"Beynəlxalq münasibətlərdə geosiyasət — yəni dövlətin yerləşdiyi coğrafi məkan və həmin məkanda yerləşən qonşu dövlətlərlə münasibətlərin keyfiyyət olduqca mühüm əhəmiyyət daşıyır. Nəticə etibarilə, coğrafi mövqe hər bir ölkənin xarici siyasətini müəyyən edən əsas amillərdən biri kimi çıxış edir. Bu mövqenin verdiyi reallıqları milli maraqlar prizmasında strateji üstünlüyə çevirmək bacarığı isə milli diplomatiyanın əsas vəzifələrindən biridir".
Bu sözləri Manset.az-a açıqlamasında deputat Hikmət Babaoğlu deyib.
O bildirib ki, bu baxımdan Azərbaycan yerləşdiyi coğrafiyada bütün qonşularla sağlam və səmərəli əlaqələr qurmağa çalışır:
"Təsadüfi deyil ki, tarix boyu müxtəlif mərhələlərdən keçmiş Rusiya-Azərbaycan münasibətləri bu gün məhz bu kontekstdə, "Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə"nin prinsiplərinə uyğun olaraq yüksək səviyyəyə çatdırılmışdır. Qardaş Türkiyə ilə münasibətlərimiz isə strateji müttəfiqlik xarakteri daşıyır. Gürcüstanla Azərbaycan arasında qurulmuş əlaqələr qarşılıqlı hörmətə və etimada əsaslanan strateji tərəfdaşlıq modelidir və bu münasibətlər bütün sahələri əhatə edir.
Bu kontekstdə İran-Azərbaycan münasibətlərinin də möhkəmləndirilməsi Azərbaycan Respublikasının xarici siyasətində önəmli istiqamətlərdən biri hesab olunur. Bu səbəbdən İran Prezidentinin Azərbaycana səfəri böyük siyasi və diplomatik əhəmiyyət kəsb edirdi. Əlbəttə, İran-Azərbaycan münasibətləri özünəməxsus spesifikaya malikdir. Görüş zamanı hər iki ölkənin prezidentlərinin vurğuladığı kimi, bu münasibətlər ortaq tarixə, ortaq mədəniyyətə və dil birliyinə söykənməklə yanaşı, bu gün də qohumluq telləri ilə birləşən əlaqələrdir.
Məhz bu səbəbdən İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan Prezidentinə "əziz qardaşım" deyə müraciət etməsi, eləcə də Azərbaycan Prezidentinin eyni formada cavab verməsi, sadəcə nəzakətli ifadələr deyil, mövcud reallığın təcəssümüdür".
Deputat qeyd edib ki, hazırkı mərhələdə əsas məqsəd Azərbaycan-İran münasibətlərini daha da inkişaf etdirərək, bu mənəvi bağlılığı konkret siyasi məzmuna çevirməkdir:
"Hələ Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycan-İran münasibətlərinin təməlləri qoyularkən bu münasibətlər məhz belə bir fəlsəfəyə əsaslanmışdır. Bu fəlsəfə bu gün də Azərbaycanın xarici siyasət kursunda davam etdirilir".
Seyranə Quliyeva