bölməsində nəticələr zəifdir? Problemin kökü haradadır?


Mövzu ilə bağlı Manset.az-a danışan "Hədəf" Şirkətlər Qrupunun Rus bölməsi üzrə icraçı direktor müavini Elmin Yaqubbəyli bildirib ki, bu problem illərdir davam edən və müxtəlif sosial-pedaqoji amillərlə izah olunan sabit tendensiyadır.

“Azərbaycanda rus bölməsi üzrə müəllim çatışmazlığı mövcuddur. Həm dövlət məktəblərində, həm də özəl lisey və hazırlıq kurslarında yaxşı rusdilli müəllim tapmaq olduqca çətindir. Xüsusilə də riyaziyyat, kimya, biologiya kimi fənn müəllimləri azdır. Mövcud kadrlar isə ya artıq pensiya yaşındadır, ya da gənc və təcrübəsizdir. Bundan başqa, uşağın evdə və cəmiyyət içində istifadə etdiyi dil ilə təhsil aldığı dil fərqlidirsə, dərsləri dərindən qavraması çətinləşir. Azərbaycanda rus bölməsində oxuyan bir çox şagird evdə rus dilində danışmadığı üçün akademik bacarıqlarını inkişaf etdirməkdə çətinlik çəkir. Bu isə nəticələrə birbaşa təsir edir".

Elmin Yaqubbəylinin sözlərinə görə, bəzi valideynlər rus sektorunu uşağın dil bacarığını və marağını nəzərə almadan, yalnız “prestij” amilinə görə seçirlər. Halbuki bu seçim uşaqların həm akademik, həm də emosional uğursuzluğa yol açır:

“Rus bölməsinin tədris proqramı bəzi fənlərdə Azərbaycan bölməsi ilə müqayisədə daha ağırdır. Uşaq həm dili öyrənməli, həm də mürəkkəb elmi anlayışları mənimsəməlidir. Əgər uşaq rus dilini "hiss etmirsə’" dərin anlayışı formalaşdırmaq çətin olur. Sadəcə mexaniki öyrənmə olur, dərindən qavrama olmur. Uşaq həqiqətən rus dilinə maraqlıdırsa, uşaq tərcüməsiz düşünə bilirsə, o zaman rus sektoru çox yaxşı seçimdir. Amma əgər uşaq: evdə rus dilində danışmırsa, rus dilində film, kitab, söhbət təcrübəsi yoxdursa, məcburən rus bölməsinə qoyulursa, onda bu, uşağın həm psixoloji, həm də akademik inkişafına zərər verir".


Seyranə Quliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv