"İran prezidentinin Azərbaycana səfəri böyük bir hadisədir və bu, iki ölkə arasında münasibətlərin inkişafına ciddi təkan verəcək. Əldə olunan razılaşmalar və imzalanan sənədlər bunu deməyə əsas verir. Təbii ki, indiyə qədər İranla Azərbaycan arasında müəyyən problemlər mövcud idi. Bu problemlər əsasən İran daxilindəki mühafizəkar dairələrin qeyri-adekvat siyasətinin nəticəsi kimi ortaya çıxırdı. Həmin siyasət həm də İranın özünə ziyan vurur, xüsusilə də ölkənin geosiyasi dayaqlarına təsir edirdi".
Bunu Manset.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.
O bildirib ki, Pezeşkian mütərəqqi ideyalarla çıxış edir və məqsədi İranın beynəlxalq əlaqələrini, eyni zamanda region dövlətləri, o cümlədən Azərbaycanla münasibətlərini gücləndirməkdir:
"Azərbaycanla əlaqələrin inkişafı hər iki ölkə üçün mühüm əhəmiyyət daşıyır – həm iqtisadi, həm də siyasi baxımdan.
Pezeşkian bu reallığı yaxşı anlayır və bu istiqamətdə mühüm addımlar atmaqda qərarlıdır. Ona görə də Azərbaycan Prezidentinin Pezeşkianı Azərbaycana dəvət etməsi və görüşün baş tutması tarixi hadisə kimi qiymətləndirilməlidir. İran və Azərbaycan arasında tarixi, mədəni, dini və milli bağlılıqlar var. Bu da göstərir ki, sağlam siyasət yürüdüləcəyi təqdirdə, iki ölkə arasındakı münasibətlər ən yüksək səviyyəyə çata bilər. Pezeşkianla İlham Əliyev arasında formalaşan münasibətlər bunu bir daha sübut etdi.
Əlbəttə, hələ də müəyyən fikir ayrılıqları mövcuddur. Xüsusilə də Zəngəzur dəhlizi ilə bağlı İranın narahatlıqları var. Halbuki, Azərbaycan dəfələrlə bəyan edib ki, Zəngəzur dəhlizinin açılması İran üçün heç bir mənfi nəticə doğurmayacaq. Buna baxmayaraq, Azərbaycan İran üzərindən keçən marşrutlarla yanaşı, Zəngəzur dəhlizini də prioritet kimi irəli sürür".
O qeyd edib ki, İran indiyə qədər yürütmüş olduğu siyasətlə Zəngəzur dəhlizinin açılmasını öz maraqlarına zidd hesab edib və bu istiqamətdə Rusiya ilə danışıqlar aparıb:
"Bu da onu göstərir ki, bu vaxta qədər dəhlizin qarşısında duran əsas maneələrdən biri İran olub. Lakin hesab edirəm ki, bundan sonrakı mərhələdə Azərbaycanla İran arasında aparılan müzakirələr, qarşılıqlı səfərlər və islahatlar İranın bu məsələdə mövqeyini dəyişə bilər.
Təbii ki, bu, o demək deyil ki, İran yaxın perspektivdə bu mövqeyindən tamamilə geri çəkiləcək. Ancaq beynəlxalq vəziyyət elə formalaşıb ki, Azərbaycanın mövqeləri həm dünyada, həm də regionda kifayət qədər güclüdür. Azərbaycan diplomatik üstünlüklərə malikdir və qlobal güclərlə sıx əməkdaşlıq qurmağı bacarır. Geosiyasi baxımdan ən önəmli ölkələrdən biri hesab olunur. Azərbaycan dünyada yeganə ölkələrdəndir ki, qlobal böhranı öz xeyrinə çevirərək bir nömrəli problemini – Qarabağ məsələsini – həll edə bilib. Halbuki, bir çox ölkələr qlobal böhranın fəlakətlərini nəinki dəf edə bilməyib, əksinə, bu fəlakətləri öz daxili siyasətlərinin mərkəzinə çeviriblər.
Bütün bunlar onu göstərir ki, Azərbaycanın artan beynəlxalq nüfuzu ölkənin təsir imkanlarını da genişləndirir. Bu da o deməkdir ki, Zəngəzur dəhlizi mütləq açılacaq.
Təbii ki, bu prosesə qarşı çıxan qüvvələr də var. Məsələn, Avropa İttifaqı bu məsələyə Qərbin layihəsi olan “Sülh kəsişməsi” çərçivəsində yanaşmağa çalışır və dəhlizin açılmasına mane olmağa cəhd edir. Lakin qlobal proseslər göstərir ki, Zəngəzur dəhlizinin açılması qarşısıalınmaz bir reallıqdır. Gec-tez Azərbaycan bu layihəni reallaşdırmağa nail olacaq".
Hüseyn Əliyev